Ölkəmiz daim beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olub
Dövlət başçısı İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı nitqində bir daha bu fikri xüsusi qeyd etmişdir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var
“Bu gün biz qarşılıqlı əlaqəmizin ənənəvi formatını bərpa edirik. Əlbəttə ki, belə format təkcə önümüzdə olan əhəmiyyətli məsələləri həll etmək üçün yox, eyni zamanda, ikitərəfli və çoxtərəfli təmaslar qurmaq üçün daha yaxşı imkanlar yaradır. Hər ilin fevral ayında biz ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçiririk və gələcək addımlarımızı planlaşdırırıq.” Dövlət başçısı İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı nitqində bir daha bu fikri xüsusi qeyd etmişdir ki, biz gələcəyə baxmalıyıq və əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək. Çünki əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib: “Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.”
Toplantıda bu məqam da xüsusi qeyd edilmişdir ki, bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılar var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.
Qeyd edək ki, 2015-ci ildən ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı müxtəlif əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkəmizə qazandırdığı uğurlar, investisiya axınının sürətləndirilməsinə açdığı yol göz qabağındadır. Ən əsası bu layihələr dövlətlər, xalqlar arasında Azərbaycanın körpü rolunu daha da möhkəmləndirir. Bir layihənin uğurlu sonluqla başa çatması digər layihənin gündəmə gətirilməsini şərtləndirir. Bu da Azərbaycanın beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirməsi istəyindən irəli gəlir.
Bu günə qədər görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi ümumi maraqları əks etdirən layihədir, 1994-cü ildə təməli qoyulan enerji strategiyasının tərkib hissəsidir. Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır. Gerçəkləşdirdiyi layihələrlə iqtisadi qüdrətini, maliyyə imkanlarını artıran Azərbaycan dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir. Dövlət başçısı bu inamı ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində neft-qaz sektorunda əldə olunan uğurlara qısa nəzər salaq. Xronologiyaya diqqət yetirdikdə görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi üçün vacib məsələ idi. 2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional əməkdaşlığın aparıcı qüvvəsinə çevirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkə kimi regionda rolunu artırır. Məhz bu uğurlara söykənərək, Cənub Qaz Dəhlizinin perspektivlərindən geniş bəhs olunur. 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, Azərbaycan tərəfdaşları ilə sıx əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyev nazirlərin toplantılarında daim bu məqamı xüsusi qeyd edir ki, biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.
2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmağa, əməkdaşlıgın çografiyasının genişləndirilməsinə bir daha işıq saldı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi –TAP istifadəyə verildi. Ölkə Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bildirmişdir ki, milli səviyyədə koordinasiya bu nəhəng layihəni – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard dollardır. Eyni zamanda, əlbəttə, enerji, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir : “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.” Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir.
Hər bir tədbir əhatə etdiyi məsələnin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Regional əməkdaşlığın coğrafiyasını genişləndirərək çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycan bu kimi toplantıların keçirilməsinə nail olmaqla təsdiqləyir ki, müxtəlif formatda əməkdaşlıqların qurulmasına və inkişafına nail olmaq mümkündür. Əsas olan məqsəd və bu məqsədə çatmaq üçün səylərin birləşdirilməsi, təşəbbüslərin dəstəklənməsi və ümumi mövqenin ortaya qoyulmasıdır. Azərbaycan gerçəkləşdirdiyi layihələrlə investisiya cəlbediciliyini də qorumaqdadır. Təbii ki, bunu şərtləndirən əsas amillər sabitlik, əlverişli investisiya mühitinin mövcudluğu, eyni zamanda, Azərbaycanın təkmil sosial-iqtisadi islahatlar əsasında iqtisadi qüdrətini artırmaqla maliyyə imkanlarını genişləndirməsidir. Son 18 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın sərmayə qoyulub. Bu sərmayələrin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər.
Reallıq budur ki, Azərbaycanın enerji siyasətinin uğurları, öz növbəsində, ölkəmizə diqqət və marağı artırır, yeni əməkdaşlıq formatlarının yaranmasına, Anlaşma Memorandumlarının imzalanmasına yol açır. Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı sənədin imzalanmasını xatırlatmaq istərdik. Burada əksini tapan əsas müddəalardan biri Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun daha da artmasıdır.
Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, enerji layihələri ilə bağlı təşəbbüslərin həyata keçirilməsi sayəsində neft amili təkcə iqtisadi və enerji kimi deyil, geosiyasi gündəliyin böyük tərkib hissəsi kimi dünya siyasətinə təsir göstərir. Enerji təhlükəsizliyi məsələlərinin enerji resurslarını istehlak, hasil edən, tranzit ölkələrin maraqları ilə tarazlanması səyləri eyni istiqamətə yönəldir. Azərbaycan dünya enerji bazarında tutduğu mövqeyə görə fərqlənirsə, bu nailiyyət neft strategiyasının uğurlu icrası nəticəsində qazanılmışdır. Dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edərkən daim bildirir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməsəydi, bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran Cənub Qaz Dəhlizi, o cümlədən TANAP, TAP ilə bağlı danışılmazdı. Ölkə Prezidenti neft strategiyasının uğurlu həllini digər aspektlərdən qiymətləndirərək bu məqamı da inamla vurğulayır ki, neft Azərbaycana sülh, sabitlik, əməkdaşlıq gətirir, gözəl imkanlar yaradır, iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini çoxaldır. Nazirlərin VIII toplantısında “Bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var” söyləyən cənab İlham Əliyevin “Bir daha qeyd edim ki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək” fikirləri keçilən yola baxış olmaqla yanaşı, qarşıdakı dövrün perspektivlərinin aydın mənzərəsini yaradır.

