Ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə verilən töhfə.
Son illərin ən böyük infrastruktur layihələrindən biri artıq hazırdır. Cəmi bir il ərzində yüksək gərginlikli ötürücü xəttlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmışdır. Belə ki, avqust 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təməli qoyulan 385 meqavatlıq Tikintisi fasiləsiz rejimdə aparılan “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası olduqca qısa bir müddətdə tikilib istifadəyə verilib. Gücü 750 meqavat olan Yaşma yarımstansiyasının və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər.
30 il işğal altında qalaraq erməni vandalları tərəfindən darma-dağın edilən torpaqlarımızda bu gün həyat qaynayır. Yeni infrastruktur layihələr həyata keçirilir. Eyni zamanda bu ərazilərdə yaşayış üçün, həyat üçün vacib olan Elektrik stansiyaları da tikilib təhvil verilir. Bu gün Azərbaycan xarici investisiyalar üçün cəlbedici bir ölkəyə çevrilib. Xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanır, odur ki, investisiya qoymaqdan çəkinmirlər.
Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür. Diqqətəlayiq məqamlardan biri budur ki, Azərbaycanın bərpa olunan enerji potensialı artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var. Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Dövlət rəhbərinin müsahibəsinin ümumi məğzi bundan ibarətdir ki, icra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi-Tamam Hüsüzadə

