Siyasət 

Dünyanın əyri vaxtında Bakı və Ankaranın düz siyasəti – növbəti zəfərlərə aparan əməkdaşlıq

21-ci əsrin üçüncü onilliyini yaşadığımız bir zaman çərçivəsində dünyanı “toz-duman” öz ağuşuna almaqdadır. Bəlkə də son onilliklərdə heç zaman olmadığı qədər üçüncü dünya müharibəsi, yaxud işğal, hücum xəbərdarlığı barədə xəbərlər, analitiklərin proqnozları, media materialları tirajlanır ki, bu da təsadüfi deyil.

Bir tərəfdə dünyanın supergücü ABŞ-ı belə təhdid edən təhlükəli güc mərkəzləri meydandadır. Şimali Koreya nüvə sınaqları və raket yoxlamaları keçir, İran nüvə dövləti olmaq yolunda irəliləyir, bu istəyindən, sanksiyalara rəğmən, bunca olanlardan sonra geri durmaq istəmir. Digər istiqamətdə isə Rusiya Ukrayna böhranı yaradıb, ABŞ-ı o bataqlıqda boğmağa çalışır, eyni zamanda Çin Hind okeanında və Cənub Şərqi Asiyada Amerika ilə gizli-aşkar formada qabaqlaşır, Vaşinqtona əzələ nümayiş etdirir.

Diqqətçəkən bir məsələ var: bütün bu baş verənlərin fonunda Avropa ABŞ-a qarşı sürüşkən və etibarsız mövqe tutur. Avropanın və ümumilikdə dünyanın aparıcı təsisatlarından olan Avropa İttifaqı faktiki olaraq, obrazlı desək, “nə əldən qoyur, nə yardan doyur” – Çinlə, Rusiya, İranla münasibətləri ABŞ-a görə korlamaqda maraqlı görünmür. Belə vəziyyətdə Amerika özünü təklənmiş hiss etməmək üçün dövriyyəyə İsraili daxil edib. İsrail prezidenti isə öz növbəsində Türkiyə və Səudiyyə Ərəbistanı ilə münasibətləri düzəltməyə qərar verib. Artıq hər iki ölkəyə səfər planlaşdırılır. Artıq Türkiyə lideri ərəb ölkəsinə səfərlə bağlı ilk addımı atıb. Türk lider 4 il yarımlıq fasilədən – 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda öldürülməsindən sonra Səidiyyə Ərəbistanına ilk dəfə səfər edib və 14 fevralda Ciddədə Səudiyyə kralı ilə görüşüb. Paralel olaraq Ankara-Təl-Əviv münasibətlərindəki buzlar sürətlə əriməkdədir. İsrailin bu iki dövlətlə yaxınlaşması və dostlaşması ilk növbədə İranın nüvə dövlətinə çevrilməsinin qarşısının alınması kimi qiymətləndirilir.

Bir sözlə, bölgə böyük dövlətlərin, qlobal güclərin müxtəlif maraqlarının toqquşduğu təhlükəli vəziyyət almaqda davam edir. Azərbaycan və Türkiyə bu əlverişli məqamdan maksimum faydanlanmaqdadır. İki ölkə arasında hərbi-siyasi yaxınlaşma qlobal məkandakı bu qarışıqlığın fonunda baş verir… İndi Türkiyə və Azərbaycan Amerika, Avropa Birliyi, Rusiya, Çin, hətta İran üçün ən əlverişli müttəfiq və bölgədə dayanmaq, mövcud olmaq üçün ən etibarlı tərəfdaşdır. Biz Türkiyə ilə eyni maraqların daşıyıcısıyıq. İlham Əliyev və R.T. Ərdoğan maksimum çalışırlar ki, həm Qərblə, həm Rusiya ilə, həm də Çinin timsalında Şərqlə eyni məsafədə dayansınlar, bu güclər arasında baş verən dartışmanın və gözlənilən müharibənin ortasında qalmasınlar. Mövcud durumla bağlı ekspertlərimizin maraqlı şərhləri var.

