Gündəm 

NATO-nun Qarabağdakı sülhməramlılarla bağlı diplomatik gedişinin pərdəarxası

Ekspert: “Sosial şəbəkələrdə küyə gedənlər…”

Məlumdur ki,  NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürüb. NATO baş katibi vurğulayıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxartmalıdır. NATO baş katibinin mövqeyi kifayət qədər aydın olsa da, bundan uzaqgedən nəticələr çıxaranlar da olub.

Xüsusilə Azərbaycanın internet seqmetində müzakirələr diqqət çəkib. Belə ki, bəziləri iddia edib ki, Azərbaycan hakimiyyəti Qarabağa sülhməramlılar çağırdığı üçün NATO bu tələb sırasında Azərbaycanın adını çəkməyib. Deputat Fazil Qəzənfəroğlunun mövqeyi isə bu məsələdə daha sərt olub. “NATO adından Rusiyaya ultimatum verildi ki, üç ölkədən – Ukrayna, Moldova və Gürcüstandan qoşunlarını çıxarsın. Bizdə dərhal sosial şəbəkə qəhrəmanları yenə də Qarabağ üzərindən siyasətə başlayaraq vurğuladılar ki, bəs NATO ona görə üç ölkəni deyir ki, onların ərazisinə rus qoşunları zorla girib, bizim adımızı da ona görə çəkməyib ki, bizim hakimiyyət rus sülhməramlılarını özü dəvət edib. Yenə də ənənəvi allahsızlıq! BMT qətnamə qəbul etmişdi ki, erməni birləşmələri Kəlbəcərdən çıxsın, əcəba, o zaman və sonra NATO o xırdaca Ermənistana ultimatum verdimi ki, işğal olunmuş Azərbaycan torpağından çıxın? Dağlıq Qarabağdan isə ümumiyyətlə danışan olmadı, çünki oradakı erməni ordusunu tamamilə görməzdən gəlirdilər. İllər boyunca NATO da daxil olmaqla, bütün Avropada mövcud olan beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordu birləşmələrinin Azərbaycandan çıxarılması barədə ultimatum cəhənnəm, adicə bir tələbinə rast gəldinizmi? Olmayıb!”, – deyə deputat qeyd edib.

Bəzi ekspertlər isə güman edirlər ki, NATO baş katibinin Rusiyadan Ukrayna, Gürcüstan və Moldovada olan hərbi qüvvələrini çıxartmağı tələb etməsi yaxın perspektivdə Azərbaycanın maraqlarına da cavab verə bilər. Ermənilər rus sülməramlıların bölgədə müddətsiz qalmasında israr etsələr də, bu, mümkün olmayacaq və sairə…

Bəs gerçəklik nədir? NATO baş katibinin Xankəndindəki Rusiya  sülhməramlıları ilə bağlı məsələni dilə gətirməməsi Bakının işlərinə qarışmaması mesajıdırmı?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov müqayisəni bir qədər qüsurlu sayır: “Rus silahlı qüvvələri bu üç ölkədə müxtəlif statuslara sahibdirlər. Bunları açıqlamaq ehtiyacı yoxdur. Amma bəllidir ki, onların orada fərqli şəkildə Rusiya tərəfindən bəyan edilmiş mövqeyi var. Azərbaycana gəldikdə isə burada müştərək Rusiya-Türkiyə əməliyyatından söhbət gedir. Bunu öncəliklə yaddan çıxarmayaq. Digər tərəfdən, həmin ölkələrdən fərqli olaraq Azərbaycan Rusiya sülhməramlılarını dəvət edib. Xüsusi şərtlər irəli sürülüb və bu şərtlər 10 noyabr 2020-ci ildən məlumdur. Ukraynada olan rus qüvvələri ilə Azərbaycanda olanların statuslarının fərqli olduğu açıq görünür. Onu da yaddan çıxarmayaq ki, biz tərəfdə həm də iştirakçılardan biri Türkiyə tərəfidir. Qardaş dövlət də NATO üzvüdür. Burada hamı üçün bəlli olan vəziyyət var. Əslində bu açıqlamalar NATO baş katibinin siyasi bəyanatıdır. Rusiya tərəfi ərazi bütövlüyümüzü tanıyır, bunu da dəfələrlə ifadə edib, həmin torpaqların Azərbaycana məxsus olduğunu deyib. Qarabağda müvəqqəti sülhməramlı missiyanı yerinə yetirir. Rus sülhməramlıları, Rusiya rəhbərliyi heç zaman bildirməyib ki, həmin ərazilər Azərbaycana məxsus deyil. Uzabqaşı deyilir ki, beş il ərzində xüsusi rejim olacaq. Gəlin özümüzü qorxutmayaq və yaddan bir an belə olsa da çıxarmayaq ki, orada Türkiyə də iştirak edir. Bu da fərqli bir vəziyyət yaradır”.

