Kosa və Keçəl Novruz yarmarkasında
Yarmarkaların keçirilməsində məqsəd məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır
Gəncənin Nizami rayonunun Şeyx Bahəddin küçəsində və Kəpəz rayonunun “Qrand Qafqaz” Ticarət Kompleksində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Yarmarkada Novruz atributları olan Kosa və Keçəl musiqili proqramla çıxış edib, alıcılara bayram əhval-ruhiyyəsi yaşadıblar.
ARANTV.AZ xəbər verir ki, yarmarkada Gəncə və ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və ərzaq məhsulları satışa çıxarılıb.
Bazar qiymətindən aşağı tərəvəzlər, meyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, qənnadı məmulatları, sular və şirələr, eləcə də müxtəlif çeşiddə ərzaqlar alıcılara təqdim edilib.
Ayrılan yer müasir tələblərə uyğun formada təşkil edilib, istehlakçılar və fermerlər üçün əlverişli şərait yaradılıb.
Satış yarmarkalarının keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır.
Yarmarkada yumurtanın 1 ədədi 10 qəpiyə, unun 50 kiloqramı 26 manat 50 qəpiyə, qoz və fındığın bir kiloqramı 4-6 manata, şabalıd 7 manata təklif olunub. Habelə mal əti 7 manat 50 qəpiyə, qoyun əti 8 manata, toyuq əti 3 manat 30 qəpiyə satılıb. Kartof və soğanın qiyməti 50-60 qəpik arasında dəyişib.
Gəncədə hər həftənin şənbə və bazar günləri olmaqla, Novruz bayramınadək satış yarmarkaları mütəmadi təşkil ediləcək.




azərtac