Toğrul İsmayıl: "Rus əsgərlərinin bölgəyə yerləşməsi Azərbaycanı bacarıqsız  dövlət olaraq tanıdacaq"

Toğrul İsmayıl: “Həm Türkiyənin, həm Azərbaycanın gücü artdıqca, bu işbirliyinin, əməkdaşlığın daha effektli olduğunu görürük və təsirini hiss edirik”

Politoloq, Ankara Universitetin professoru Toğrul İsmayıl “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bildirdi ki, hazırki dönəmdə ABŞ superdövlət olaraq öz gücünü artırmağa, nəzarəti ələ almağa, eyni şəkildə digər dövlətlər də öz nüfuz sahələrini genişləndirməyə çalışırlar: “Bu cür proseslər dünyada hər zaman baş verir. Sadəcə, indi bir az açıq, hətta bir az gərgin  müstəviyə keçib. Xüsusilə də bizim 44 günlük Qarabağ müharibəsinin ardınca Rusiyanın Ukrayna  üzərindən ABŞ və Qərblə olan qarşıdurması bölgədə bir növ gərginliyi artırmış vəziyyətdədir”. Politoloq mövcud situasiyada Bakı və Ankaranın yürütdüyü siyasətin mühüm nəticələrinə də geniş yer ayırdı: “Azərbaycanla Türkiyənin işbirliyi tamamilə fərqlidir, inkişaf etməkdədir. Həm Türkiyənin, həm Azərbaycanın gücü artdıqca, bu işbirliyinin, əməkdaşlığın daha effektli olduğunu görürük və təsirini hiss edirik. Elə 44 günlük Qarabağ müharibəsi çox ciddi bir sınaq idi. Həm Türkiyə, həm Azərbaycan – ilk növbədə Azərbaycan – bu sınaqdan uğurlu çıxdı. Bunun ardınca işbirliyi, əməkdaşlıq daha yüksək səviyyədə, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çıxarıldı. Münasibətlərin müttəfiqlik çərçivəsinə çıxarılması həm parlamentlər, həm də prezidentlər tərəfindən təsdiqlənməsi ilə rəsmiləşdirildi, bu məsələ tamamlandı. Görürük ki, bizim regionda, Cənubi Qafqaz siyasi coğrafiyasında yeni bir dəyişiklik var. Bu dəyişiklik nədir: yeni bir əməkdaşlıq daha üst səviyyəyə çıxarıldı. Daha öncə olan üçlü əməkdaşlıq formatı var: Türkiyə, Azərbaycan, Gürcüstan. Bunun içərisinə Gürcüstanı da alaraq, 3+3 məsələsini də bu şəkildə həll etmiş oluruq. Yəni üçlü mexanizmamız tamamlanmış şəkildədir, digər tərəfdən isə yeni format. Digər tərəfdən, başqa şeyləri də görürük. Bölgədə əvvəldən maraqları olan Amerikanın, Avropa Birliyinin, Rusiya, hətta İranın bizim bölgəyə marağı dəyişməkdədir. Çin bir az uzaqdadır, amma Pekinin də burada maraqları var. Çin hələlik bu məsələdə ilk sırada deyil. Birinci sırada, əlbəttə, Rusiya, ABŞ, Avropa Birliyi və İrandır. Azərbaycan və Türkiyə əməkdaşlığı əslində bu maraqların həm istiqamətini, həm də yanaşma şəklini dəyişdirdi. Rusiyanın Türkiyə və Azərbaycanla əməkdaşlığı daha fərqli  bir müstəviyə gəldi. Eyni zamanda İran nə qədər məmnun olmasa da, yeni reallığı qəbul etmək məcburiyyətində qaldı. Tehranın 3+3 formatını qəbul etmək məcburiyyətində qaldığını görürük. İranın bu yanaşmanı sərgiləməsi prosesində eyni zamanda Rusiyanın İrana təsir mexanizmini də gördük. Yəni Rusiya da bizim bölgəmizdəki reallıqlara fərqli gözlə baxmağa başladı və öz siyasətində korrektələrə getdi”.

T.İsmayıl Cənubi Qafqazdakı proseslərin ardınca daha geniş bölgəyə, Türkiyənin Şərq siyasətinə də diqqət çəkdi: “Yaxın Şərqdə baş verən proseslər Azərbaycanı da narahat etməyə bilməz. Çünki biz də istər-istəməz geniş geopolitik sahədə mövcuduq. Bu hadisələr bizə də təsirsiz ötüşmür və xüsusilə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin artdığı bir dönəmdə də bunu görürük. Biz müşahidə edirik ki, bölgədə yeni bir dəyişim baş verir. Türkiyə-İsrail münasibətləri yeni müstəviyə keçir. İsrail prezidenti Türkiyəni ziyarət edəcək. Eyni zamanda Türkiyənin dünənədək münasbətlərinin çox isti olmadığı Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri, yaxud digər Yaxın Şərq ölkələri ilə əməkdaşlığı yenidən şəkil dəyişdirir və başqa müstəviyə, yaxın əməkdaşlıq müstəvisinə keçir. Bu da regionumuzda baş verən proseslərin özünün bir göstəricisidir. Bu dinamika, əlbəttə, dövlətlərin maraqları və  münasibətləri ilə şəkillənən bir məsələdir. Amma biz bunun arxasında eyni zamanda nəyi görürük? Türkiyənin də bölgədə gücünün və nüfuzunun artdığını görürük ki, bunu da böyük dövlətlər qəbul etmək məcburiyyətindədir. ABŞ da bu reallığı yavaş-yavaş qəbul edəcək, artıq edir də. Bəzi şeylər tərs düşə bilir, amma ümumiyyətlə, biz bu işbirliyinin artdığını da söyləyə bilərik”.

