YUNESKO Minsk Qrupuna “rəhmət” oxutsa… – təşkilatdan obyektivlik gözləyəkmi?
Ekspertlər nikbin deyillər; “Barmaqdan sorulmuş erməni yalanlarını təkrar edəcəklərsə…”
“Təəssüf ki, Qarabağa gələcək YUNESKO Komissiyasının fəaliyyəti müstəqil xarakter daşımayacaq”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri tarix elmləri namizədi, “Arxon” elmi jurnalının baş redaktoru, rusiyalı politoloq Anton Bredixin Minval.az-a müsahibəsində YUNESKO-nun Azərbaycan və Ermənistana gözlənilən missiyalarını şərh edərkən deyib.
Onun sözlərinə görə, bu qurumun ədalətli olmadığını yaxşı bilirik və onun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daxil olması heç bir müsbət nəticə verməyəcək: “Uzun müddət abidələrin dağıdılması davam edib, ermənilər bölgənin tarixini faktiki yenidən yazıblar. Bu gün biz görürük ki, müəyyən mədəni-tarixi obyektlərin adlarının, toponimlərinin bərpası, yerlərinin müəyyən edilməsi üçün çox əziyyətli iş lazımdır”.

Anton Bredix
Politoloq bu xüsusda YUNESKO-nun komissiyasının fəaliyyətinin birmənalı nəticələrə gəlməyə imkan verəcəyini düşünmür: “Biz yeni saxtakarlıqların, yeni yalanların şahidi olacağıq. Mən dəfələrlə demişəm ki, belə Qərb təşkilatlarının fəaliyyəti gözlənilən nəticəyə gətirib çıxara bilməz”.
Onun fikrincə, ATƏT-in Minsk Qrupu 30 ildə münaqişəni həll edə bilmədiyi kimi, YUNESKO da tarixi keçmişlə operativ şəkildə məşğul ola bilməyəcək. “Hətta komissiyanın fəaliyyətinin ”nəticələri” artıq hazırdır. Onlar yazılıb və sadəcə, formallığı – ekspertlərin səfərini gözləyirlər. Həmin “hesabat” isə heç də reallığı əks etdirmir”, – deyə ekspert kateqorik şəkildə öz fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə YUNESKO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. YUNESKO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, qurum Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib.
Bəs azərbaycanlı politoloqlar necə, onun qənaətini bölüşürmü? YUNESKO-dan obyektivlik gözləməyə dəyərmi?

Qabil Hüseynli
Professor Qabil Hüseynli də “Yeni Müsavat”a təşkilatdan obyektivlik gözləmədiyini açıqladı. “Amma hadisələri qabaqlamaq istəmirəm. Məhv edilmiş dini və tarixi abidələrimizə, məzarlıqlarımıza, nəşi olan insanlarımıza barbar əməllərə qarşı vicdanları oyanmayacaqsa, səhraya çevrilmiş azad edilən ərazilərə baxanda obyektiv rəy söyləməyəcəklərsə, o zaman deyə bilərəm ki, dünyada sivilizasiyalararası münasibətlərdə ciddi qarşıdurma var. Hətta bu qənaətə gəlmək mümkün olacaq ki, xristian sivilizasiyasını təmsil edənlər həqiqətə danışmağa qadir deyillər,”- deyə politoloq vurğuladı.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan tərəfinin bununla bağlı təşkilata göndərilmiş hesabatları var və burada da təkcə müşahidə etməyəcəklər, həm səlahiyyət sahibləri, həm alimlərlə dar çərçivədə də olsa söhbət aparılacaq: “Yəni barmaqdan sorulmuş erməni yalanlarını təkrar edəcəklərsə, onda tamamilə özlərinin problemi olacaq və YUNESKO-nun tarixinə qara hərflərlə yazılmış tarix kimi düşəcək. Ümid edirəm ki, heç olmasa baş verənlərin 50 faizini hesabatda göstərsələr, erməni vəhşilərinin törətdiyi cinayətlərin anti-bəşəri mahiyyətini açmağa imkan verəcək”.
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, müharibə il yarımdır qurtarıb, azad edilən ərazilərdə quruculuq işləri gedir və YUNESKO-nun komissiyanı indiyə qədər göndərməməsi artıq onun obyektivliyini şübhə altına alır.

Qulamhüseyn Əlibəyli
Partiya sədri hesab edir ki, vaxtında gəlməliydilər və erməni vandalizminə şahid olmalıydılar: “Azərbaycan müharibə bitəndə bu təşkilata müraciət etmişdi ki, komissiyanı göndərin. Amma indi göndərirlərsə, deməli, çətin ki, obyektiv rəy versinlər. Yenə də gəlsinlər, baxsınlar. Sadəcə, bu qədər hərəkətsizliklərindən aydın olur ki, hansı hesabatla çıxış edəcəklər. Adətən beynəlxalq təşkilatlarda qabaqcadan hesabat olur, sonra formal səfər edirlər, baxıb gedirlər, ona görə obyektiv rəy gözləmirəm”.
Q.Əlibəyli bildirdi ki, ümumiyyətlə, beynəlxalq təşkilatlarda dəyərlər itib: “Bu vaxta qədər hərəkətsizliyi YUNESKO-nun nüfuzuna xələl gətirmiş amildir. Bundan sonra nə rəy verməsi əhəmiyyət kəsb etmir. Hər halda ümid edək ki, biz deyən proqnoz olmasın”.
Qeyd edək ki, Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə YUNESKO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi bəyan edib ki, Ermənistan XİN YUNESKO missiyalarının səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Rəsmi Bakı Ermənistan XİN-in bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı YUNESKO-ya təqdim edib.

