Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir
Rusiya ilə müttəfiqlik Bəyannaməsinin imzalanması, Avropa İttifaqı və NATO ilə əlaqələrin yüksələn xətlə inkişafı postmünaqişə dövrünün reallıqlarının qəbulu və təsdiqidir
Beynəlxalq münasibətlər sistemində yeri və rolunu balanslaşdırılmış siyasəti ilə möhkəmləndirən, dəyişən dünyada yeni çağırışları beynəlxalq əhəmiyyətli təşəbbüsləri ilə cavablandıran Azərbaycanın diplomatik uğurları xalqın milli mənafelərinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Dövlətlər, xalqlar arasında körpü rolunu oynayan Azərbaycana artan maraq, dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, NATO-nun, AŞPA-nın, ATƏT-in tədbirlərinin ölkəmizdə keçirilməsi daxildə sabitliyin mövcudluğuna və xarici siyasətdə qazanılan uğurlara söykənir. Tarixi Zəfərimizin yaratıdığı reallıqlar fonunda dünya güclərinin Azərbaycanın ədalətli, haqlı mövqeyini dəstəkləməsi də bir çox məqamların aydın mənzərəsini yaradır. Azərbaycanla əməkdaşlıq etmək istəyən, ölkəmizin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinə maraq göstərən dövlətlərin sayının artması, Azərbaycanın dünyanın ən nüfuzlu qurumlarından olan Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq təşkilatlarda, Şərq Tərəfdaşlığı proqramlarında layiqincə təmsil olunması xarici siyasətimizin dünya birliyi tərəfindən dəstəklənməsidir. Ötən il dekabrın 14-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər, müzakirə olunan məsələlər, Avropa İttifaqının və NATO-nun regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olmaları Azərbaycanın mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Brüsseldə dövlət başçısı NATO-nun Baş katibi Yens Stoltenberq ilə də görüşmüşdür. Bu ilin fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edərək Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə etmişdir. Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi və dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan mövqeyi də müstəqil siyasətinin uğurları sırasındadır. Belə ki, 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması zamanı edilən təzyiqləri yada salmaq kifayətdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutu ilə bağlı nə qədər qeyri-ciddi fikirlər səsləndirildi, təzyiqlər göstərildi. Amma Azərbaycan dövləti, ulu öndər Heydər Əliyev neft kəmərinin məhz bu ölkələrdən keçəcəyini bildirdi və bunu əməldə təsdiqlədi. Bu gün ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayırıq. Artıq əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq səviyyəyə yüksəlib. Belə ki, çoxtərəfli əməkdaşlığın bariz nümunəsi olan Cənub Qaz Dəhlizi layihəsinin icrası uğurla başa çatıb. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində də Cənub Qaz Dəhlizi layihəsinin perspektivləri öz əksini tapmışdır. Bu sənəd Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatında əhəmiyyətli rol oynadı. Prezident İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidentinin mətbuata açıqlamalarında da bu fikir xüsusi qeyd edilir ki, bu kimi mühüm addımlar tərəfdaşlıq münasibətlərini möhkəmləndirir. «Tərəfdaşlıq prioritetləri» sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur.
Azərbaycan və Avropa İttifaqının konstruktiv əməkdaşlığı region dövlətlərinin maraqlarına uyğundur. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsini regional sabitliyə ən yaxşı töhfə adlandıran cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin dünya birliyində möhkəmlənən mövqeyi sayəsində diplomatik uğurların da sayı artır.
“Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir” söyləyən, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri qarşılıqlı əlaqələrin nümunəsi adlandıran Avropa İttifaqının rəsmiləri bildirirlər ki, Avropa təsisatları mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə fərqlənən Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır.
