Gündəm 

Beynəlxalq hesabatda Azərbaycanın sabit qalan yeri – 128-ci sıranın sirri

Əliməmməd Nuriyev: “Xeyli sahə var ki, korrupsiyaya qarşı mübarizədə yeni alətlərin tətbiqi zəruridir…”

“Transparency İnternational” Beynəlxalq Şəffaflıq Təşkilatı bu günlərdə 2021-ci il üçün illik məruzəsini dərc edib. Məruzədə 180 ölkədə əhali tərəfindən dövlət sektorunda korrupsiyanın dərk edilməsi səviyyəsi təqdim edilib. Azərbaycan açıqlanan indeksdə digər yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb (30 bal). Son illərdə Azərbaycanın yeri yalnız 2018-ci ildə fərqli olub: həmin il korrupsiya səviyyəsi 25 balla qiymətləndirilib.

Qeyd edək ki, indeksdə postsovet ölkələrinə Türkmənistan liderlik edir – 169-cu yer (13 bal). 150-ci yerdə Tacikistan var (25 bal). 144-cü yeri Qırğızıstan (27 bal), 140-cı yeri Özbəkistan (28 bal) tutur. Ukrayna 122-ci (32 bal), Moldova 105-ci (36 bal), Qazaxıstan 102-ci (37 bal) yerdədir. Belarus 82-ci (41 bal), Ermənistan 58-ci (49 bal), Gürcüstan 45-ci (55 bal), Latviya 36-cı (59 bal), Litva 34-cü (61 bal), Estoniya 13-cü (74 bal) yerdə bərqərar olub.

Beləliklə, Gürcüstan və Baltika ölkələri 50 ballıq həddi keçiblər.

“Transparency İnternational” ekspertləri 2021-ci ildə korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkələrin Danimarka, Yeni Zelandiya və Finlandiya olduğu qənaətinə gəlib. Onlardan hər biri 88 bal yığıb. Onların ardınca Sinqapur, İsveç və Norveç gəlir (85). Daha sonra İsveçrə (84), Niderland (82) və Lüksemburq (81) gəlir. Onun ardınca 80 balla 9-cu yerdən 10-cu yerə keçən Almaniya gəlir. Siyahının ən sonunda isə Cənubi Sudan (11 balla 180-ci yer), hər biri 13 balla 179-cu yerdə Somali və 178-ci yerdə Suriya yerləşib.

Xatırladaq ki, Korrupsiyanı Qavrama İndeksi (Corruption Perception Index) 1995-ci ildən etibarən hər il ekspertlər və işgüzar dairələr arasında aparılan sorğuların nəticələri əsasında tərtib edilir. Sorğular müstəqil təşkilatlar tərəfindən aparılır. Bu məlumat əsasında dünya ölkələri 0 baldan 100 bala qədər cədvəl üzrə sıralanır. 0 korrupsiyanın ən yüksək səviyyədə olduğunu, 100 isə ən az olduğunu göstərir. TI-nin məruzəsinə görə, tədqiq edilən ölkələrin üçdə ikisi “ölkənin tamamilə təmiz olduğunu” göstərən 50 ballıq minimal balı yığa bilməyib və onların korrupsiya sahəsində ciddi problemləri var.

Corruption Perceptions Index (CPI) 2021 ~ CURRENT AFFAIRS (CA) DAILY UPDATES

Qeyd edək ki, son illərdə Azərbaycanda korrupsiya ittihamı ilə xeyli sayda yüksək vəzifəli məmur həbs olunub. Baş Prokurorluğun hesabatına əsasən 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayətləri üzrə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub: “Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edib, keçirilən əməliyyat tədbirləri nəticəsində 73 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 118 cinayət işi başlanıb”.

Ötən il ərzində hərbi prokurorluq orqanları tərəfindən 1846 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 530-u korrupsiya cinayətləri ilə bağlı olub. Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 110 şəxs barəsində 85 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.

Prokurorluq bəyan edir ki, 2021-ci ildə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi vasitəsilə korrupsiya hüquqpozmaları barədə Baş idarəyə daxil olmuş müraciətlərin 67-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

“Transparency İnternational”ın korrupsiya hesablamaları nə qədər obyektivdir? Azərbaycan üzrə nəticələri real hesab etmək olarmı? Bu hesabatda ölkənin mövqeyini yaxşılaşması üçün hansı addımlar atılmalıdır?

Əliməmməd Nuriyev: “Yeni şəxslərin məsuliyyətə cəlb olunması gözləniləndir”  - 10.04.2021, Sputnik Azərbaycan

