Tükənməz Vətən sevgisi və xalqa xidmət nümunəsi
Bu günlərdə möhtərəm Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu vəzifəyə təyinatının 5 ili tamam olur. Əslində Mehriban xanım Əliyevanın bu ali vəzifəyə təyinatını ictimaiyyət çoxdan gözləyirdi. Çünki bu fədakar xanımın bu vəzifəyə təyin olunanadək keçdiyi zəngin və şərəfli yol, müxtəlif sahələrdə qazandığı mükəmməl təcrübə onun ali dövlət vəzifəsində təmsil olunmasını zəruri etmişdi. Bu, həm də bir sosial sifariş və ehtiyac olmaqla bir növ ictimai tələb idi. Onun mükəmməl təcrübəsi cəmiyyət üçün, xalq üçün, dövlətimiz üçün bir qazanc olmaqla ictimaiyyət tərəfindən yüksək dəyərləndirilirdi. Öncə qeyd etmək istərdim ki, ölkəmizdə keçirilən son referendumda konstitusiyaya edilən dəyişiklərdən biri də Birinci vitse-prezidentlik institutunun yaradılması idi. Əlbəttə yeni bir dövlət idarəçilik təsisatının yaradılması möhtərəm cənab Prezidentin bütün sahələrdə həyata keçirdiyi ardıcıl islahatların tərkib hissəsi idi.
Bu mənada 2016-cı ildə Birinci vitse-prezident institutunun təsis edilməsindən sonra xalq bu təyinatı səbirsizliklə gözləyirdi.
Möhtərəm Birinci vitse-prezident çalışdığı bütün vəzifələrdə sadəlik, təvazökarlıq, əlçatanlıq, şəffaflıq, mərhəmət, humanizm kimi xüsusiyyətləri vəzifə məsuliyyətinin əsas mahiyyəti olduğunu sübut etmişdi. Bütün bu vəzifələrdə Mehriban xanım Əliyeva ona etimad göstərən insanlar, təşkilatlar qarşısında hesabatlılığı özünə borc bildi, dövlət idarəçiliyinin əsas atributu hesab etdi.
Məhz elə bu yanaşma və etimad göstərənlərə səmimi münasibəti və onlara verdiyi dəyər ona hədsiz böyük sevgi və rəğbət qazandırmışdı. Mehriban xanım Əliyeva müsahibələrinin birində “həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir” deyərək, özünün nəcib missiyasının gələcək yol xəritəsi ilə insanların könlünü fəth etmişdi. Onun rəhbərliyi ilə həyata keçirilən ölçüyə sığmayan əzəmətli layihələrlə mədəniyyətimizin qoruyucusu və təbliğatçısı, səhiyyənin və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi, kimsəsizlərin dayağı adlandırıldı.
Beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələrlə, özünün mədəniyyət diplomatiyası ilə dövlətimizin və xalqımızın nüfuzunu daha da artırdı. Həm ölkəmizdə, həm də, sərhədlərimizdən çox-çox uzaqlarda sevildi və hörmət qazandı. Onun səmimiyyətinə inandılar və etimad göstərdilər. Mehriban xanım Əliyeva xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla bərabər, həm də bəşər mədəniyyətini qorumağa çağırdı və sivilizasiyalarası dialoqa mühüm töhfələr verdi. Onun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə yüksək səviyyəli tədbirlər keçirildi.
O, çıxışlarında “həyatda nə böyük, nə də kiçik rollar olmur” deyərək, düşüncə və baxışlarını insanlarla paylaşdı. O, hansı vəzifədə oldusa, o vəzifəyə şöhrət gətirdi. Möhtərəm Birinci vitse-prezidentimiz hansı işi görməyə qərar verdisə, hansı layihəni gerçəkləşdirdisə uğur Onunla oldu. Ölkəmizdə və müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda hansı titullara, hansı vəzifələrə layiq görüldüsə, milli və bəşəri dəyərlərə xidmət etməklə o missiyanın həqiqi elçisinə və rəmzinə çevrildi.
Möhtərəm Mehriban xanım Əliyeva dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə və inanclara malik insanları dialoqa çağırdı. Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə və bütövlükdə gördü. İnsanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, humanizm dili ilə münasibət qurmağa səslədi. Xalqımızın timsalında birgə yaşamağın mümkünlüyünü sübut etdi, ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, onlar üçün ümid yeri olmağın yolunu göstərdi.
Respublikamızın Birinci vitse-prezidentinə ötən dövr ərzində ölkə daxilində, eləcə də, beynəlxalq aləmdə böyük etimad göstərilmişdir. Bütün bu vəzifələrdə O, fəaliyyəti ilə, qazandığı şöhrətlə ölkəmizə və xalqımıza baş ucalığı gətirmişdir. Çünki Onun həyat fəlsəfəsində vəzifə insanlara ləyaqətlə xidmət etmək üçün vasitədir. Vəzifənin böyük-kiçikliyi və ya ictimai-dövlət olması əsas ola bilməz. Bu baxımdan Onun həyata keçirdiyi hər bir layihənin məqsədində və hədəfində dövlətinə, vətəninə, xalqına və insanlığa xidmət etmək olmuşdur. Möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qurucusu və sədri, Gimnastika Federasiyasının prezidenti, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri və nəhayət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ali və mötəbər vəzifələrdə heç vaxt dəyişmədi. Əksinə sadəliyin və səmimiyyətin, kamilliyin əsil nümunəsi ilə hər kəsə sirdaş və ümid yeri oldu. Sosial şəbəkələrdəki paylaşımında Onun bütün titullardan uca bildiyi bir titulu görə bilirik: “Sizin Mehriban”.
Sözsüz ki, Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətini bir yazıda qeyd etmək mümkün deyil. Necə deyərlər, görünən dağa nə bələdçi…
Möhtərəm Birinci vitse-prezidentimiz ötən illər ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı. Yüksək kürsülərdə Qarabağın, Xocalı soyqırımının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən səsi oldu.
Məlum olduğu kimi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Ordumuz Vətənimizin ayrılmaz parçası olan Qarabağ torpağını təcavüzkar Ermənistanın işğalından azad etdi. Mehriban xanım Əliyevanın Ali Baş Komandanla işğaldan azad olunmuş ərazilərimizə səfəri düşmənə və onun havadarlarına göz dağı oldu. Bu səfərlə O, cəsur Azərbaycan qadınının obrazını dünyaya bir daha bəyan etdi O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı oldu. Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu.
Bu gün Mehriban xanım Əliyeva möhtərəm Prezidentimizlə birlikdə Qarabağa böyük Qayıdışın reallaşması və Qarabağın dirçəlişi naminə fədakarlıqla fəaliyyət göstərirlər.
Əminik ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı nəcib əməli, xoş niyyətli, tükənməz Vətən sevgisi, xalqına xidməti və yorulmaz fəaliyyəti ilə müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifəsinə əbədi yazılacaq.
Məlahət İbrahimqızı,
millət vəkili, tarix elmləri üzrə fəlsəfə doktoru

