XOCALI FACİƏSİNƏ HÜQUQİ BAXIŞ
Təbii ki, Xocalı soyqırımı cinayəti tarix və hüquq kontekstində öz ədalətli qiymətini almalıdır. Xocalı soyqırımının başvermə səbəbləri və hüquqi nəticələrinin xronologiyasına diqqət edək. 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı cinayəti baş vermişdir. Həmin vaxtı qüvvədə olan cinayət qanunvericliyinə uyğun olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi bandizim, 94-cü maddənin 4 və 6-cı bəndləri 2 və ya artıq şəxsin xüsusi amansızlıqla qətlə yetirmə maddələri ilə 27 fevral tarixində faktla bağlı (№ 64524 ) cinayət işi başlanmışdır. Qeyd edək ki, həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsində soyqırımı cinayəti təsbit edilməmişdir. 31 mart 1994-cü il tarixində Cinayət prosessual qanunvericiliyinə (209 maddə) əsasən təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmadığı üçün cinayət işinin istintaqının icraatı dayandırılmışdır.
Ümummilli lider Heydər Əliyev erməni soyqırımı cinayətlərinin beynəlxalq hüquq normalarına əsasən ifşa edilməsi istiqamətində ciddi addımlar atmışdır. Belə ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 1918-ci il 31 mart tarixində ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilən və kütləvi insan qırğınları ilə nəticələnən 31 mart günü Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Ümummilli Liderin təşəbbüsü ilə 1 sentyabr 2000-ci il tarixdə milli qanunvericilik bazasının möhkəmləndirliməsi və təkmilləşdirilməsi istiqamətində aparılan dəyişiklik nəticəsində yeni Cinayət Məcəlləsi qəbul edilmişdir. Yeni Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə – soyqırımı cinayəti kimi təsbit edilmişdir.
“Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” söyləyən Heydər Əliyev bu fikrləri ilə erməni soyqırımı siyasətinin Xocalıdan başlamadığını bu insanlıq əleyhinə olan cinayətin tarixinin daha dərinlərə getdiyini vurğulayır.
Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən sonra Xocalı soyqırımının tanıdılmasında yeni dövr başlamışdır. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. Bundan sonra Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin beynəlxalq platformalarda cəsarətlə ermənilərin ifşasına həsr edilmiş fəaliyyətinin şahidi olduq.
Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra soyqırımı cinayətlərinin qarşısının alınması ilə bağlı BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada daxil olmaqla bir çox beynəlxalq sənədlərə qoşulmuşdur.
2003-cü ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin iştirakı ilə ermənilərin törətdiyi cinayətlərlə bağlı yeni istintaq qrupu yardılmışdır. 2004-cü ilin mart ayında dünyanın ən nüfuzlu polis qurumu sayılan İnterpol ilk dəfə müharibə cinayətləri, soyqırımı və deportasiya cinayətləri ilə bağlı Azərbaycanın da iştirak etdiyi beynəlxalq konfrans keçirmişdir. Artıq Azərbaycanda həyata keçirilən davamlı uğurlu starteji siyasət 12 iyun 2005-ci il tarixdə Baş Prokurorluq tərəfindən, ermənilərin törədiyi cinayətlərlə bağlı istintaq aparılması Hərbi Prokurorluğa həvalə edilmişdir. Bundan sonra Xocalı soyqırımı ilə bağlı istintaqın dayandırılmasına dair qərar ləğv edilərək baş vermiş cinayət hadisəsi məhz soyqırımı cinayəti kimi tövsif edilərək cinayət işinin istintaqı təzələnmişdir.
Respublika Hərbi Prokurorluğunun məlumatına əsasən, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkən şəxs qismində dindirilmiş, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınmış, bu cinayət üzrə 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Nəticədə 39 nəfər rəsmi şəxsin və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş və onların əksəriyyətinin Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır.
Cənab Prezident İlham Əliyev: “Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” söyləməklə bu istiqamətdə aparılacaq işlərin hədəflərini açıq aydın göstərir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası nəticəsində hal-hazırda Xocalı soyqırımını dünyada 10-dan artıq ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanımışdır.
Beynəlxalq hüquqa görə, soyqırımı etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın (SCQACK) 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri” kimi nəzərdə tutulub.
SCQACK-nın preambulasında soyqırımı yalnız “beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət” hesab edilmir, həmçinin “bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi” sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüd hesab edilir.
