Bakıda susdular, İrəvanda isə “Minsk Qrupu” dedilər – ziddiyyət
İzabel Dümonun və Toivo Klaarın səfərinə sözardı…
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) sədrlik edən Fransanın nümayəndəsi İzabel Dümonu, eləcə də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət, Azərbaycan-Ermənistan dövlət sərhədində sabitliyin təmin olunması və gərginliyin azaldılması məsələləri müzakirə olunub. Tərəflər ATƏT-in Minsk Qrupunun yenidən Qarabağ nizamlanması üzrə sülh prosesinə cəlb olunmasının, həmçinin həmsədrlərin fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyini qeyd ediblər. Ermənistanın Minsk Qrupunun fəallaşdırılması ilə bağlı canfəşanlığı bəllidir. Ancaq qəribə olanı odur ki, Avropa İttifaqının rəsmiləri Bakıda başqa, İrəvanda isə tamam fərqli mövqedən çıxış edirlər. Məsələ ondadır ki, İzabel Dümon və Toivo Klaar İrəvandan əvvəl Bakıda olublar, amma onlar Minsk Qrupunun vasitəçiliyi ilə bağlı təşəbbüslə çıxış etməyiblər. Bakıda sərgilədikləri mövqe ilə İrəvanda ortaya qoyduqları mövqe arasında fərq var.
Xatırladaq ki, yanvarın 20-də Bakıda olan Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etmişdi. Həmin görüşlə bağlı yayılmış rəsmi məlumatda isə hər hansı “Minsk Qrupu”ndan söhbət getməmişdi. Göründüyü kimi, rəsmi Bakını narazı sala biləcək hər hansı element mövcud deyil. Düzdür, Fransada son vaxtlar vüsət almış anti-Azərbaycan mövqeyi arxayınlığa da əsas vermir. Bu mənada Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsindən sonra ölkəmizə qarşı basqıların təkcə rəsmi Paris səviyyəsində deyil, Aİ tərəfindən də həyata keçirilə biləcəyi ehtimalını ortaya çıxarır. Bir sıra hallarda Aİ-nin Ermənistana can yandırmasını da müşahidə etmişdik. Bu qurumun Azərbaycan torpaqlarını on illərlə işğalda saxlamış ölkəyə 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutması hətta dövlət başçımız tərəfindən də sərt etiraza səbəb olub. Bu mənada qurumda Ermənistanın “böyük bacısı”nın rəhbər status qazanması əlavə problemlər yarada bilər. “Pensiyaya çıxmış” Minsk Qrupunu yenidən dövriyyəyə soxmaq cəhdlərinin ardınca N.Paşinyanın yenə də separatçı Araik Arutyunyanı İrəvanda qəbul etməsi, Qarabağdakı qanunsuz quruma maliyyə vəsaiti ayıracağını bildirməsi, həmçinin status nağıllarını dilə gətirməsi ondan xəbər verir ki, Aİ təmsilçilərinin şirnikləndirici cəhdləri dayandırılmayınca, bölgədə sakitlik yaranmayacaq.
Bakıda Minsk Qrupunun tənzimləmə prosesində iştirakı barədə heç nə demədikləri halda, bunu İrəvanda səsləndirmələri və dəstəkləmələri nə deməkdir? Ümumiyyətlə, nədir bu ziddiyyət? Əslində diplomatik skandala səbəb ola biləcək bu mövqeyə Aİ tərəfindən aydınlıq gətirilməlidir, eyni zamanda Azərbaycan XİN-in də məsələni araşdıracağına şübhə etmirik.