Bu gün Azərbaycan özünü regionun nəqliyyat və logistika qovuşuğuna çevirmək üçün mühüm addımlar atır. Azərbaycanın Şərq və Qərb, eyni zamanda, Şimal və Cənub tərəfdaşları ilə çoxşaxəli əməkdaşlığı bütünlükdə regionda və dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir. Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olan Avropa İttifaqı hesab edir ki, həqiqətən dünyaya açıq olan Azərbaycanın daxili və xarici siyasəti uzunmüddətli sabitliyin ən gözəl təminatıdır. “Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət diplomatiyamızı aparırıq” söyləyən Prezident İlham Əliyev eyni zamanda vurğulayır ki, coğrafi vəziyyətimiz elədir ki, bizim razılığımız olmadan bu bölgədə heç bir qlobal layihənin reallaşması mümkün deyil.
Avropa İttifaqının “Yaxın qonşuluq siyasəti” proqramından irəli gələn vəzifələrin daim diqqətdə saxlanılması, qitə dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı əvəzsiz xidmətləri, regionda baş verən hadisələr göstərir ki, Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz.
Prezident İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu fikri xüsusi qeyd etmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırlatdı. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulamışdır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə dair müzakirələr aparmaq üçün Aİ-nin iki komissarının bu yaxınlarda Azərbaycana səfər etdiyini xatırladan xüsusi nümayəndə səfər çərçivəsində çox səmərəli müzakirələrin aparıldığını bildirmişdir.
Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin şaxələndirilmiş xarakter aldığını və bir çox sahələri əhatə etdiyini önə çəkərək qurumun qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyan etdiyi kimi, Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttinin ayrılmasının da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunu diqqətə çatdırmışdır.
Xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanla Rusiya arasında son zamanlar əlaqələrin inkişaf istiqamətlərinin genişlənməsi istər qarşılıqlı səfərlərdən, istərsə də imzalanan sənədlərdən, həmçinin iki dövlət arasında münasibətlərin inkişafına xidmət edən forumların keçirilməsindən də daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Prezidenti dəvəti ilə Rusiyaya rəsmi səfəri və səfər çərçivəsində müttəfiqlik Bəyannəməsinin imzalanması da əlaqələrin inkişaf səviyyəsinin göstəricilərindəndir.
Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni əlavələr olunur. Prezident İlham Əliyev daim vurğulayır ki, səfərlər, keçirilən görüşlər ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir. Münasibətlərimizin səviyyəsindən məmnunluğunu ifadə edən ölkə Prezidenti İlham Əliyev vurğulayır ki, siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik.
Reallaşan hər səfərin, keçirilən hər görüşün, beynəlxalq səviyyəli tədbirlərin əsas müzakirə mövzusu artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi olur. Rusiyanın münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi mövqeyi daim maraqlıdır. Uzun illər idi ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış əraziləri erməni işğalı altında idi. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Tarixi Qələbəmiz vətəndaşlarımızın öz tarixi torpaqlarına qayıdışını təmin edir.
Hadisələrin inkişafından da göründüyü kimi, artıq dünya gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul edir. Bunun təsdiqi kimi 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanatdan sonra keçirilən Moskva, Soçi və Brüssel görüşlərini qeyd edə bilərik. Rusiyanın son zamanlardakı mövqeyi ilə əvvəlki illərdəki yanaşmasını müqayisə etmək kifayətdir.
Qarşılıqlı səfərlərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, bütün sahələr üzrə Azərbaycan-Rusiya əməkdaşlığının, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatın, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”nın, “Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı (5 “yol xəritəsi”)nın sırasına müttəfiqlik Bəyannaməsinin də əlavə olunması qarşıdakı illərdə iki ölkə arasında əlaqələrin inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır.
Rusiyaya səfəri çərçivəsində mətbuata bəyanatında “Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir» söyləyən dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Qarşılıqlı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə dəlalət edir ki, bu münasibətlər zamanın sınağından çıxıb və artıq dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır: «Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.»
Qısa təhlil əsasında bu gün Azərbaycanın dünya birliyində yeri və rolunun təqdimatını etdik. Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Bir sözlə, müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına və onu inkişaf etdirməsinə stimul verib.