Əliməmməd Nuriyev

Qurumun Azərbaycan nümayəndəliyi olan Şəffaflıq Azərbaycan İctimai Birliyinin rəhbəri Əliməmməd Nuriyevin “Yeni Müsavat”a dediyinə görə, “Transparency İnternational” indeksi hesablayarkən 7 müxtəlif təşkilatın məlumatlarına, sorğularına istinad edir: “Bunlar nüfuzlu beynəlxalq təşkilatların ölkələrdə apardıqları sorğuların nəticələridir. Ötən ilki qiymətləndirmədə 100 bal toplayan ölkə olmayıb – ən yüksək bal 88-dir. İndeks əsasən 13 istiqamətdə hazırlanan hesabatlar əsasında tərtib olunur. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən siyasi, iqtisadi və sosial xarakterli qərarlarının təhlili yolu ilə hazırlanır. Azərbaycana gəlincə, ölkəmizin bu indeksdə yeri son illərdə sabitləşib. Ölkə üzrə qiymətləndirmə aparılan 7 mənbədən 5-i üzrə mövqe dəyişməyib. Dünya İqtisadi Forumu 2020-ci ildə Azərbaycana verdiyi 69 balı 2021-ci ildə 74-ə yüksəldib. Digər bir mənbədə demokratik layihələrin müxtəlifliyi üzrə Azərbaycanın balı 12-dən 11-ə endirilib. ”Bu indeksi nə qədər obyektiv hesab etmək olar” sualına gəlincə, Beynəlxalq Şəffaflıq Təşkilatı tədqiqatı birbaşa özü aparmayıb, müxtəlif təşkilatların qiymətləndirmələrinə əsasən hesabat tərtib edib. Bu baxımdan, onun istinad etdiyi mənbələrin obyektiv qiymətləndirmə aparıb-aparmadıqları daim müzakirə oluna bilər. Azərbaycan hökuməti indeksdəki yeri ilə razılaşmır, hesab edir ki, daha yüksək mövqedə olmalıydı. Biz bu iddiada deyilik ki, bu məsələdə bütün məqamlar nəzərə alınıb, yaxud alınmayıb. Biz sadəcə, hesabatlar əsasında reytinqi tərtib edirik. Amma düşünürük ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməli, daha effektiv mübarizə metodlarından istifadə olunmalı, korrupsiya riski yüksək olan yerlərdə idarəetmə şəffaflaşdırılmalı, vətəndaş cəmiyyəti institutlarının nəzarət imkanları artırılmalıdır. Bu istiqamətdə ölkə rəhbərliyinin iradəsi də var. Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin davam edəcəyini, heç kimsənin toxunulmaz olmadığını, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı institutsional təsisatın yaradılmalı olduğunu bildirdi. Qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə bütün tikintilər açıq tenderlər yolu ilə aparılacaq. Bu baxımdan, bizim gözləntilərimiz var”.

Təşkilat rəhbəri bildirir ki, ümumiyyətlə, bütün dünyada korrupsiyaya qarşı mübarizə ilə bağlı bir durğunluq müşahidə olunmaqdadır: “Son illərdə dünya üzrə orta bal 43 bal olaraq qalır, dəyişmir. 131 ölkə korrupsiyaya qarşı mübazirə sahəsində heç bir irəliləyiş əldə edə bilmir. Bu isə qlobal səviyyədə antikorrupsiya fəaliyyətlərinin ən azından genişlənmədiyini göstərir. Belə vəziyyətə səbəb koronaviurs pandemiyası və onun gətirdiyi məhdudiyyətlərdir. Pandemiya dövründə bir çox ölkələrdə insan hüquq və azadlıqlarını məhdudlaşdıran addımlar atıldı, indi də bəzilərində belə məhdudiyyətlər qalır. Pandemiya həmçinin bəzi ölkələrdə hüquq və azadlıqlara zidd yoxlamaların tətbiqinə gətirib çıxardı. Bu da antikorrupsiya tədbirlərinin irəliləməsinin qarşısını alır. Təsadüfi deyil ki, dünyada korrupsiyaya qarşı mübarizənin dalana dirəndiyi müşahidə olunmaqdadır. Azərbaycanın bu sahədə irəli getməsi üçün dövlət qulluqçuları üçün maraqlar toqquşması ilə bağlı qanun hazırlanmalıdır. Belə qanunun olmaması ayrı-ayrı məmurlarının vəzifə mövqelərindən özlərinin və ailə üzvlərinin biznes fəaliyyətinin genişlənməsi üçün istifadə edirlər.

Daha mühüm bir məsələ gəlirlər və xərclər haqqında deklarasiyaların verilməsinin təmin olunmasıdır. Azərbaycanda 2006-cı ildə qəbul olunmuş qanun icra olunmasa belə, artıq köhnəlib. Onun yenidən işlənməsinə, yalnız gəlirlər deyil, xərclər barədə hesabatların verilməsi ora daxil edilməsinə ciddi ehtiyac var. Çünki bir çox hallarda biz görürük ki, aylıq vəzifə maaşı 2 min manat olan bir məmur on min manatlarla dəyəri olan geyim, yaxud aksessuardan istifadə edir. Yaxud vəzifəli şəxslərin övladları xaricdə böyük biznes şəbəkələri yaradırlar, çox bahalı əmlaka sahiblənirlər. Buna görə də dövlət məmurları yalnız gəlirləri deyil, xərcləri barədə də hesabatlılığa cəlb olunmalıdır. Məmurlara xaricdə əmlak almaq qadağan olunmalıdır. İri dövlət şirkətləridə idarəetmənin təkmilləşdirilməsi prosesi sürətləndirilməlidir. Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin gücləndirilməsi təmin edilməlidir ki, iri dövlət şirkətlərində şəffaflıq, hesabatlılıq təmin olunsun. Daha bir mühüm məsələ dövlət satınalmalarında şəffaflığın, bərabərliyin qorunmasıdır. Bu, ölkədə ən ağrılı və problemli sahədir. Bundan başqa, düşünürük ki, benefisiar sahibliyin açıqlanması ilə bağlı məsələ həllini tapmalıdır. Çünki bir çox hallarda araşdırdıqda dövlət sifarişləri hesabına böyük gəlirlər əldə edən şirkətlərin real sahibləri elə yüksək vəzifəli dövlət məmurları çıxırlar: şirkətin sahibi kağız üzərində başqa adam qeyd olunur, amma faktiki sahibi tamam fərqli adamlardır. Bu vəziyyətin aradan qaldırılması üçün benefisiar sahibliyin açıqlanması tələbi qanunvericiliyə daxil edilməlidir. Bir sözlə, xeyli sahə var ki, korrupsiyaya qarşı mübarizədə yeni alətlərin tətbiqi zəruridir. Hesab edirik ki, ASAN Xidmət modelinin bütün dövlət orqanlarına transformasiyasına nail olunmalıdır”.

Daha çox xəbərlər