Əsas səhifə 

Ölkəmizdə xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

Dövlət başçısı İlham Əliyev bildirir ki, xarici investorlar sözümüzün imzamız qədər qiymətli və dəyərli olduğunu yaxşı bilirlər

“Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir.» Dövlət başçısı İlham Əliyev bu günlərdə Gülüstan sarayında  “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının   təməlqoyma mərasimindəki nitqində onu da qeyd etmişdir ki, ölkəmizdə  xarici investisiyaların qorunması  ən yüksək səviyyədədir. Xarici investorlar  sözümüzün imzamız qədər qiymətli və dəyərli olduğunu yaxşı bilirlər: “Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» artıq uzun illərdir ki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir.”

Bu kimi məqamlara diqqət yönəltməyimiz səbəbsiz deyil. Azərbaycanın  iqtisadiyyatın inkişafında  enerji sektoruna xüsusi önəm verməsi bugünümüzə və gələcəyə hesablanmış addımlar sırasındandır. Son 18 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm  tədbirlərin görülməsi öz nəticələrini Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasında göstərir. Buna əmin olmaq üçün istər 2008-ci ildə dünyanı bürüyən maliyyə və iqtisadi böhran dövrünə, istərsə də son iki ildən artıqdır ki,  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparılmasına diqqət yetirmək kifayətdir.  Neft-qaz gəlirlərinin istifadəsində şəffaflığın təminatı, həmçinin iqtisadiyyatın elmi əsaslara söykənərək düzgün qurulması Azərbaycanda iqtisadi inkişafın dayanıqlılığının qorunmasında, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Digər tərəfdən, nəzərə alsaq ki, 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük həcmli büdcəsidir, bu halda  cari ildə gerçəkləşdiriləcək sosial-iqtisadi layihələri  proqnozlaşdırmaq o qədər də çətin deyil. Ən əsası 2022-ci ilin «Şuşa İli» elan edilməsi mədəniyyət paytaxtımızda  bir ildən artıqdır geniş miqyas alan bərpa və quruculuq işləri barədə aydın təsəvvür yaratmağa imkan verir.

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra  yaranan yeni reallıqlar fonunda   sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olacağını önə çəkərək  bu əminliyi  ifadə edir ki, yaşadığımız  quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində  dayanıqlı inkişafa töhfələr veriləcək. Əvvəldə də qeyd etdiyimiz kimi,  2003-cü ildən bu günə qədər  ölkəmizdə  enerji  sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar,  iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də   təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir.  Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan  addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində də əsas amillərdən biri infrastrukturun beynəlxalq standartlara uyğun yenilənməsidir. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”

Ölkə Prezidenti  uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki,  1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.  Gələcəkdə daha da böyük işlər görüləcək. Artıq müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini bildirərək  gerçəkləşdirdiyi  enerji layihələri ilə regionda inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.  Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Tarixi Zəfərimizdən sonrakı dövr isə müəyyənləşdirilən Milli Prioritetlərin icrası dövrüdür. Burada əsas prioritet Böyük Qayıdışın reallığa çevrilməsidir. Həmin sənəddə işğaldan azad edilmiş rayonlarımızın malik olduğu potensiala uyğun olaraq görüləcək işlər öz əksini tapıb.

Onu da qeyd edək ki, uğurlarımız qarşıya qoyulan hədəflər  və onların icrası üçün düzgün mexanizmin müəyyənləşdirilməsi ilə  mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

Artıq Azərbaycan 2020-ci ilin 10 noyabrından  həyatının yeni mərhələsini yaşayır. Azəpbaycanın hərbi-siyasi qələbəsinin dünyaya təqdimatı olan  Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri artıq Böyük Qayıdışın başlanması kimi dəyərləndirildi. Ötən il istər Milli Prioritetlərin təsdiqlənməsi, istər iqtisadi rayonların yeni bölgüsünün aparılması ilə bağlı Fərmanın, istərsə də işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin daha da sürətləndirilməsi ilə bağlı Sərəncamın imzalanması 30 il torpaq həsrətini yaşayan soydaşlarımızda tezliklə öz doğma yurd-yuvalarına qovuşacaqlarının yaxında olduğuna əminlik yaratdı. İqtisadi rayonların yeni  bölgüsünə əsasən 14 iqtisadi rayon yaradılıb.   İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdıra bilərik. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır.  Füzuli, Cəbrayıl və Zəngilan  rayonları  işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında  ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfə veriləcək. Onu da qeyd edək ki,  Azərbaycanda meşə zolağının 25 faizi işğaldan azad  edilmiş  torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi,  kənd təsərrüfatı və  sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun    yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnətməkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev bildirir ki,  azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji  zonası elan etmişəm. Azad olunmuş  ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və  2000 meqavat külək enerjisi təşkil edir. Həmin toplantıda bu rəqəm də açıqlanmışdır ki, görülmüş bərpa və quruculuq  işlərinin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Ötən il  bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır.

Əvvəldə də qeyd etdiyimiz kimi, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.  Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır.

Hədəflərimiz iqtisadi rayonların yeni bölgüsü əsasında onların malik olduğu potensialdan səmərəli istifadəyə əsaslanır. 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərdən öncə «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası icra edildi. Bu konsepsiyanın hədəfləri isə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Hər bir sahədə təkmil təcrübəsi ilə nümunə olan ölkəmizin inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Artıq ölkəmiz daha yeni hədəflərə yeni iqtisadi və sosial inkişaf modeli ilə qədəm qoyub. Ölkəmizdə mövcud iqtisadi mühit beynəlxalq təşkilatlar, şirkətlər üçün cəlbedicidir. Qeyd edək ki, yanvarın 27-də Avropa İttifaqının maliyyələşdirdiyi, Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “AgriVision” layihəsi çərçivəsində Aqrar-turizm İnvestisiya Forumu keçiriləcək.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin məlumatında qeyd edilir ki,  forumun əsas məqsədi Lənkəran-Astara iqtisadi rayonundan olan fermerlər və xidmət təminatçıları üçün turizm istiqamətlərinin inkişaf strategiyalarını, biznes planlarını potensial dövlət və özəl investorlara təqdim etmək üçün platforma rolunu oynamaqdır. Qeyd olunub ki,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumlarının, kənd yerlərinin inkişafı, kənd təsərrüfatı və turizm sahələrində çalışan beynəlxalq donor təşkilatlarının (UNDP, FAO və USAID) nümayəndələri forumda iştirak edəcəklər. Eyni zamanda, kiçik və orta fermer təsərrüfatlarının, müəssisələrlə işləyən maliyyə institutlarının, həmçinin kənd turizm imkanlarını maliyyələşdirməkdə maraqlı olan dövlət və özəl şirkətlərin, fərdi sahibkarların tədbirdə iştirakı nəzərdə tutulub.

Göründüyü kimi, ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur, iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaranır.

Daha çox xəbərlər