Qərbdən “sülhməramlı qüvvələr çıxsın” təklifi
Ekspertlər məxfi bazarlığın detallarını şərh etdi
ABŞ və NATO-nun Rusiyanın yanvarın əvvəllərində təqdim etdiyi təhlükəsizlik təminatı tələblərinə verdiyi yazılı cavabın mətni mətbuata sızdırılıb. Yanvarın 26-da Rusiya tərəfinə təqdim edilən məxfi sənədi İspaniyanın “El Pais” qəzeti öz saytında dərc edib. Sənədin məzmununu TASS dərc edib.
Artıq xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin həmin sənədin “diqqətlə öyrənildiyini” bildirib. Eyni zamanda deyib ki, ABŞ və NATO Rusiyanın üç əsas tələbinə məhəl qoymayıb. Bunlar NATO-nun genişlənməsinin dayandırılacağına dair təminat verilməsi, alyansın öz hərbi infrastrukturunu Avropada 1997-ci il hüdudlarına çəkməsi və Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərinin yerləşdirilməməsi barədə tələblərdir.
Sənədin mətnindən məlum olur ki, NATO və ABŞ bu üç tələbə məhəl qoymayıb, amma Rusiyaya bəzi sövdələşmələr təklif edilib.
“NATO qarşıdurmaya can atmır. Lakin biz alyansın əsaslandığı prinsiplərdən, Avropada və Şimali Amerikada təhlükəsizlikdən kompromisə gedə bilmərik və getməyəcəyik”, – cavab məktubunda bildirilir.
ABŞ-ın ayrıca təqdim edilmiş cavabında göstərilir ki, Vaşinqton strateji stabilliyin təmin olunmasına dair Moskva ilə Rusiya-NATO Şurası və ATƏT çərçivəsində dialoqa hazırdır. Amma alyansın “açıq qapı” siyasətini qəti şəkildə dəstəkləyir. Lakin başlıca şərt olaraq Ukrayna ətrafındakı vəziyyətin de-eskalasiyası irəli sürülür. Bu isə Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çəkilməsi deməkdir.
Habelə ABŞ Rumıniya və Polşa ərazisində yerləşdirilmiş “Aegis Ashore” raketdən müdafiə sistemlərinin təftişinə, orada “Tomoqavk” raketlərinin yerləşdirilmədiyinə Rusiyanı əmin etməyə hazırdır. Amma əvəzində Rusiya da özünün iki yerüstü raket bazasında təftişə icazə verməlidir. ABŞ habelə strateji hücum silahları barədə yeni razılaşma üzərində dərhal danışıqlara başlamağa çağırır. Belə ki, ABŞ-la SSRİ arasında imzalanmış bu razılaşmanın qüvvəsi 2026-cı ildə bitir.
Eyni zamanda Vaşinqton Ukraynaya dair sövdələşmə də təklif edir. Cavabda bildirilir ki, ABŞ Ukrayna ərazisində hücum silahlarının və daimi hərbi kontingentin yerləşdirilməsindən imtinaya dair Kiyevlə məsləhətləşmələr şəraitində Rusiya ilə dialoq aparmağa hazırdır. Amma Moskva da analoji təminat verməlidir.
Habelə, ABŞ və NATO Rusiyaya Ukrayna ətrafında de-eskalasiya tədbirlərinin görülməsinin və Rusiya qoşunlarının, sülhməramlılarının Krımdan, Dnestryanı bölgədən, Cənubi Osetiya və Abxaziyadan çıxarılmasının əvəzində silahlar üzərində nəzarətə və insidentlərin qarşısının alınması tədbirlərinə dair danışıqlar təklif edirlər. Aydındır ki, Rusiyanın qəbul edilməsi zor olan təklifləri qarşısında ABŞ da rəsmi Moskvaya heç vaxt razılaşmayacağı təkliflər irəli sürüb. Bu, xüsusilə Rusiya qoşunlarının, sülhməramlılarının Krımdan, Dnestryanı bölgədən, Cənubi Osetiya və Abxaziyadan çıxarılmasına aiddir. Rusiya heç vaxt bu addıma getməz. Niyə?
Bu sualla ekspertlərə müraciət etdik.
