Bugünümüzün mənzərəsi: Azərbaycan tarixi Zəfərimizin reallıqlarını qəbul etdirir
Prezident İlham Əliyevin, Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda keçirilən görüş bu kimi məqamlara bir daha işıq saldı
Otuz illik işğal dövründə havadarlarına arxalanaraq yalanlarını həqiqət kimi qəbul etdirməyə çalışan işğalçı Ermənistan gec-tez hazırkı durumu yaşayacağını bilirdi. Çünki ədalətin, beynəlxalq hüququn maraqların arxasında əriməsi müəyyən dövrlər üçün mümkün olsa da bu prosesin bütün tarix boyu davam etməsi mümkünsüzdür. Tarix saxtakarlığı sevməməklə yanaşı, faktlara əsaslanır, ədalət, beynəlxalq hüquq öndə dayanır. Bir mühüm məqamı da qeyd edək ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Amma bu qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlara əsaslanan siyasəti, Ermənistana dəstəyi ucbatından 30 ilə yaxın müddətdə kağız üzərində saralaraq icrasını gözlədi. Bu kimi addımlar isə dünyanın hüquq problemini yaşadığını böyük əminliklə söyləməyə əsas verərək dünya güclərinə qarşı etimadsızlıq mühitinin yaranmasına səbəb oldu.
Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi bu dövlətlərə, beynəlxalq təşkilatlara ciddi mesaj oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib işğala son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən ordumuz şəhidlərimizin, həlak olan mülki əhalinin qisasını döyüş meydanında aldı. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, xalqının gücünü, əzmini, döyüş ruhunu bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə nəticələndi. 44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalism aktlarının izlərinin şahidi olduqlarını etiraf edirlər. Azərbaycan tarixi Qələbəsi ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Dövlətimizin başçısı bildirir ki, vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın. Artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin arxada qaldığını bildirən ölkə Prezidentinin bəyan etdiyi kimi, bu termindən yalnız tarix haqqında danışanda istifadə etmək olar.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin ötən ilin yanvarında keçirilən Moskva, noyabr ayında Soçi, həmçinin dekabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüssel görüşləri postmünaqişə dövrünün reallıqlarının qəbuluna aydınlıq gətirdi. Dünya görür ki, maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi mümkünsüzdür. Ən əsası siyasətində bu məfhumları əsas götürən Azərbaycan son anadək həqiqətləri qəbul etdirməyə çalışacaq. Azərbaycanın apardığı siyasət real faktlara, tarixi həqiqətlərə əsaslanır. Azərbaycan Ordusu öz ərazimizdə müharibə apararaq torpaqlarımızı mənfur düşməndən xilas edib. Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində xarici mətbuata çoxsaylı müsahibələrində daim bu sualı səsləndirərək cavab axtarırdı ki, Ermənistan ordusunun Azərbaycan torpaqlarında nə işi var? Azərbaycan Silahlı Qüvvələri onları torpaqlarımızdan qovdu və bu ərazilərin sahibinin biz olduğumuzu dünyaya sübut etdi. Bugünümüzün əsas tələbi reallıqları qəbul edib, bundan sorakı hədəflərin gerçəkləşməsinə dəstək olmaq, regionda davamlı sülh, dünyada etimad mühitini yaratmaqdır. Bu baxımdan Moskva, Soçi, Brüssel görüşlərinin ardınca fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş həm ölkə, həm də dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilib. Həmin görüşdə Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı. Ölkə Prezidenti İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı. Belə ki, dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin və soydaşlarımızın Böyük Qayıdışının gecikməsinə səbəb bu ərazilərin təhlükəsizliyini təmin etmək üçün minalardan təmizlənmə prosesinin uzanmasıdır. Ərazilərin minalardan təmizlənməsi həm vaxt, həm də böyük məbləğdə vəsait tələb edir. Dövlət başçısı İlham Əliyev bu məsələ ilə bağlı beynəlxalq aləmə çağırışlar edir. Qeyd edilən videformatda keçirilən görüşdə də həmin çağırış xüsusi yer aldı. Prezident bu statistikanı diqqətə çatdırdı ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb. Dövlətimizin başçısı, həmçinin Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini də qabartdı.
Diqqətçəkən əsas məqamlardan biri də qəbul edilən birgə Bəyanatda Minsk Qrupuna istinadın olmaması, həmçinin Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadənin yoxluğudur. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının təsdiqidir. Reallıq budur ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Minsk qrupuna həmsədrlik edən üç dövlət dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə məcbur etsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər. Dövlət başçısı İlham Əliyev müsahibələrinin birində «Həmsədrlərin ölkələri uzun müddət status-kvonu davam etdirmək strategiyasını yürütdü. Ancaq Zəfərdən sonra Minsk qrupunun, həmsədrlərin yenidən prosesə daxil olması, vasitəçilik diplomatiyası yürütməsi gündəmdədir, belə tələblər var. Bununla əlaqədar nə düşünürsünüz? Bu, gələcəkdə bir həll yolu ola bilərmi, bunun bir faydası olacaqmı» sualına cavabında bildirmişdir ki, status-kvonun dəyişdirilməsi nə deməkdir? İşğala son qoyulması. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı – status-kvo dayanıqlı deyil. Yəni, bunların arasında çox böyük fərq var.
Ölkə Prezidenti müsahibələrində, çıxışlarında hazırkı dövrlə bağlı Minsk qrupunun fəaliyyətinin görünmədiyini də diqqətə çatdırır. Müharibənin bitməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Cənab İlham Əliyev bildirir: «Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ – Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır.»
Qeyd etdiyimiz kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda daha sürətlə gedəcək. Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, eyni zamanda, 10 noyabr Bəyanatına uyğun olaraq geri qaytarılan Ağdamda, Kəlbəcərdə, Laçında yeni həyat başlayır. Artıq Ermənistana 30 ildə havadarlıq edən dövlətlər də bu reallığı təsdiqləyir, öz bəyanatlarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirirlər. Yalan təbliğat, yazılan saxta tarix heç zaman zamanın hakimliyini, tarixin yaddaşını üstələmək iqtidarında deyil. Moskva, Soçi, Brüssel görüşləri, eyni zamanda, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davamı kimi dəyərləndirilən, 4 fevral tarixində keçirilən üçtərəfli görüşdə qəbul olunan Bəyanat da deyilənlərin təsdiqidir.
Günümüzün reallıqlarından biri də budur ki, Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.
Göründüyü kimi, tarixi Zəfəri ilə yeni dövrün yeni reallıqlarını yaradan Azərbaycan sözünün imzası qədər dəyəri olduğunu təsdiqləməklə yanaşı, dünyada yeni, ədalətə, beynəlxalq hüquqa söykənən siyasi mühitin yaranmasında əhəmiyyətli rol oynayır.

