“Türkiyə-Ermənistan barışığı uzun çəkəcək”
Politoloq səbəblərdən danışdı: “Əlaqələrin qurulmasına qarşı çıxanların sayı çoxdur…”
Fevralın 24-də Vyanada Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair danışıqların ikinci raundu keçirilib. Tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.
Türkiyə tərəfindən xüsusi nümayəndə Sərdar Kılıç görüşdən öncə Vyanada erməni kilsəsinə baş çəkib, erməni katolikosla görüşüb. Katolikos iki ölkə arşında əlaqələrin normallaşması işində tərəflərə uğurlar arzu edib. Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan təmsil edir.
S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır. Proses ilkin şərtlərsiz həyata keçiriləcək.
Bəs real nəticə nə vaxt gözlənilir? Daha neçə belə görüş keçirilməlidir ki, əlaqələr qaydaya düşsün?

İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ikinci görüşdə tərəflər münasibətlərin normallaşdırılması, sərhədlərin açılması diplomatik nümayəndəliklərin təsis olunması istiqamətində konkret addlımları müzakirə ediblər: “Türkiyə tərəfindən Sərdar Kılıç münasibətlərin normallaşdırılması istiqamətində maraqlı addım atıb-Vyanada erməni kilsəsinə baş çəkərək katolikosla görüşüb. Katolikos da öz növbəsində əlaqələrin qurulması işində tərəflərə uğurlar arzulayıb. Bu da sonrakı mərhələdə münasibətlərin daha sıx zəminə çəkilməsinə yardımçı olacaq. Çünki Türkiyə tərəfi Ermənistanda kilsə faktorunun nə qədər güclü olmasını yaxşı bilir və bu addımın atılması münasibətlərin daha sürətli normallaşdırılmasına yönəlib. Ermənistanı danışıqlarda təmsil edən Ruben Rubinyana qarşı daxildə ciddi təzyiqlər var. Onun parlamentdə çıxışları hər zaman xoş qarşılanmır. Xüsusilə də revanşist ”Hayastan” blokunun deputatları bütün gücləri ilə danışıqları pozmağa çalışırlar. Sərdar Kılıçla Ruben Rubinyan Vyanada təsdiqləyiblər ki, əsas məqsəd Moskvada keçirilən görüşdə olan pozitivliyin daha da davam etdirilməsi və tam hüquqlu nizamlanmadır. Maraqlıdır ki, proses ilkin şərtlərsiz həyata keçirilir. Çünki tərəflərin bir-birinə qarşı xüsusi qeyd-şərtləri var idi. Bu şərtlərin aradan qaldırılması tələbləri də irəli sürülürdü. Lakin görüşlərdən əldə olunan nəticə yalnız danışıqların davam etdirilməsi istiqamətində müsbət mesajlardır”.
Ekspertin fikrincə, bu görüşlər intensiv həyata keçirilməlidir ki, yekun nəticə əldə olunsun və əlaqələr nizamlansın: “Bunun üçün də çoxillik düşmənçiliyin aradan qaldırılması, ideologiyada korrektələr edilməsi mütləqdir. İlk növbədə bütün bu addımlar Ermənistanın üzərinə düşür. Ermənistan hakimiyyəti, siyasi qüvvələri, erməni diasporu və erməni kilsəsi Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı kimi çıxış etməlidirlər. Hazırda biz sadalanan instansiyaların heç də buna hazır olmadığını görürük. Hakimiyyət müəyyən qədər mülayimləşmiş görünsə də digər sadaladığım faktorlar Türkiyə ilə münasibətlərin qurulmasına qarşı çıxırlar. Bu vəziyyət də başlanan prosesin mümkün qədər tez və yaxşı nəticələnməsinə mane olur. Ermənistanla Türkiyə arasında əlaqələr qurulmasına qarşı çıxanların sayı çoxalır. Bu amil də prosesə əngəldir. Bütün bunları nəzərə alsaq hesab edirəm ki, danışıqların tezlilklə ciddi nəticələrə gətirib çıxaracağı ehtimalı yoxdur. Bu proses qəfil dayandırılmasa belə, uzun çəkəcək”.