Qafar Çaxmaqlı
Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan bütün siyasətini, diplomatiyasını və xaricdəki təbliğat vasitələrini Minsk Qrupunun dirçəldilməsi üzərində qurub: “Bu ölkədə ümid edirlər ki, Qarabağın işğaldan azad olunmamış hissəsində yaşayan ermənilər üçün xüsusi idarəetmə forması, status almağa nail olacaqlar. Ermənistan razılaşmalarla öhdəsinə götürdüyü məsələləri də bu səbəbdən uzadır. Rəsmi İrəvan sərhədlərin müəyyənləşməsinin də beynəlxalq təşkilatların cəlb edilməsi ilə aparılmasına çalışır”. C.Məmmədovun fikrincə, Avropadan hansı səviyyədə nümayəndə və ya bir yetkili gəlirsə-gəlsin, onlar status məsələsini ortaya atacaqlar: “Onlar ümid edirlər ki, Bakının rəsmi mövqeyini dəyişdirməyə nail olacaqlar. Avropa İttifaqının Bakıda və İrəvandakı təmaslarında bundan söhbət getməsə də, dolayısı ilə onlar Minsk Qrupunun yenidən prosesə cəlb olunmasına meylli olduqlarını nümayiş etdirirlər. Bu, əslində Azərbaycana mesajdır. Məncə, XİN səviyyəsində bu nümayəndələrə təpki göstərilməlidir. Onlar bizim mövqeyimizi bilirlər, İrəvanda fərqli bəyanat vermələri Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir. Qarabağda problem varsa, bu, bizim daxili işimizdir və artıq heç bir vasitəçiyə ehtiyac yoxdur. Biz hər hansı beynəlxalq təşkilatlarla, o cümlədən Minsk Qrupu ilə danışıqlar və təmas olduğu halda belə bu mövqedən bir addım geri çəkilməməliyik”.

İlham İsmayıl
Təhlükəsizlik eksperti İlham İsmayıl isə qəzetimizə bildirdi ki, 44 günlük müharibədən sonra ATƏT-in Minsk Qrupu münaqişənin həlli üçün hər hansı bir ssenari yazmaq imkanlarından məhrum olunub: “Çünki köhnə status-kvo köklü şəkildə dəyişib, yenisi formalaşmaq prosesindədir və bu prosesdə təşəbbüs Rusiyanın əlindədir. ABŞ əvvəldən soyuq münasibət göstərib, Fransanın ”canfəşanlığı” birtərəfli istiqamətdə formalaşdığından qəbul olunmur və real situasiyaya, həm də bütövlükdə Cənubi Qafqaza təsir imkanları Rusiyanın əlində cəmləşib, çünki bu, onun maraqlarına uyğundur. Yeni təsir qüvvəsi Türkiyə də özünü real olaraq göstərdiyindən Rusiya tam olmasa da, onun maraqlarını da nəzərə almaq məcburiyyətindədir. Avropadan və Fransadan gələn nümayəndə heyətinə Azərbaycanın mövqeyi bəlli olduğundan Bakıda Minsk Qrupu müzakirə predmeti olmur və ATƏT rəsmi Bakının sərt mövqeyi ilə hesablaşır”. İ.İsmayıl bu qənaətdədir ki, İrəvan görüşlərində Minsk Qrupunun yada salınması növbətçi xarakter daşıyır və bu, həm Avropadan gələnlərə, həm də Paşinyana məlumdur: “Sadəcə, nə zamansa bu qurumun aktiv fazaya keçməsi şansını da itirməmək üçün görüşlərdə xatırlatmaqla kifayətlənirlər. Minsk Qrupu Ermənistana vaxt qazanmaq üçün və Bakıya mümkün təzyiqlər üçün lazımdır. Ermənistan rəhbərliyi bölgədə onların maraqlarına uyğun beynəlxalq şəraitin yaranacağı ümidi ilə vaxt uzadırlar, çünki 30 illik praktikada vasitəçilərin nəticəyə nail ola bilməməsi yaxşı məlumdur. Minsk Qrupu daha çox humanitar məsələlərlə məşğul olmağa yönləndirilir. Azərbaycan münaqişənin akkordlarını vurmaq üçün 10 noyabr bəyanatından irəli gələn müddəaların yerinə yetirilməsi istiqamətində diplomatik fəaliyyətini artırmalı və real nəticələrə hesablanan addımlar atmalıdır”.

