Ramiz Mehdiyevin siyasətə qayıtmaq resurs və imkanları varmı – rəy
Elçin Mirzəbəyli: “Onu Azərbaycanda öz ətrafındakı bir neçə nəfərdən başqa heç kim sevməyib”
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yığıncağı keçirilib. Yığıncaqda Ramiz Mehdiyevin AMEA Prezidenti vəzifəsindən istefa ərizəsinə baxılıb və istefa qəbul edilib. AMEA prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq akademik Arif Həşimova həvalə edilib. Beləliklə, Ramiz Mehdiyev erası AMEA-da da özünün sonluğuna çatmış oldu. Məşhur filmdə deyildiyi kimi, Ramiz Mehdiyev “elm aləmi”ndən də getdi.
Bəs uzun illər ölkənin ən mühüm siyasi postlarından birinə rəhbərlik etmiş Ramiz Mehdiyev bundan sonra tamamilə sakit dayanacaqmı? Onun bundan sonra necə deyərlər, dinc dayanacağına qarantiya varmı? Ölkəni, siyasəti qarışdırmaq resursu, imkanları qalırmı? Mehdiyevin yüksək vəzifələrdə xeyli qohum-əqrəbası var. Dövlət onlarla yollarını ayıracaqmı? Mehdiyev uduzdumu, yoxsa qalibmi getdi? Onun sabah-birigün, məsələn, deputat seçkilərinə qatılmayacağına kim zəmanət verir?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ramiz Mehdiyevin, sözün bütün mənalarında anlamsız müqaviməti təkcə ölkədə elmin inkişafını arzulayan şəxslərə, Azərbaycan xalqının mütləq əksəriyyətinin mövqeyinə qarşı deyildi, həm də Tanrıya qarşı idi: “Allah hər kəsə bəlli bir potensial, bəlli bir imkanlar verir. Ramiz Mehdiyevin 83 yaşı var. Ona uzun ömür diləyirəm, amma Mehdiyevin təqaüd yaşından 18 il keçib. Biz hələ 65 yaşı təqaüdə çıxmaq üçün yüksək hədd hesab edirik. Bu baxımdan, hətta o istəsəydi də belə, bu yaşda AMEA kimi mürəkkəb bir sistemi idarə edə, elmin inkişafına töhfə verə bilməzdi. Baxmayaraq ki, Ramiz Mehdiyev hətta 50 yaşında olsaydı da belə, onun haqqında eyni fikirləri söyləyəcəkdim. Çünki onun statik, gerilikçi düşüncəsi ilə daim yenilik, inkişaf edən elm arasında böyük bir uçurum var.

Elçin Mirzəbəyli
Mehdiyevi Azərbaycanda öz ətrafındakı bir neçə nəfərdən başqa heç kim sevməyib. Bu obraz Azərbaycan xalqının mental dəyərlərinə, dünyagörüşünə tamamilə zidd, sovet nomenkluaturasının aşağı pillələrində çalışan tipik partokrat obrazıdır. İntriqaları, pərdəarxası oyunları yaxşı bilir. Bəzən yaxşı təşkilatçı təsiri bağışlasa da, müəyyən bir zaman kəsiyindən sonra yeni çağırışlara çevik cavab verə biləcək təfəkkürü olmadığı üçün hər şeyi olduğu kimi qoruyub saxlamağa çalışır, əyləc funksiyasını yerinə yetirir. Ramiz Mehdiyev mühafizəkardır, amma dəyərlərin deyil, streotiplərin mühafizəkarıdır. O, bir zamanlar mənimsədiyi və sonradan isə rekanstruksiya etməyə çalışdığı şablonlardan kənara çıxa bilmir. Onun üçün hər şey şablondur, vəzifə də, dövlət idarəçiliyi də, hətta elm də…”
Politoloq qeyd etdi ki, Mehdiyev nə qalibdir, nə də məğlub. Sadəcə, dövlət idarəçilik sistemində ötən əsrin 50, 60-cı illərinin havasını tətbiq etməyə çalışan və son nəticədə yeniliklə ayaqlaşa bilmədiyini hər addımında büruzə verən, sistemin, cəmiyyətin immun sisteminin vurub kənara atdığı premodern köhnəlikdir: “Onun siyasi mövcudluğu tutduğu vəzifənin kürsüsündə keçirdiyi zaman qədərdir. Reablitasiyası mümkün olmadığı və təbii ki, sözün bütün mənalarında potensialı cavab vermədiyi üçün, Mehdiyevin bundan sonra yenidən ölkənin siyasi arenasına gətirilməsinə cəhdlərin ediləcəyini gözləmirəm.
Ramiz Mehdiyevin yüksək dövlət vəzifələrində çalışan qohum-əqrəbasına gəldikdə isə əgər onlardan kimlərsə Vətəninə, dövlətinə sədaqətlidirlərsə, öz işlərinin öhdəsindən layiqincə gəlirlərsə, çirkli oyunların iştirakçısı olmayıblarsa, o zaman bu şəxslərə qarşı Mehdiyevlə qohumluq əlaqələrinə görə neqativ münasibətə əsas görmürəm. Fərdi yanaşa bilməyəcəyəm. Çünki Ramiz Mehdiyevin vəzifədə olan qohum-əqrabasını tanımıram. İnsanları qohumluq əlaqələrinə görə tanımaq mənim düşüncə tərzimə uyğun deyil. Zənnimcə, belə məsələlərdə fərdi keyfiyyətlər əsas götürülməlidir və bildiyim qədər götürülür də”.
Ekspertin sözlərinə görə, Ramiz Mehdiyevin deputat seçkilərində iştirakı da inandırıcı deyil.