Professor əmindir ki, mövcud durum Azərbaycan və Türkiyənin gücünü daha da artırır: “Bu əməkdaşlığa nə qədər ehtiyac olduğunu, hətta sadəcə bu şəkildə deyil, əməkdaşlığın daha sıx hala gəlməsini, daha da yaxınlaşmanı təşviq edir, bu da bir gerçəklikdir. Eyni zamanda bu işbirliyi gücdür, dəngəni dəyişdirir. Uzun illərdir istədiyimiz bu idi. Biz gücümüzü nə qədər üst səviyyəyə çıxardığımız zaman təsiretmə mexanizmimiz də artır, eyni zamanda proseslər xeyrimizə cərəyan edir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Türkiyə hərbi bazalarının Azərbaycanda formalaşdırılmasını sürətləndirməliyik”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ üçün artıq regional problemləri nəzarətdə saxlamaq getdikcə çətinləşir: “”Soyuq müharibə” bitdikdən sonra birqütblü dünya formalaşsa da, artıq yeni qütblər yaranmaqdadır və bu qütblər ABŞ-a, digər ölkələrə meydan sulayırlar. Bunlardan iki dövlətin adını çəkmək olar: Rusiya və Çin. Bu iki dövlət həm ABŞ-a, həm də beynəlxalq aləmə ciddi başağrıları yaradır. Rusiya aydındır, o, qonşu dövlətləri özünün arxa bağçası sayır, separatçılara dəstək verir, Azərbaycanda, Gürcüstanda, Ukraynada, həmçinin Ukraynanı hədələyir. İndi böyük dövlətlər Rusiyanı ram etmək üzərində düşünür. Amma mənim ehtimalıma görə, Ukraynaya qarşı müharibə mümkündür, sadəcə, tarix bəlli deyil. İkinci istiqamət Çindir. Çin də ABŞ və beynəlxalq aləmə böyük problemlər yaradır. Çin 2000-ci illərədək proseslərə qarışmazdı, ancaq iqtisadi qüdrətini artırmaqla məşğul idi. Ancaq 2000-ci illərdən başlayaraq, hərbi gücünü də artırır, hərbi dəniz donanmasını gücləndirir və qonşularla münasibətlərini gərginləşdirmək yolunu seçib. Hindistanla münasibətlərini gərginləşdirib, bir müddət öncə sərhəddə insidentlər yaşandı, hər iki tərəfdən itkilər oldu. Həmçinin Yaponiya, Avstraliya ilə münasibətləri gərgindir. Məhz elə buna görə Çini durdurmaq üçün ABŞ və bölgə dövlətləri, Hindistan, Avstraliya və Yaponiya ilə dördlü format formalaşdırdı ki, Pekini durdurmaq mümkün olsun. Çünki Çin açıq deyir ki, mən Tayvanı ələ keçirəcəyəm. Bu mənada, bəli, Rusiya və Çin ABŞ-a, onun müttəfiqlərinə ən böyük təhlükədir”. Belə bir situasiyada Azərbaycanın siyasətinə gəldikdə, E.Şahinoğlu bildirdi ki, biz bu məsələdə seçim etmirik: “Biz, əlbəttə, Rusiyanın siyasətindən narahatıq və narazıyıq. Azərbaycan Prezidenti dəfələrlə Rusiya hərbçilərinin təxribatları haqqında fikirlərini bildirib. Dünyada böyük toqquşmalar olarsa, biz müşahidə edəcəyik, çünki kiçik dövlətik. Amma həm də müşahidələrimizə əsaslanıb, öz seçimimizi etməliyik. Seçimimiz də Türkiyə ilə strateji müttəfiqliyimizi gücləndirməkdir. Parlamentlər tərəfindən ratifikasiya olunan Şuşa Bəyannaməsi prezidentlər tərəfindən imzalanıb. Əgər Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz bu bəyannamənin maddələrini sürətlə yerinə yetirməliyik, Türkiyə hərbi bazalarının Azərbaycanda formalaşdırılmasını sürətləndirməliyik”.

Daha çox xəbərlər