Əsas səhifə 

Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib

Eyni həftədə «Yaşma» Elektrik Stansiyası»nın və «Qobu Enerji Qovşağı»nın istifadəyə verilməsi göstərir ki, Azərbaycanın «yaşıl enerji» siyasəti ölkə iqtisadiyyatını daha da gücləndirəcək

Ənənəyə uyğun olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji layihələrinə dəstəkdir.
Bu inamın nəticəsidir ki, XXI əsrin ən böyük layihələrindən olan və «Şahdəniz» Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət Cənub Qaz Dəhlizinə maraq daha da artır. Dünyanın enerji xəritəsinin dəyişilməsində xüsusi rolu olan bu layihə ilə bağlı yaradılan əməkdaşlıq formatı genişlənir. Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri Məşvərət Şurasının toplantısında çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizinin uğurla tamamlanması Avropa ölkələrinin enerji təhlükəsizliyinin, regional sabitliyin təminatına yönələn birgə səyin bəhrəsi, layihədə təmsil olunan dövlətlərin koordinasiyasının uğurudur.

«Azərbaycan öz «yaşıl enerji» siyasətinə münasibətdə çox işlər görür. Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib – Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə – Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, təbii qaz böhranının yarandığı və ölkəmizin ən mühüm enerji bazarı olan Avropada Azərbaycan qazına tələbat artmaqdadır.

Qarşılıqlı əməkdaşlıq prinsiplərini əks etdirən Azərbaycanın enerji diplomatiyasının xoşməramlı niyyətlərə əsaslanmasının nəticəsidir ki, neft və qaz yataqlarının işlənilməsində iştirak edən tərəfdaşların birgə səyləri, yeni yataqların kəşfi və yeni texnologiyaların tətbiqi müsbət nəticə verir. Ən böyük qaz kondensatı yataqlarından olan «Abşeron», «Babək», «Ümid» yataqları istismara verildikdən sonra Azərbaycanın şaxələndirilmiş enerji siyasətini dəstəkləyənlərin sırası da genişlənəcək. «Bizi 4 ölkə, 4 qonşumuzla birləşdirən şaxələndirilmiş qaz nəqli şəbəkəsinə malik olmaqla, əsas ixrac marşrutu – Cənub Qaz Dəhlizi tamamlanandan sonra, düşünürəm ki, bizim planlarımız həyata keçiriləcək. Lakin əlbəttə ki, biz bu komanda işini davam etdirməliyik. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, bizim işimiz isə davam edir. Əminəm ki, biz yeni nəticələr əldə edəcəyik» söyləyən Prezident İlham Əliyev qürurla bildirir ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən azsaylı ölkələrdəndir. Enerji potensialı əsasən daxili istehlaka hesablanan Azərbaycanın Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində dünyada ikinci yerdə qiymətləndirilməsi deyilənləri təsdiqləyir. Hesablamalar göstərir ki, Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edən Azərbaycanın enerji nəqli imkanlarını Avropaya qədər genişləndirmək potensialı mövcuddur.

44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin enerji ilə təchizatı üçün xüsusi proqramlar həyata keçirilir, «yaşıl enerji» strategiyasının reallaşması istiqamətində mühüm addımlar atılır.

Azərbaycanın Energetika Nazirliyi dünyanın aparıcı şirkətləri ilə Qarabağ və Şərqi Zəngəzurda «yaşıl enerji» zonası üçün konseptual proqramaların hazırlanması istiqamətində danışıqlar aparır. «Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir» söyləyən Prezident İlham Əliyev bildirir ki, bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri təkliflərini bildirirlər. Qara dənizin dibi ilə Mərkəzi Avropanı regionumuzla birləşdirəcək elektrik xətlərinin çəkilməsi ilə bağlı nəzərdə tutulan planların reallaşması üçün ölkəmizdə böyük potensial vardır.
Azərbaycanın təşəbbüsü ilə reallaşan neft-qaz kəmərlərinin inşasında ölkəmizə daim dəstək göstərən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson «Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir» söyləməklə onu da vurğulayır ki, Azərbaycan Avropa üçün ən etibarlı enerji mənbəyidir: «Bunun üçün Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var.»

Bu günlərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilən, Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan, strateji əhəmiyyətə malik, Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulan «Yaşma» Elektrik Stansiyasının” istifadəyə verilməsi ölkə iqtisadiyyatının və sənayesinin inkişafını daha da sürətləndirəcək. Açılışda iştirak edən Prezident İlham Əliyevə bildirildi ki, Şimal-şərq rayonlarının və Abşeron yarımadasının enerji təchizatında müstəsna əhəmiyyətə malik «Yaşma» Elektrik Stansiyasının ümumi gücü artırılaraq 750 meqavata çatdırılıb.

