Ukrayna cəbhəsində kritik gərginlik: tərəflər atəş açır, Bayden Putinlə görüşə gedir…
Müharibə olacağı haqda informasiyalar blefə çevrilir, lakin Donbas Ukraynada yaşayış məntəqələrini atəşə tutub, separatçılar isə Kiyevi 700 mərmi atmaqda günahlandırır; iki liderin növbəti görüşü nəticə verəcəkmi? – üç ekspertin rəyi
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılaşıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında fevralın 24-nə planlaşdırılan təmasların davamı olaraq belə bir görüşün keçirilməsi nəzərdə tutulur.
Bu isə o deməkdir ki, Rusiyanın fevralın 22-də Ukraynaya hücum edəcəyi haqda informasiyalar blefdir. Əgər müharibə başlayacaqsa, o zaman fevralın 24-də Baydenlə Putin niyə görüşsünlər ki?! Lakin Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, Rusiya işğalçı qoşunları öz artilleriya və zirehli texnikalarını Donbasda yaşayış binalarının arasına yerləşdirir və oradan Ukrayna yaşayış məntəqələrini atəşə tutur. “Bu, bizi provokasiyaya sövq edən cinayətkar davranışdır. Düşmən çox gözəl bilir ki, bizim cavab verməyə hər cür əsasımız var. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq… Biz işğalçı qoşunların hərəkətlərini cəzasız qoymuruq”, – nazir bildirib.
Ümumiyyətlə, Donbasda vəziyyət hər keçən gün gərginləşir, ukraynalı hərbçilər bazar günü ərzində Donetsk ərazisinə 700 mərmi atıb. Qondarma “donetsk xalq respublikası”nın “milis qüvvələri”nin nümayəndəsi Eduard Basurin belə deyib. Beləliklə, Ukrayna cəbhəsində baş verənləri iki cür izah etmək olar: separatçılarla qarşıdurmada lokal addımlar atılır, genişmiqyaslı hərbi əməliyyatlar aparılmır, siyasi masada isə Baydenlə Putinin görüşü planlaşdırılır ki, bu da gərginliyi müəyyən qədər azalda bilər. Amma liderlərin görüşündən sonra konfliktin həlli istiqamətində fundamental dəyişiklik gözlənilmir. Bu mənada qarşıdakı dövrdə yenə lokal toqquşmaların qeydə alınması mümkündür, amma Rusiya ordusunun həmləsi inandırıcı görünmür. Bəzi məlumatlara görə, Federasiya Şurası və Dövlət Duması Kremldən tələb gələn kimi Putinə qoşun yeritmək səlahiyyətini verəcək. Lakin Qərb liderləri Putini işğaldan, hücumdan çəkindirmək üçün effektiv addım atmırlar. Hətta öldürücü sanksiyalar tətbiq ediləcəyi haqda xəbərdarlıqlar olunsa da, faktiki, real qərar yoxdur. Sanki Qərb cəbhəsi rus qoşunlarının Ukraynaya hücumu üçün bütün provokasiyaları hazırlayaraq gözləyir.
Həmçinin fevralın 21-nə proqnozlaşdırılan müharibə də olmadı, amma təhlükə qalır. Rusiya təbliğat maşını fəal şəkildə hərbi müdaxiləni əsaslandırmaq üçün “bəhanə istehsalını” həyata keçirir, Donbasdan Rusiyanın regionlarına “qaçqın axını” barədə bir-birinin ardınca süjetlər efirə verilir, eyni zamanda Ukrayna diversantlarının Luqansk və Donetsk vilayətlərinin dərinliklərinə sızdığı barədə xəbərlər bir-birini əvəzləyir. Yeri gəlmişkən, Luqanskda separatçılar yaşı 55-dən çox olan şəxslərin də “orduya” cəlbinə şərait yaradıblar. Bu barədə qondarma “Luqansk xalq respublikası”nın başçısı kimi özünü təqdim edən Leonid Paseçnik “əmr” imzalayıb.
Bundan başqa, neçə gündür Donbasdakı separatçı rejimlər rusdilli əhalini, daha dəqiqi, qoca, qadın və uşaqları Rusiyanın sərhədyanı bölgələrinə köçürürlər. Kiyev guya Donbasda hərbi əməliyyatlara başlayacaq və bu səbəbdən qondarma “DXR” və “LXR”ın separatçı rəhbərləri dinc əhalini “soyqırım”dan xilas etmək üçün evakuasiya edirlər. Bu, Moskvanın növbəti avantüra-təxribatıdır.

Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə fərqli düşünür, hesab edir ki, olimpiada başa çatdı, Kreml Pekinin xahişini yerinə yetirdi, 3-20 fevral tarixlərində Ukraynaya hərbi müdaxilə etmədi: “Kreml bundan sonra Ukrayna ilə bağlı ”planını” reallaşdırmaqda sərbəstdir. Ancaq Rusiyanın rəqibləri kimi tərəfdaşları da müharibə istəmir. Misal üçün, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin nə qədər Rusiyanın yanında yer aldığını vurğulasa da, slavyan xalqları arasında qırğınla müşahidə olunan toqquşma istəmir. Eləcə də Rusiyadan fərqli olaraq iqtisadi səmərəyə və ticarətə üstünlük verən Çin müharibənin əleyhinədir. Ancaq nə Minsk, nə də Pekin Kremlin planlarına mane olmaq iqtidarındadırlar”. Analitikin fikrincə, fevralın 24-nə qədər müharibə ehtimalı azalacaq: “Çünki Rusiya Ukraynaya bu tarixə qədər müdaxilə edərsə, liderlərin görüşü təxirə salınacaq. Görüşlə bağlı razılığa baxmayaraq, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləri əmindirlər ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə tam hazırdır. Bölgədə baş verən təxribatlar bunun üçün ciddi əsasdır. Donbas separatçıları atəşkəsi pozaraq ukraynalı hərbçiləri qətlə yetiriblər. Aydındır ki, Ukrayna ordusu cavab atəşi açmaq məcburiyyətindədir. Kremlin ikinci təxribatı Donbasın yaşlı əhalisini və uşaqları bölgədən Rusiyaya köçürməyə başlamasıdır. Görüntü yaradırlar ki, guya Ukrayna ordusu Donbasa hücuma hazırlaşır. Halbuki Kiyev Kremlə bəhanə vermək istəmir. Donbasın özündə də müəmmalı partlayışlar baş verir. Krımdakı separatçılar əli silahlı Donbasda yerləşməyə başlayıblar. Rusiya Dövlət Duması Kremlin sifarişi əsasında Donbasa hərbi müdaxilə barədə qərar üzərində işləyir. Paris və Vaşinqton bu prosesi dayandıra biləcəklərmi? Çətin”.

Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı deyir ki, Rusiya Ukrayna cəbhəsində, eləcə də Belarus üzərindən NATO ilə sərhəddə hərbi mövqelərini gücləndirir: “Təlim üçün Belarusa gələn rus qoşunlarının bir hissəsinin bu ölkədə saxlanılması istəyi bundan qaynaqlanır. Qərb blokunu Avropa üzərindən parçalaya bildi: Makron, ardınca Şolzun Moskva səfəri, Ukrayna ilə münaqişənin ABŞ olmadan həlli üzərində razılaşma bunu deməyə əsas verir. İstisna deyil ki, Rusiyanın Avropada təhlükəsizlik tələbləri də Berlin və Paris tərəfindən nəzərə alınacaq. Qərb blokunda Kremlin cavabına münasibətdə çatlar bir qədər də dərinləşə bilər. Rusiya topu Qərbə atdığı vaxt Luqansk və Donetskin ”müdafiəsini” gücləndirəcək”.

Ramiyə Məmmədova
Ekspert Ramiyə Məmmədova bildirir ki, Rusiya və NATO son günlərdə informasiya müharibəsini üçqat gücləndirib. Onun sözlərinə görə, hibrid savaşından kim qalib çıxacaqsa, o da dünyanın gözündə haqlı olacaq: “Əgər Rusiya müharibə etməsə, ABŞ və NATO, Qərb nəşrləri, sərhəddən reportaj verən avropalı jurnalistlərin panika dolu xəbərləri sabun köpüyünə çevriləcək. Bu zaman Putin haqlı olaraq bəyan edəcək ki, biz müharibə istəmirdik, NATO Ukraynanı qızışdırırdı, təhrik edirdi, amma yalan danışdıqları bəlli oldu. Bunun əksi baş verdikdə, Rusiya işğalçı dövlət kimi bütün dünyada qınanacaq, dəhşətli sanksiyalar işə düşəcək. İndi sanksiyalar tətbiq olunmursa, o demək deyil ki, Qərb bunu edə bilmir. Avropa və ABŞ Moskvanı sanksiyalarla son dərəcə çıxılmaz vəziyyətə sala bilər. Elə ABŞ-NATO-nun arzusudur ki, Rusiya işğala başlasın, onlar öldürücü sanksiyalarla Moskvanı zəiflətsinlər. Hər halda, Putin administrasiyası bu təhlükələri hesablayır və Ukraynaya hücumun necə nəticələnəcəyini yaxşı anlayır. Ona görə böyük müharibəni əvvəl gündən istisna edirəm. Sadəcə, lokal toqquşmalar ola bilər, bu da separatçılarla Ukrayna ordusu arasında gerçəkləşə bilər. Əgər Rusiya separatçılara əsgəri dəstək versə, ABŞ da Ukraynaya verəcək. Bunu da gözləmirəm. Bayden deyib ki, amerikalılarla ruslar bir-birinə güllə atsalar, üçüncü dünya müharibəsi olar. O baxımdan fevralın 24-də keçiriləcək görüş üçüncü cahan savaşından yayınmaq üçün əhəmiyyətli ola bilər. Bundan öncəki görüş heç bir nəticə vermədiyi üçün indi danışıqlara daha çox ehtiyac var. Çünki hazırda gərginlik birə beş artıb. Amma Baydenlə Putinin həlledici qərar verəcəyi, əsaslı razılaşma olacağı ağlabatan görünmür. Hər iki tərəf tələblərini dəfələrlə açıqlayıb: NATO şərqə doğru genişlənməsin, Rusiya qoşunlarını Ukrayna sərhədindən geri çəksin. Heç biri də şərtə əməl etmirsə, biz yazıq Ukraynanın üzərində böhranın davam edəcəyini gözləməliyik. İndi Zelenski Putinlə görüşmək istəyir, amma Kreml başçısı onunla yox, Baydenlə görüşür. Çünki məsələ Rusiya-Ukrayna deyil, Rusiya-NATO qarşıdurmasıdır, Avropa liderləri isə yalnız müharibə ritorikasının azalması üçün çalışırlar”.

