Yoluxma sayı artır – MƏKTƏBLƏR BAĞLANACAQ?
Son bir neçə gündə ölkəmizdə yoluxma sayında sürətli artım müşahidə olunur. Əvvəl böyüklər yoluxurdularsa, bu gün uşaqlar arasında da adı bilinməyən xəstəliklər yayılmaqdadır. Hətta bəzi təhsil ocaqlarında koronavirusa yoluxma halı baş verdiyi üçün 2 həftəlik distant təhsilə keçid edirlər. Bəs bu gün yoluxma sayı sürətlə artdığı üçün təhsil müəssisələrində qapanma gözlənilirmi?
Məsələ ilə bağlı Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O bildirib ki, yalnız müəyyən məhdudiyyətlər ola bilər, bu da bütün hallarda şagirdlərin vəziyyətini pisləşdirəcək.
Onun sözlərinə görə, orta təhsil məktəblərində yenidən qapanmalara gedilməsi inandırıcı deyil:
“Bilirsiniz, əslində son günlərin rəqəmlərinə baxanda sürətlə artımın olduğunu görürük. Digər tərəfdən, Dövlət İmtahan Mərkəzi də mövcud imtahanların vaxtını kifayət qədər qabağa çəkib. Amma biz qərar qəbul edən zaman hazırkı vəziyyətlə konkret bir fakt üzərində dayanmamalı, ümumi dünyadakı tendensiyanı izləməliyik.
Misal üçün bu gündən ehtibarən İngiltərə artıq bütün karantin qaydalarını ləğv edib və ümumiyyətlə pandemiyadan imtina edib. Amma Rusiya, əksinə, daha sərt qaydalara keçib.
Nəzərə alaq ki, qışdan yaz fəslinə keçid edən zaman immunitet zəifləməyə başlayır. Bu zaman xəstəlik sayı arta bilər. Biz istənilən bir xəstəliyə görə narahatıq.
Bu gün də uşaqlar və böyüklər arasında mənbəyi bilinməyən müxtəlif xəstəliklər var. Biz bunu müşahidələrimizdən və təhlillərdən görürük. Amma bu o demək deyil ki, qapanmalara gediləcək.
Məsələn, Təhsil Nazirliyi pandemiya dövründə dərsləri 2 həftə gec başladı və əvəzində tələbə köcürmələri dayandırıldı. Bu isə 1700 nəfərdən çox tələbə köçürmələrinin, ixtisasın, universitetin və təhsil formasının dəyişməsini məhdudlaşdırır.
Digər tərəfdən, artıq fevral ayıdır və tədrisin başa çatmağına çox vaxt qalmayıb. Yoluxmaların artacağı təqdirdə qapanmalara gedilə bilər. Bu, təhsil müəssisələrində də tətbiq edilə bilər.
Amma karantin müddətinin azaldılması onu göstərir ki, karantin rejiminin sərtləşdirilməsinə gedilməyəcək”.

