Siyasət 

Qalib ölkədən Paşinyana çağırış: Ağıllı ol!

İşğalçı, məğlub ölkənin  yeganə çıxış yolu, nicatı  Azərbaycanın və Türkiyənin əməkdaşlıq təklifləri ilə razılaşmaq, sülh sazişini imzalamaqdır

Ermənistanda heç vaxt sabit olmayan vəziyyət  artıq idarəolunmaz həddə çatıb.  Sözdə prezident olsa da,  ölkəni idarə etmək səlahiyyətlərindən  kənarda qalan Armen Sarkisyanın istefası ilə gərginləşən vəziyyət bir növ «ayı meşədən küsüb, meşənin xəbəri yoxdur» məsəlinə bənzəyir.  «Məxməri inqilab» sözünü eşitsək də, «küçə inqilabı»nın nümunəsini  Ermənistanın baş naziri Nikol Paşinyanın  hakimiyyəti zəbt etməsi  ilə gördük.  Xarici ölkədə yaşadığı üçün Nikolun fırıldaqlarından,  havadarlarının planlarından xəbərsiz olan  Armen Sarkisyan Ermənistana kabab qoxusuna gəlsə də nəsibi  uzunqulaq dağlanması oldu.  8 il müddətinə prezident seçilsə də, 8 dəfə söz sahibi olmayan, heç bir sənədə qol çəkib, rəsmi sənəd  imzalamayan «prezidentin» dövlət başçısı adını daşımasının formallığı   da Ermənistanın təcrübəsində zühur etdi.  Guya parlament üsul-idarəsi ilə ölkəni idarə edəcəyini deyən Nikolun Armeni  siyasi fiqura çevirib, tərksilah etməsi erməni hiyləsinin daxili trayektoriyasının formulu idi.   Kabinetdə oturub ölkədəki vəziyyəti , 44 gün davam edən İkinci Qarabağ müharibəsini, Ermənistanın məğlubiyyətini, baş nazirin kapitulyasiya aktı imzalamasını adi vətəndaş kimi  seyr edən  «prezidentin» axır ki, səbri tükəndi, səlahiyyətlərini, küncə sıxışdırıldığını  xatırlatdı və istefa verdi.

Ermənistanda bu vaxtsız, müəmmalı gedişi Armenin başqa ölkənin vətəndaşı olması  ilə izah etməyə çalışsalar da,  bu arqumentə  inananlar çox azdır. Çünki    Sarkisyanın namizədliyi irəli sürüləndə onu dəstəkləyən,  səsvermədə  iştirak edən  seçicilər də bilirdilər ki,  Armen Ermənistanda yaşamadığı üçün  prezident  ola bilməz.   Bu baxımdan  Nikolun  istefa ilə əlaqədar fikir formalaşdırmaq kələyi  inandırıcı deyil. İstefasının səbəblərini açıqlayan Armenin sözlərindən aydın olur ki, «sabiq prezident»  ölkədə baş verən hadisələrə, müharibə və ya sülh məsələlərinə təsir edə bilmədiyi” üçün məyusdur.  «Prezident» kimi dövlət və xalq üçün məqsədyönlü hesab etmədiyi qanunlara veto  hüququ olmayıb.  Ölkənin daxili və xarici siyasətindən kənarda qalıb.  Əksinə,  özü kimi ailəsi də  müxtəlif siyasi qrupların hədəfinə çevrilir.   İstefa fikrinə düşməzdən əvvəl götür-qoy  etdiyini açıqlayan Sarkisyan bildirib ki, bu qərar qətiyyən emosional deyil,  Nikolun anlamadığı  məntiqə əsaslanır. Ölkənin və xalqın hazırkı çətin dövründə prezidentin baş verən   proseslərə təsir etmək səlahiyyətləri məhdudlaşdırıldığı üçün prezident institutu dedi-qodu və sui-qəsd nəzəriyyələrinin, təcrübələrinin obyektinə  çevrilib. Bu şəraiti yaradan isə  məkrli siyasəti ilə regionda sabitliyin yaranmasına əngəl törədən   «yeddibaşlı  ölməz Kaşşey» Nikol Paşinyandır.

