Cəmiyyət 

Ürəklərdə yaşayan general…

Dünən cənub  mirvarisi  Lənkəranda görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anım  günü böyük ehtiramla qeyd olundu.

Qəhrəman  Azərbaycan oğlunun ev-muzeyində keçirilən tədbirə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Vətən müharibəsi iştirakçıları , əsgərlər, kursantlar və zabitlər, mədəniyyət və təhsil işçiləri, məktəblilər, ictimaiyyətin təmsilçiləri qatılmışdı.   Öncə generalın  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu . Tədbiri açan Muzeyin direktoru Cəmilə Şərifova  qəhrəmanın şərəfli və mənalı həyat yolundan, döyüş zamanı  faşistlərə qarşı göstərdiyi şücaətindən böyük  qürurla  danışdı.  Və çıxışını “Muzeyin qapıları ziyarətçilərin üzünə hər gün açıqdır. Lənkərana gələn qonaqlar mütləq bu muzeyi ziyarət edirlər, bura gələn hər bir kəs Həzi Aslanovun şücaətindən, həyat yolundan örnək götürürlər”- fikri  ilə tamamladı.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova  isə öz çıxışını belə başladı:-   Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsində yeni parlaq səhifələr yazıb. Ulu  Öndər Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədi yaşaması  üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mərasimdə Lənkəran Regional Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Həzi Aslanov qəhrəmanlıq məktəbinin davamçıları və digər iştirakçılar mövzu ilə bağlı əraflı danışıb, İgid Həzinin əbədi Azərbaycan xalqının qəlbində yuva qurduğunu söylədilər.   Şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda səslənən şerlər  də tədbirə özgə bir ovqat  qatdı .

Sonda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Muzeyin direktoru Cəmilə Şərifova başda olmaqla bir neçə fəal mədəniyyət işçilərinə fəxri fərmanlar təqdim  edildi, xatirə şəkilləri çəkdirildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

 

 

Daha çox xəbərlər