Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun.
Sentyabrın 27-dən başlayan Vətən uğrunda müharibədə əldə etdiyimiz qələbələr silsiləsi hazırda da çox böyük uğurla davam etməkdədir. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olmuşdur. Cari ilin noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətində Ağdam rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibətilə təbriklərini çatdırdı.”Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”- 27 illik işğaldan sonra Ağdama ilk səfərində söyləmişdi bu sözləri Müzəffər Ordunun Ali Baş Komandanı .Və bu gün Ağdam ölkənin “qazi “şəhəri olaraq yeni nəfəs qazanıb. Ölkə başçısının diqqəti, qayğısı Ağdama növbəti səfərində əks olunurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı kimi rayonlara səfərləri çərçivəsində ilk olaraq məhz Ağdama gedib. Həmin səfər zamanı Prezident dövlətin məcburi köçkünlərə hər zaman diqqət və qayğı göstərdiyini, bundan sonra daha yaxşı imkanların yaradılacağını söyləyib İşğaldan azad olunana qədər Prezident 9 dəfə Ağdama səfər edib və bütün səfərləri zamanı açılışını etdiyi, təməlini qoyduğu sosial-iqtisadi obyektlər dövlət başçısının rayona necə diqqət göstərdiyini bir daha təsdiqləyirdi. Ağdam azad olunana qədər dövlət başçısının fərman və sərəncamlarına əsasən işğal altında olmayan ərazilərdə 18 yeni tipli qəsəbə, İdman Olimpiya Kompleksi, Muğam Mərkəzi, 5 xəstəxana, Xalçaçılıq fabriki və çoxlu sayda müəssisələr tikilmişdi. Quzanlı kəndi bütün bu quruculuq işləri nəticəsində qəsəbə statusu almışdır Son 17 il ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin məqsədi dayanıqlı inkişafı, müstəqil siyasəti möhkəmləndirmək və xalqın xoşbəxt gələcəyini tam təmin etmək olub. Bu gün dünya da şahidlik edir ki, Azərbaycan qısa zaman ərzində daha qüdrətli, sözünün sahibinə çevrilən dövlət olub. Ölkəmiz uzaqgörən liderinin yürütdüyü müstəqil siyasətlə dünyada ən etibarlı tərəfdaşa çevrilib. işğaldan əvvəl Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Birləşdirilən kəndləri və əhalinin artımını da nəzərə alsaq, şəhər sakinlərinin sayı 50 mindən çoxdur. Prezidentin tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Qafqazın Xirosiması adlandırılan Ağdam şəhərində ən müasir, modern tikinti-quruculuq işlərinə start verilir Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir. Ağdam şəhərində mühüm infrastruktur layihələrinin icrasına da başlanılıb. Qarabağda başlanılan quruculuq işləri çərçivəsində dəmir yolu infrastrukturu layihələri də intensiv şəkildə həyata keçirilir. Belə layihələrdən biri də Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərin bərpası və Ağdam rayonunun dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə inşa ediləcək Bərdə-Ağdam dəmir yolunun ümumi uzunluğu 45 kilometrdir. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi önəm kəsb edir. Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən artıq hər biri 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi yekunlaşıb. Dövlətimizin başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər. “Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilib. Bu yarımstansiyalarda rəqəmsal idarəetmə mərkəzi yaradılıb. Skada sisteminə qoşulub. Paralel olaraq fiberoptik kabellərin çəkilişi təmin edilib ki, bu da Ağdam şəhərinin gələcəkdə yüksəksürətli internet ilə təchiz olunmasına şərait yaradacaq. Ağdam rayonunda iqtisadiyyatın, yerli istehsalın inkişafına böyük təkan verəcək, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq layihələr də icra olunacaq. Belə layihələrdən biri Ağdam Sənaye Parkıdır. Artıq Sənaye Parkının inşasına start verilib. İlkin olaraq Sənaye Parkında sosial sahənin tikintisi həyata keçirilib. Burada Sənaye Parkında çalışacaq fəhlə və mühəndis kollektivinin yaşayışı üçün lazımi şərait yaradılıb. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olublar. Artıq Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Düşmənin 30 ilə yaxın müddətdə talayıb dağıtdığı şəhərə indi yeni nəfəs gəlib 30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub. İşğal dövründə məscidin minarələri erməni hərbçilərin ətraf ərazilərə nəzarət etmələri məqsədilə müşahidə qülləsi kimi, ibadət ocağının özü isə donuz və mal-qara saxlanılması üçün istifadə olunub. Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağın təkrarolunmaz üslubunda tikilib. Məscid iki müharibə görüb, dəhşətlərin şahidi olub – 1992-ci ildə Xocalı soyqırımı qurbanlarının nəşlərini Ağdama çatdıraraq bu məscidə gətiriblər. İndi isə, 27 illik işğaldan sonra, məscidin ərazisini təmizləyib sahmana salıblar, Azərbaycan bayrağı cancıblar, burada yenidən azan oxunaraq namaz qılınıb. Görülən işlər və reallaşacaq tədbirlər onu deməyə əsas verir ki, qısa bir zamanda Ağdam müasir bir şəhərə çevriləcək və Ağdam sakinləri firavan və rahat bir həyatla təmin olunacaqlar. Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya

