Kartof əkini başlayıb
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə kartofdan danışılanda ilk növbədə Gədəbəy yada düşür. Lakin son illərdə İsmayıllının fındığı, şabalıdı, eləcə də süd məhsulları ilə yanaşı kartofu da məşhurlaşıb. Burovdağ və Zərnava kəndlərində əkilən qırmızı kartofun öz dadı var. Hazırda rayonda kartof əkini davam etdirilir.
İsmayıllıda Burovdağ və Zərnava kəndlərində əkilən qırmızı kartofun öz dadı var. Topçu, Cülyan, Xanəgah, Bizlan, Diyallı və Talıstanın da kartofu tamı ilə fərqlənir. Bu kəndlərin hesabına artıq İsmayıllı rayonu da ölkəmizin kartof bazarında möhkəmlənib. İsmayıllı kartofunun məşhurlaşaraq özünə alıcı tapması isə fermerləri kartofçuluqla məşğul olmağa həvəsləndirir. Rayonda kartofun sənaye üsulu ilə yetişdirilməsi hər hektardan 40-50 ton məhsul götürməyə imkan verir.
Bu da daxili bazarın kartofa tələbatını müəyyən qədər ödəməklə yanaşı, yığım dövründə yüzlərlə sakin üçün iş yeri deməkdir. Son günlər hava şəraitinin əlverişli keçməsi rayonda bu sahə ilə məşğul olan fermerləri hərəkətə gətirib və artıq bir neçə gündür rayonda yazlıq kartof əkininə başlanılıb.
Sənaye üsulu ilə kartof əkini daha rentabellidir. Çünki bu zaman məhsulun maya dəyəri xeyli aşağı düşür. Əkin prosesi müasir texnikalarla aparıldığı üçün toxumlar bərabər dərinlikdə basdırılır, toxumun üzərinə lazım olduğu qədər torpaq tökülür. Bu da onun yaxşı cücərməsinə imkan verir. Bu üsulla gün ərzində 10 hektarlarla sahədə əkin aparmaq mümkündür.
Əkində baş verən keyfiyyət dəyişikliyi sonda məhsul artımına da səbəb olur. Ona görə də fermerlər artıq ixrac barədə də düşünürlər. Qeyd edək ki, ötən il İsmayıllı rayonunda 917 hektar kartof əkin sahəsindən 673 ton məhsul əldə edilib. Bu il isə 1000 hektara yaxın ərazinin əkilməsi nəzərdə tutulur.

