Gündəm 

Ermənilər sərhəddən geri çəkilməyimizi istəyir – Şoyqunun imzası olan həmin sənəd…

Ekspert: “Bu, sərhədlərin müəyyənləşməsini ləngitmək istəyən ermənilərin yeni oyunlarından başqa bir şey deyil”

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün mexanizm hələ formalaşdırılmayıb. Ötən həftə Lavrov mətbuat konfransında bildirmişdi ki, Ermənistan onlara təkliflər paketi yollayıb və onlar da bu təklifləri Bakıya göndəriblər. Hazırda isə istər İrəvan, istərsə də Moskva Bakının bu təkliflərə verəcəyi cavabı gözləyirlər.

Lavrovdan bir neçə gün sonra isə Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Ermənistan tərəfinin Rusiya vasitəsilə Bakıya yolladıqları təkliflər paketinin bəzi detallarına açıqlıq gətirib. Qriqoryan bildirib ki, onlar öz təkliflərinə Bakıdan yazılı cavab gözləyirlər. Ermənilərin təklif paketində qoşunların qarşılıqlı geri çəkilməsi nəzərdə tutulur. Lakin bu geri çəkilmə sərhəddə erməni əhalinin yaşadığı ərazilərə aid olunmur. Yəni Qriqoryanın sözlərindən belə çıxır ki, Lavrovun da bəhs etdiyi təkliflər paketində faktiki olaraq erməni tərəfi birtərəfli olaraq Azərbaycan Ordusunun geri çəkilməsini təklif edir.

Григорян, Армен Валерьевич — Википедия

 Armen Qriqoryan 

Yada salaq ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib. Nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. Erməni hərbi birləşmələrinin geri çəkilməsinə dair sənədi Ermənistanın sabiq müdafiə naziri, indiki Rusiyadakı səfir Vaqarşak Arutunyan və Rusiyanın müdafiə naziri Serqey Şoyqu imzalayıb. Ermənilər hələ o zamandan bunu həzm edə bilmirlər, indi isə fürsət bilib bu cür təklif göndəriblər. Belə “təklif paketləri” ilə Azərbaycan-Ermənistan sərhədində delimitasiyanınn başlanması mümkündürmü və belə qeyri-konstruktiv təkliflər əslində nəyə xidmət edir?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, sərhədlərin delimitasiyası ilə bağlı ötən ilin sonunda komissiya yaratmaq öhdəliyi götürən Ermənistan tərəfi  yenidən prosesi pozmaq yolunu tutub və növbəti dəfə ön şərt irəli sürüb: “Əslində bu, sərhədlərin müəyyənləşməsini ləngitmək istəyən ermənilərin yeni oyunlarından başqa bir şey deyil. Məlumdur ki, hələ ötən ilin mayında Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya yaratmaq təklifi ilə çıxış etmişdi. Azərbaycan təkliflə dərhal razılaşdı. Ermənistan da razılığını bildirdi, ancaq dalbadal şərtlər irəli sürməyə başladı. Əvvəlcə delimitasiya və demarkasiya işlərinin aparılması üçün diplomatik münasibətlərin qurulması, yalnız bundan sonra sərhədləri müəyyənləşdirməyin mümkün olduğu iddiası ortaya atıldı. Sonra tələb olundu ki, Azərbaycan Ordusu əvvəlki mövqelərinə çəkilməli, yalnız bundan sonra danışıqlara başlanılmalıdır. Daha sonra hərbi qüvvələrin sinxron şəkildə çəkilməsi və araya beynəlxalq müşahidəçilərin yerləşdirilməsindən sonra komissiyanın yaradılmasının mümkünlüyü iddia olundu. Bu cür tələbləri, şərtləri irəli sürməkdə davam edən Ermənistan rəhbərliyi noyabrın 26-da Soçidə geri çəkilərək qeyd-şərtsiz üçtərəfli bəyanata qol çəkmək və komissiyanın yaradılmasına razılıq vermək məcburiyyətində qaldı. Həmin bəyanatda dövlət sərhədinin delimitasiyası, sonradan sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdikləri nəzərdə tutulmuşdu”.

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov

A.Səmədovun sözlərinə görə, indi ermənilər bu bəndi əsas götürərək tələb edirlər ki, “sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması” üçün hərbi qüvvələr sinxron şəkildə geri çəkilsinlər və yalnız bundan sonra komissiya yaradılsın: “Əslinə qalsa, bu, yeni tələb deyil. Bundan əvvəl, ötən ilin mayında bu cür ”təklif” irəli sürülmüşdü. Onda da, indi də məqsəd sərhədlərin delimitasiyası prosesini ləngitmək idi. Çünki delimitasiya barədə müqavilənin imzalanması zamanı tərəflər bir-birinin ərazi bütövlüyünü qəbul etdiklərini bəyan etməlidirlər. Ermənistan hələ buna hazır olmadığına görə bəhanələr uydurmağa, əlavə şərtlər irəli sürməyə davam edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən həftə ATƏT-in Baş katibi ilə görüşdə birmənalı şəkildə ön şərtlər irəli sürməyin yolverilməz olduğunu bəyan etdi. Eyni mövqeyi ilin yekunlarına həsr olunmuş mətbuat konfransında, bir qədər örtülü şəkildə Sergey Lavrov da sərgilədi. Ancaq görünür, ermənilərə örtülü şəkildə yox, açıq şəkildə təzyiq göstərilməsə, bu məsələni “ölü nöqtədən” tərpətmək mümkün olmayacaq.

Rusiya ermənilərə təzyiq yolunu tutmasa və proses uzanmağa davam etsə, Azərbaycan nə etməlidir? Məncə, burada aktiv şəkildə “hücum diplomatiyası” xətti tutulmalı və ermənilərin bəhanələrini əllərindən almaq üçün mümkün addımlar atılmalıdır. Gözləmək, ermənilərin nə vaxtsa konstruktiv mövqe tutacaqlarına ümid etmək vaxt itkisinə səbəb ola bilər. Bu isə Azərbaycanın maraqlarına qətiyyən cavab vermir”.

Daha çox xəbərlər