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Elçin Mirzəbəyli

Politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli bu məsələdə küyə gedənlərə səsləndi: “Rusiyanın sülhməramlı missiyasının Azərbaycan ərazilərində yerləşdirilməsi prosesi 10 noyabr 2020-ci il bəyanatına əsasən həyata keçirilib. Bu baxımdan da Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində müvəqqəti mövcudluğunu təmin edən şərtlər, tarixi şərait və digər hərbi-siyasi aspektlər Gürcüstan, Moldova və Ukraynadakı vəziyyətdən tamamilə fərqli olduğuna görə NATO baş katibi Yens Stoltenberq öz açıqlamasında Azərbaycanın adını çəkməyib. Digər tərəfdən, Azərbaycan Prezidentinin Brüsselə son səfəri zamanı baş tutan NATO-nun Şimali Atlantika Şurasının yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, suverenliyinə və müstəqilliyinə birmənalı dəstək ifadə olunub. Bu isə kifayət qədər ciddi mesajdır. Bununla yanaşı, NATO üzvü olan dövlətlər çox yaxşı başa düşürlər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlar keçirib və işğalçı ölkəni məğlub edib. Yaranmış vəziyyətin diqtə etdiyi şərtlər Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində müvəqqəti mövcudluğu zərurətini yaradıb. Həmçinin hazırda Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesi gedir ki, hər hansı bir hərbi-siyasi blokun bu prosesə kobud müdaxiləsi yeni ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, NATO de-fakto prosesin iştirakçısıdır. Çünki Alyansın ən böyük güclərindən biri olan Türkiyə Azərbaycanın müttəfiqidir və bu müttəfiqliyin hərbi, siyasi, iqtisadi və digər aspektlərini müəyyənləşdirən Şuşa Bəyannaməsı artıq Azərbaycan parlamentində ratifikasiya olunub. Türkiyənin mövqeyi həm də NATO-nun mövqeyidir. Düşünürəm ki, bəzən sosial şəbəkələrdə məqsədyönlü şəkildə yaradılmış emosional mühitin təsiri altına düşən insanlar azacıq soyuqqanlı düşünsələr reallıqları görə və qəbul edə bilərlər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Gürcüstan əraziləri – Abxaziya və Cənubi Osetiyanın ”müstəqillikləri”ni Rusiya tanıyıb və bu qondarma respublikalar de-fakto Rusiya tərəfindən ilhaq olunublar. Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisi sayılan Krım Respublikası isə Rusiya tərəfindən ilhaq olunub. Digər ərazilərdə isə separatizm Rusiya tərəfindən dəstəklənsə də, həmin ərazilər hətta Moskva tərəfindən də Ukraynanın tərkib hissəsi kimi tanınır. Bunun əksini sübut edən heç bir hüquqi fakt yoxdur. Moldovaya gəldikdə isə burada durum kifayət qədər fərqlidir. Məlum olduğu kimi, indiki Moldovanın – Dnestryanının ərazisinin bir hissəsi vaxtilə Ukraynanın tərkibində olub. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qəsb edilmiş Bessarabiya və Ukrayna torpaqlarında yaradılıb və müttəfiq respublika statusu əldə edib. Yəni nə Moldovanın özünü Azərbaycanla, nə də Dnestryanını Azərbaycanın etnik ermənilərin yaşadıqları əraziləri ilə müqayisə etmək mümkün deyil. Bu aspektdən də sosial şəbəkələrdə küyə gedənlər, yaxşı olar ki, postsovet məkanı ilə bağlı tarixi və hüquqi faktlara baxıb nəticə çıxarsınlar”.

Daha çox xəbərlər