Qapanmaların tam ləğvi üçün əsas şərt açıqlandı
İnfeksionist: “Azərbaycanda yoluxma sayının pik həddə çatması fevralın sonuna təsadüf edəcək”
Azərbaycanda və dünyada COVİD 19-un “Omikron” variantına yoluxma artım dinamikası ilə davam edir. Virusun yüksək yoluxuculuq qabiliyyətinin olmasına baxmayaraq, adətən ağırlaşmalara səbəb olmadığı üçün qapanmalara gedilmir.
Bir sıra Avropa ölkələrində hətta karantin qaydalarının ləğv olunduğunun da şahidi oluruq. Bizim ölkəmzidə də əhali arasında zaman-zaman, “nəyə görə bizim ölkəmizdə də ləğv olunmur” deyə sual edənlər tapılır. Ekspertlər, həkimlər, səhiyyə təşkilatları isə bunu ölkəmizdə vaksinasiyanın aparılma faizinin hələ istənilən səviyyədə olmaması ilə izah edirlər. Məhdudiyyətlər aradan qaldırılan ölkələrdə isə vaksinasiya əhalinin 80-90 faizini əhatə edir.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe üç amil səbəbilə COVID-19 pandemiyasının yayılmasına nəzarət etmək üçün Avropa ölkələrində əhəmiyyətli fürsətin yarandığını açıqlayıb. O qeyd edib ki, artıq pandemiyanın bitməsi üçün əlverişli şərait yaranıb: “Peyvənd, infeksiyaya yoluxmanın, isti havalarda virusun yayılma meylinin aşağı olması və nəhayət, ”Omikron”un daha az təhlükəli olması belə bir qənaətə gəlməyə imkan verir. Avropada qış mövsümünün sona çatması ilə yaz-yay aylarında virusun yayılma sürəti azalacaq. Yayda qışa nisbətən daha az yoluxma qeydə alınacaq. “Omikron”dan başqa yeni variantlar ortaya çıxa bilər. Avropadakı səhiyyə orqanları ictimai sağlamlığın gücləndirilməsi və qətiyyətli peyvənd kampaniyasının davam etməsi fonunda pandemiyanı nəzarət altında saxlaya biləcək”.

Hans Kluqe
H.Kluqe Avropa ölkələrinin qitədən kənar dövlətlərdə peyvənd kampaniyalarına dəstəyinin vacibliyini də vurğulayıb.
Keçən həftə Avropada 12 milyon yoluxma ilə pandemiyada yeni rekordun qırıldığını açıqlayan Kluqe xəstəxanaların reanimasiya şöbələrində ciddi artım olmadığını söyləyib.
Azərbaycanda isə son sutkada koronavirus əleyhinə 38 436 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33435 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 746 927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 127 666 təşkil edir.
Son günlər ölkəmizdə COVİD-ə yoluxma sayı yüksək göstəricilərlə özünü göstərir. Bəs görəsən, bu ən son hədd sayılırmı? Ümumiyyətlə, ölkəmizdə yoluxma sayı öz pik həddinə nə vaxt çatacaq və bu sonuncu “hədd” olacaqmı? Peyvəndləmənin buna hansı təsiri var? Ekspertlər bildirirlər ki, fevralın 19-da universitetlərdə təhsilin bərpası ilə proses daha sürətli gedəcək. Yoluxmanın azalması üçün məktəblər, univetsitetlər bağlanmalıdırmı?
Nicat Əzimli
Həkim-infeksionist Nicat Əzimli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Koronavirusun ”Omikron” variantının ilk aşkarlandığı ölkə olan Cənubi Afrika Respublikasında müşahidə olunan dinamika belə olub ki, xəstəliyin ilk aşkarlandığı gündən hesablanaraq 5-6 həftə, yəni bir ay yarım sonra xəstəliyə yoluxma halları pik həddə çatıb. Daha sonrakı həftələrdə yoluxma sayında azalma müşahidə olunub. Bu dinamika “Omikron” variantının aşkarlandığı digər ölkələrdə də müşahidə edilib. Buna əsaslanaraq demək olar ki, Azərbaycanda yanvar ayının ortalarında aşkarlanan “Omikron” və bununla bağlı yoluxma saylarının pik həddə çatması fevral ayının sonuna təsadüf edəcək. Fikrimcə, mart ayının əvvəllərindən başlayaraq yoluxma sayında təbii olaraq azalma müşahidə olunmalıdır. Burada təbii ki, müəyyən faktorlar özünü göstərə bilər, bu müddət uzana və ya qısala da bilər”.
İnfeksionist təhsil ocaqlarının bağlanması ilə bağlı suala da cavab verib: “Müxtəlif sektorlara, başda səhiyyə sistemi olmaqla əgər böyük mənfi təsiri olarsa, təbii ki qapanmalar haqqında dəyərləndirmə Operativ Qərargah tərəfindən verilir. Ümumiyyətlə, yoluxmanın artımında əsas rol oynayan faktorlar nələrdir? Məktəblər, bağçalar və müxtəlif tipli mərasimlər, xüsusilə də insanların çox toplaşdığı yerlər ”Omikron”un yayılması üçün çox əlverişli şərait yaradır. Onsuz da biz əvvəldən də bunu deyirdik. Amma “Omikron”da bu daha da təhlükəli vəziyyət alır. Hazırda “Omikron” variantına yoluxma xüsusilə, məktəblər, bağçalarda uşaqlar arasında sürətlə yayılır. Daha sonra həmin uşaqların ailələrinə və digər insanlara keçir, qısa müddətdə alovlanma şəklində hər kəsi yoluxdurur. Bunu eynilə yas və toy mərasimlərinə də aid etmək olar. Gizli və ya aşkar şəkildə keçirilən bu mərasimlərdə insanlar bir-birlərini yoluxdururlar, daha sonra yenə də həmin mənbədən alovlanma şəklində yayılmağa başlayır. Bütün bunlara diqqət edilməlidir, mərasimlərin keçirilməsi tamamilə əlverişsizdir, insanlar öz şad günlərinin ardınca xəstəlik halı ilə qarşılaşmaq istəmirlərsə, bir müddət gözləməlidirlər.
Uşaqlar məktəbə getməlidir-getməməlidir sualına gəlincə, burada uşaqların yaş həddi böyük rol oynayır. Daha azyaşlı uşaqlarda qorunma tədbirlərinə riayət olunmasını təmin etmək çox da mümkün olmur. Təbii ki, bu davranışlar şüurla bağlıdır, uşaqlarda da bu davranışları çox da müşahidə edə bilmirik. Eynilə, universitetlərdə insanlar toplaşır, tələbələr auditoriyada, qapalı şəraitdə toplaşırlar, təhlükə yüksəkdir, onlar bir-birlərini yoluxdura bilərlər. Təbii ki, bu yaş kateqoriyasında olan insanlar artıq dərk edir və daha ciddi riayət etməyin vacibliyini anlayırlar. Bütün bu faktorlar dəyərləndirilərək qərarlar verilə bilər”.

