Cəmiyyət 

Övladınızda müsbət davranışları necə formalaşdıra bilərsiniz?

Övladınıza ayaqqabılarını bağlamasını necə öyrətdiyiniz xatırlayırsınızmı? İlk olaraq, bunu necə edəcəyini göstərmişdiniz, daha sonra özü etməsi üçün şərait yaratmışdınız. Bunu etməyə başladığı zaman onu həvəsləndirib, o da qarşılığında sizi məmnun etmək üçün daha çox cəhdlər etmişdir.

Cəsarətləndirməniz, onu qucaqlamanız, gülümsəməyiniz, etdiyi işləri dəyərləndirib gözəl sözlər deməyiniz, bunlar hər biri övladınız üçün önəm daşıyır və müsbət davranışları formalaşdırmaq üçün bir vasitədir.

Mənfi davranışlar sərgilədiyi zaman valideynlər nələr edə bilər?

– Qısa bir müddət də övladınıza diqqət göstərməyinizi kənara qoyun.

– Ona aqressiv cavablar verməyin, danışmayın və ya onu azarlamayın.

– Onunla göz gözə gəlməkdən çəkinin.

– Mənfi davranışını sonlandırdıqdan sonra ona bol-bol diqqət göstərin.

Artıq o zaman etdiyi davranışın mənfi olduğunun fərqinə varmasına şərait yaratmış olacaqsınız.

Müsbət davranışları formalaşdırmaq üçün nələr edə bilərsiniz?

Onun sevdiyi bir şeylərlə qarşılaşdırın. Hansısa bir yeni davranışı formalaşdırmaq istəyirsinizsə, qarşılığında sevdiyi bir işlə məşğul olmasına icazə verəcəyinizə söz verin. Misal:

Əvvəl: Dərslərini hazırla

Sonra: Televizora baxa bilərsən.

Əvvəl: Otağını səliqəyə sal.

Sonra: Video oyunlar oynaya bilərsən.

Əvvəl: Süd məhsulları iç.

Sonra:  Şokalad yeyə bilərsən.

Unutmayın ki, verdiyiniz hər bir vədlərinizi yerinə yetirməlisiniz. Əks halda, övladınızda yalanın təməlini qoyacaqsınız.

Uşaqlarda rast gəlinən mənfi davranışlardan biri də digər uşağın əlindəki oyuncağı anidən çəkib almasıdır. Bu zaman valideyn: Uşağın əlindəki oyuncağını digər uşağın oyuncağı ilə dəyişdirməsini söyləməlidir. Necə dəyişdirməsini isə ilk öncə özü əyani olaraq göstərə bilər.

Digər bir halda hansısa davranışları formalaşdırmaq istəyirsinizsə, ilk öncə övladınıza  nümunə olun. Əgər özünüzdə olmayan müsbət davranışı övladınızdan gözləyirsinizsə, sözlü olaraq tələb etməyiniz işə yaramayacaq. Misal:

Yalan danışmaq heç xoş deyil, deyib, kiçik də olsa övladınız yalan danışmağınıza şahid olacaqsa, özü də bu davranışı sərgiləyəcəkdir.

Qısa olaraq sonda qeyd etmək istəyirəm ki, uşaqlar ağ lövhə olaraq dünyaya göz açırlar. Orada buraxdığınız izlər, sizin sənət əsərinizdir. Dəyişimə ilk öncə özümüzdən başlayaq.

Zümrüd Haqverdiyeva,
psixoloq

Daha çox xəbərlər