Xocalı soyqırımı ilə bağlı ölkədaxili hüquqi prosedurların, xüsusilə bu faktlar əsasında cinayət məsuliyyəti, habelə istintaq-əməliyyat tədbirlərinin davam etməsi kontekstində hadisələrə beynəlxalq hüquq prizmasından yanaşmaqla cinayət mühakiməsinin reallaşdırılması xüsusi önəm kəsb edir 1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Amma bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı, lakin 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən, 2017-ci ilin yanvarın 1-dən BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə, Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin fikrimizcə, burada soyqırımı və təcavüz cinayətlərinə münasibətdə fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırımı cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırımı cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın.
Beynəlxalq hüquqa əsasən soyqırımı cinayəti mahiyyətinə, törədilmə səbəbinə və.s əlamətlərinə görə müəyyən edilsə də bəzi hallarda hansı tarixi hadisələrin soyqırımı, hansıların isə qeyri-insani əməl olması barədə fikir ayrılıqları hələ də qalmaqdadır. Dünyada özünü soyqırımı cinayətlərinin qurbanı kimi tanıtmağa çalışan ermənilərin bu işdə ən böyük dəstəkçisinin Fransa olması heç kimə sirr deyil. Lakin dünya soyqırımı tarixinə baxsaq ən böyük soyqırımı cinayətləri fransızlar və ermənilər tərəfindən həyata keçirildiyinin şahidi olarıq. Dünya tarixində dərin iz buraxan soyqırımı hadisələrinə diqqət edək.
1. Yəhudi soyqırımı - və ya Holokost (ivritcə: fəlakət)- Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
Soyqırımında ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilsə də Wolfgang Benzin yazdığı “Dimension des Wolkermords” (1991) adlı kitabda günümüzdə ən güvənilən məlumatlara və mənbələrə əsaslanaraq hesablanmış rəqəmlər bu günümüzdə ən güvənilən saylar qəbul olunur. Burkhard Asmussun 2002-ci ildə ortaya qoyduğu orta hesablamalara görə qəbul edilən say ən az 5,6 milyon və ən çox 6,3 milyon ədədləri arasında hərəkət etməkdədir.
Yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” qəbul edilən insanlar, faşizm əleyhdarları bu qətliamın qurbanı olub. Bir çox alim isə bu qrupları soyqırımına daxil etməyərək, soyqırımı yalnız Yəhudi soyqırımı olaraq qəbul edir.
Almaniya hökumətindən Holokost qurbanları üçün təzminat almaq məqsədi ilə “Yəhudi Material İddia Assosiasiyası” 1951-ci ildə yaradılıb. Təşkilat yarandığı gündən etibarən Almaniya hökumətindən 70 milyard dollar pul alıb.
2. Əlcəzair soyqırımı – (Setif və Gelma, Kherrata qətliamı ) 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir. Fransa hökuməti Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək verib.
3. Ruandada soyqırımı - və ya rəsmi olaraq tutsilərin soyqırımı - Hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Soyqırımı həyata keçirən Hutu hökumətinin o dövrdə ən yaxın müttəfiqi Fransa olması səbəbiylə Ruanda soyqırımından ən çox məsul tutulan ölkədir.
4. Bosniya soyqırımı- Bosniya və Herseqovinada (keçmiş Yuqoslaviyada) 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlar. Bu soyqırımı zamanı Serbiya ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə müşayiət olunmuşdur. Bütün soyqırımlarda olduğu kimi, serblərin əksəriyyəti tərəfindən bu soyqırımı inkar edilsə də Serbiya Prezidenti tərəfindən etiraf edilərək üzr istənilmişdir.
25 aprel 2013-cü ildə Serbiya Prezidenti Tomislav Nikolits qətliam üçün üzr istədi: “Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm”
Bosniya və Herseqavinanın azadlıq hərəkatının rəhbəri Aliya İzzetbekoviçi isə deyir ki, unudulan soyqırımlar təkrar olunur.
Dünya soyqırımı tarixinə ən utancverci formada daxil olan Xocalı soyqırımı barədə ümummili lider Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Eyni zamanda Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır.
Hazırda ölkəmizin qarşısında bu sahədə duran ən ümdə vəzifə müasir beynəlxalq hüquq alətləri və mexanizmlərindən istifadə etməklə ədalət mühakiməsinin reallaşması baxımından müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilən təcavüz, soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinə görə AD HOC hərbi tribunal və ya digər xüsusi məhkəmə mexanizmlərinin yaradılması və cinayətkarların cəzalandırlmasına nail olmaqdır.
Heç şübhəsiz ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi və xalqımızın birliyi nəticəsində bütün bunlara, yəni cinayətkarların cəzalandırılmasına nail olacağıq.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