Eyni həftə ərzində, «Yaşma»dan sonra 330 kilovoltluq «Qobu Enerji Qovşağı»nın istifadəyə verilməsi ölkə daxilində enerjiyə tələbatın ödənilməsi üçün atılan ən önəmli addımdır.

Açılış mərasimindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) müsahibəsində ölkəmizin enerji siyasətinin uğurlarından bəhs edən Prezident İlham Əliyev bildirdi ki, ən qısa müddətdə belə nəhəng enerji obyektlərinin inşası Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, təbii resurslardan düşünülmüş istifadə nəticəsində mümkün olmuşdur. Pandemiyanın dünya dövlətlərinin iqtisadiyyatı üçün yaratdığı böhrana baxmayaraq Azərbaycanın enerji siyasətini uğurla davam etdirməsi ölkəmizin iqtisadi müstəqilliyinin nəticəsidir.
Qeyd olunduğu kimi, Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 1,6 milyard kilovat/saat enerji ixracı rekord göstərici olmaqla bir həqiqəti təsdiqləyir: Azərbaycan çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə sənayesinin generasiya güclərinə tələbatı daxili imkanları hesabına ödənilir.

«Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir» söyləyən Prezident İlham Əliyev müstəqilliyimiz illərində Azərbaycanın adının enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələr sırasında çəkilməsini respublikamızın möhkəmlənən nüfuzu, siyasi iradəsi və beynəlxalq səviyyədə vədinə sadiq etibarlı dövlət kimi tanınmağımız kimi dəyərləndirir. Mövcud potensial, daxili resurslar hesabına möhkəmlənən enerji ilə təchizatımız, ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmaması, ən başlıcası isə əvvəlki illərdə çətinlik törədən xarici təchizatçılardan asılılığın aradan qaldırılması görülən işlərin qürurverici bəhrəsidir. Hədəfə çatmaq üçün axtarışların zəruriliyini tələb edən Prezident İlham Əliyev prioritet kimi bərpaolunan enerji növləri istiqamətində planların həyata keçirilməsi ilə bağlı daha mühüm nailiyyətlər qazanılacağını da vurğulayır. «Bu sahəni mən artıq bir neçə ildir ki, prioritet sahə kimi müəyyənləşdirmişdim. Onu da bildirməliyəm, adətən bu sahəyə o ölkələr daha ciddi fikir verir ki, o ölkələrdə təbii enerji resursları yoxdur, ya azdır, ya da ki, çatmır. Ona görə qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr məcburən bu sahəyə fikir verirlər, investisiyalar qoyurlar. Bizdə isə əksinə, biz özümüzü və tərəfdaşlarımızı bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilərik. Buna baxmayaraq bu gün bərpaolunan enerji növlərinə sərmayə qoyuruq. Nə üçün? İlk növbədə, ona görə ki, bu, ən təmiz enerji növüdür» söyləyən Prezident İlham Əliyev təbii qazdan, sudan, günəşdən, küləkdən istifadəni ekologiyanın, ətraf mühitin qorunması baxımından da əhəmiyyətli seçim adlandırır. Bunun üçün Azərbaycanda geniş imkanlar, zəngin potensial mövcuddur. Ölkəmizə sərmayə yatırmaq istəyən xarici şirkətlər üçün sərfəli investisiya mühiti yaradılıb. Artıq ilk addımlar atılıb. Ölkəmizlə enerji sahəsində əməkdaşlıq etmək istəyən «ACWA» Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirilib. Hazırda BP, Birləşmiş Ərəb Əmirliklərinin «Mazdar» şirkətləri ilə bağlı danışıqlar aparılır. «Xudafərin» və «Qız qalası» su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur ki, o gücün yarısı Azərbaycana çatacaq. «Azərenerji»nin 50 meqavatlıq külək elektrik stansiyası da enerjiyə tələbatın ödənilməsinə payını verəcək.

«Ondan sonra azad edilmiş torpaqlarda keçən il «Güləbird», «Suqovuşan-1», «Suqovuşan-2», Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır» sözləri ilə görüləcək işlərin davamlı olacağını bildirən Prezident İlham Əliyev vurğulayır ki, bizim ən böyük potensialımız Xəzər dənizindədir. Hesablamalara görə, Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur.

AZƏRTAC-a müsahibəsində Zəngəzur dəhlizinin bərpası ilə bağlı proqnozları açıqlayan Prezident İlham Əliyev bildirir ki, Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi ön plandadır: «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq» söyləyən dövlət başçımız onu da bildirir ki, biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq.» Başqa sözlə deyilsə, regionun mütərəqqi təkliflər, layihələr platformasına çevrilməsində də söz sahibi olan Azərbaycanın «yaşıl eneji» siyasəti bütünlükdə bölgəyə sabitlik, əmin-amanlıq vəd edir.

Daha çox xəbərlər