Belə bir şəraitin  mövcudluğu   sülh təşəbbüslərini ləngidir.  Baş nazirin   «Vətəndaş müqaviləsi»  partiyası ilə  digər partiyalar arasında yaranan gərginlik, Paşinyanın prezident postunda keçmiş təhsil, elm, mədəniyyət və idman naziri, baş nazir aparatının rəhbəri  Araik Arutyunyanı görmək niyyəti ilə bağlı sərsəmləməsi ölkədə siyasi gərginliyi daha da artırıb.  Qarabağ və Yerevan erməniləri arasındakı rəqabəti gücləndirib. Başqa dövlətlərin Ermənistanın daxili və xarici siyasətini yönləndirməsi isə  onsuz da iqtisadi böhran içərisində çabalayan işğalçı ölkədə idarəetmə imkanlarını sıfır həddinə çatdırıb. Bu baxımdan istər  Ermənistanda,  istərsə də Xankəndidə mövcud iqtidara qarşı etimadsızlıq, istefa  tələbləri artmaqdadır.  Ölkəni kütləvi  tərk edənlərin sayının artması ilə  demoqrafik vəziyyət çıxılmaz həddə çatıb.

Belə mürəkkəb siyasi labirintdə qalan,  44 gün davam edən İkinci Qarabağ  müharibəsində məğlubiyyətini kapitulyasiya aktına qol çəkməklə etiraf edən  Paşinyanın başqalarının göstərişi ilə  hərəkət etməsi əhalinin narazılığına səbəb olur.  Bu baxımdan bölgədə sabitliyin yaranması üçün başlıca şərt olan və Azərbaycanın israrla tələb etdiyi sülh sazişini imzalamaqdan müxtəlif  bəhanələrlə yayınan, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini bilərəkdən ləngidən  Paşinyanın gündə bir hava çalması ermənilərin özlərini də çaşdırır. Sərhədlərin  delimitasiyası və demarkasiyası  ilə bağlı «təkliflərini» Rusiyanın vasitəçiliyi ilə bildirəcəyini bəyan edən Nikolun bu «dahiyanə seçimi» bir daha göstərir ki, heç vaxt müstəqil dövlət olmayan Ermənistan gələcəkdə də başqalarının oyuncağı,  aləti kimi qalacaq. Öz ölkəsini idarə edə bilməyən, Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistanın  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  tərkibində Qazaxıstanda  «əmin- amanlıq yaratmaq» missiyasında iştirakı havadarlarının işğalçının varlığı haqqında təsəvvür  formalaşdırması Paşinyanın başını tumarlamasıdır. Necə deyərlər, «ağası gülüm olanın, başına külüm olar.»

Düşdükləri belə gərgin vəziyyətə baxmayaraq hələ də yeni müharibə  həvəsində olan, sərhəddə təxribatlar törədən Ermənistanın başsız baş naziri anlamalıdır ki,  fərari ordusu ilə yalnız görüntü yarada bilər. Təəssüflər olsun ki, revanş əldə etmək istəyən qüvvələr də kifayət qədər çoxdur.  Hadisələrin gedişi göstərir ki,  Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq fonunda Ermənistanın  sülh sazişini imzalamaqdan, Zəngəzur dəhlizinin açılması ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur. Ermənistanın gələcəyi, nicatı  Azərbaycan və Türkiyə ilə münasibətlərini  bölgədə ölkəmizin yaratdığı yeni reallıqlara, həqiqətlərə  uyğun qurması ilə bağlıdır.  Ermənistan yaranmış tarixi şəraitdən istifadə edərək Prezident İlham Əliyevin sülh çağırışlarına adekvat cavab versə, dostluq və əməkdaşlıq jestlərini qiymətləndirərək normal inkişaf yolu tutsa maksimum fayda əldə edə bilər. Əks halda, artan gərginlik  cəmiyyətin  parçalanması və miqrasiyanın artması, Ermənistanın məhvi ilə nəticələnəcək.

Daha çox xəbərlər