![]()
Azər Hüseynov
AĞ Partiya Başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov üçüncü qüvvəyə ehtiyacın olduğunu söylədi: “Məsələlərin bu cür qoyuluşu onu deməyə əsas verir ki, bu ağır şərtlərin altında üçüncü bir ölkə əziyyət çəkəcək. Bu da ki, Ukraynadır. ABŞ və NATO Ukrayna üzərindən manipulyasiya edərək Rusiyanı sıxmaq istəyir. Amma onu deyim ki, meydanda Qərb Rusiya qədər qətiyyətli deyil. Qərbin əsas vasitəsi sanksiyalardır. Qərb bu sanksiyaları ilə sadəcə opponentlərinin immunitetini gücləndirir. Bir də son 20 ildə Qərb meydanda bütün müttəfiqlərini axırda xərcləyib. Ruslar bunu çox gözəl bilirlər. Belə görünür ki, ortamda mülayimlik formalaşdırmaq üçün üçüncü qüvvəyə ehtiyac var. Bu da böyük ehtimal Türkiyədir. Türkiyənin Ukrayna, Azərbaycanla birgə regional şəbəkə qura biləcəyi təqdirdə konfiqurasiya dəyişəcək. Köhnə aktorlar Rusiya və Qərb Ukrayna kimi ölkələri üçüncü yola təşviq edir”.

Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı ABŞ-Rusiya qarşıdurmasının yaxın perspektivdə davam edəcəyini qeyd etdi: “ABŞ və Rusiyanın bir-birinə qarşı irəli sürdüyü tələblərin hər iki tərəf üçün qəbuledilməz olduğu məlumdur. Əslində baş verənləri anlamaq üçün əsas açar məqam da budur. Çünki Moskva da anlayırdı ki, irəli sürdüyü tələblər ABŞ və NATO tərəfindən qəbul edilməyəcək, ABŞ və NATO da yazılı cavabında rusların qəbul etməyəcəyi şərtlər irəli sürürlər. Fikrimcə, qarşıdurmada hər iki tərəf maraqlıdır və istisna deyil ki, bununla bağlı məxfi anlaşma var.
Bayden Administrasiyası ABŞ-ın liderlik etdiyi cəbhəni yenidən formalaşdırmaq, xüsusilə Fransa və Almaniya da daxil olmaqla, Avropanı bütünlükdə yanına çəkmək istəyir. Rusiya isə bu qarşıdurmanın sonunda postsovet məkanının onun təsir dairəsinə daxil edildiyinin Qərbdə qəbul edilməsinə nail olmaq niyyətindədir. Faktiki, dünyanın yenidən nüfuz dairəsinə bölüşdürülməsi prosesi gedir. Ehtimal olunan məxfi anlaşmanın Çinə qarşı olduğu versiyası daha güclüdür. Pandemiyadan sonra haqqında tez-tez bəhs olunan yeni dünya nizamı təkqütblü dünyadan ən azı ikiqütblü dünyaya keçidi özündə ehtiva edir. Həm güc, həm perspektiv inkişaf baxımından ikinci qütb olmaq potensialı Çində var. Vaşinqton özünün supergüc olduğu sistemin dəyişməsini istəmir və fikrimcə, Çinə qarşı Rusiya faktorundan istifadə edir. Düz məntiqlə əsas hədəfi Çin olan ABŞ Rusiya ilə anlaşmaya getməli, Pekinlə Moskvanın ona qarşı eyni cəbhədə birləşməsinə mane olmalı idi. Lakin biz bunun əksini görürük, Rusiya ilə qarşıdurma Moskva və Pekini yaxınlaşdırır. Məhz bu detal da onu deməyə əsas verir ki, ABŞ Çinin ikinci qütb kimi önə çıxmaması üçün dünyanı yeni güclə deyil, köhnə və onunla müqayisədə daha zəif olan Rusiya ilə bölüşdürülməsi strategiyasını tətbiq edir. Rusiya da “soyuq müharibə” dövründə olduğu kimi, indi də ikinci əsas qütb olmağa çalışır. Tərəflərin bir-birinə qəbul etməyəcəkləri şərtlər irəli sürməsi, qarşıdurmanın böyüdülməsi buna hesablanıb. ABŞ-ın Əfqanıstandan çıxması, Qazaxıstan hadisələri, ümumilikdə Mərkəzi Asiyada baş verənlər bu prosesin tərkib hissəsi kimi görünür. İndi Çinlə Rusiya ABŞ-a qarşı eyni cəbhədən çıxış edən tərəflərdir, lakin ABŞ-Rusiya qarşıdurmasının sonunda təsir dairələrinin bölüşdürülməsi baş verəcəksə, gələcəkdə Avrasiyada Rusiya və Çinin qarşıdurmasını da görə biləcəyik.
Yaxın perspektivdə ABŞ-Rusiya xəttində qarşıdurmanın davam edəcəyi məlumdur, lakin bunun isti mərhələyə keçməyəcəyi, daha çox “soyuq müharibə” vəziyyətində dava edəcəyi ehtimalı daha böyükdür”.

