Xocalıdan qalan ağır xatirələr: Diri-diri yanan, tank altında qalan, əsir düşən şahidlər… – VİDEO
“Qarabağ Azərbaycanındır” deyib ermənilərə müqavimət göstərən oğulları odpüskürən ilə diri-diri yandırıb kül etdilər…”
“36 yaşlı dayımın ağzındakı qızıl dişləri bir-bir özünə çəkdirib, UAZ-a bağlayıb ölənə qədər sürüdülər…”
“Qarabağ Ermənistanındır” demədiyi üçün tankın tırtılına salıb işgəncə verərək öldürdülər”…
Bu sözləri oxuyarkən belə insanın qanı damarında donur, elə deyilmi? Bir də bu hadisələri yaşayanları, həmin dəhşətə şahid olan günahsız insanları, uşaqları düşünün…
Həmin insanlar Xocalı sakinləridir. 30 ildir bu zülmü, o dəhşətli qan yaddaşını yuxularında belə təkrar-təkrar yaşayırlar…
Oxu.Az-ın və “Global Photo Stock”-un birgə hazırladığı reportajda Xocalı sakinləri başlarına gətirilən müsibətlərdən danışıb.
Xocalı sakini İsmayılova Rahilə Qənahət qızı deyir ki, evdən cəmi iki əl qumbarası götürüb qaçıblar:
“O gecə atışma başlayanda hamı bir binanın blokuna toplaşmağa can atırdı. Biz də həmin axşam Xocalını tərk edən sakinlərdənik. Tanklardan, artilleriyadan Xocalını, dinc əhalini atəşə tutmuşdular. Tank bir dəfə atıb, ikinci atışa hazırlaşana qədər cəld o biri bloka qaçırdıq. Həmin axşam evə geri dönəcəyimiz ümidi ilə çıxmışdıq. Soyuq qış günü ayağımıza çəkmə belə geyinmədik, qaloşla çıxdıq. Yoldaşımla evdən iki əl qumbarası götürdük ki, erməni əlinə düşsək özümüzü partladaq. Çünki, ölüm onlara əsir düşməkdən daha şərəflidir..”
30 ilin bitib-tükənməyən ümidi…
Xocalı sakini Babakişiyeva İzafə Alış qızı 1992-ci il fevralın 26-da axşam saat 11 radələrində erməni zülmündən meşəyə qaçarkən oğlunun itdiyini görüb:
“Bütün insanlar canlarının hayında idi. Heç kim bir-birini gözləyə bilmirdi. Böyük oğlum məni kürəyinə aldı. Kiçik oğlum da ayaqlarımı tutdu ki, suya dəyməsin. Qaratikan, kolluq içindən gecənin qaranlığında hoppandıq. Heç bilmirdik öləcəyik, ya sağ qalacağıq”
Oğlunun canına qarşılıq erməni əsiri aparan ana…
Əbdülova Sevil Mürsəl qızı oğlu ilə ermənilərə əsir düşən Xocalı sakinlərindəndir. O deyir ki, ermənilər oğlunun canına qarşılıq erməni əsiri gətirməsi üçün onu sərbəst buraxdılar:
“Tanklarla, toplarla Bozdağ deyilən yerdən Xocalını atəşə tutdular. Bizi mühasirəyə aldılar. Bilirdilər ki, xocalıların başqa yolu yox idi. Bir Qarqar çayından keçmək, Qaraqaya tərəfdən irəliləyib meşə ilə Ağdamın Şelli kəndinə gedə bilərdik”.
Səlimova Zənurə Razim qızı faciədən bir müddət əvvəl gəlin köçüb. O deyir ki, ata evindən gətirdikləri cehizi belə açmaq qismət olmadı, nəinki evlərində yaşamaq:
“İsti ocağımızı belə soyuq tərk edəcəyimizi düşünməzdim. Mənim o gün 20 yaşım var idi. Erməni qoymadı mənim gəncliyim, gəlinliyim doğma Xocalıda keçsin. Zülm, zillətlə qurduğumuz yuvamızda yaşamağa imkan vermədi. Bizim illərlə yığdığımızı erməni bir gecədə talan elədi. Geri çevriləndə gördük ki, Xocalı yanır. O gecə necə çıxdıq, nə zülm çəkdik bir Allah bilir. Kimlər itkin düşəcək, kimlər qalacaq xəbərsizik…”
Materialda Xocalı soyqırımından danışan sakinlərin sağ-salamat şəhəri tərk etməsinə Milli Qəhrəmanlar Allahverdi Bağırov, Tofiq Hüseynov və Əlif Hacıyev kömək göstəriblər.
Oxu.Az və “Global Photo Stock”un birgə hazırladığı reportajı təqdim edirik:
Müxbir: Könül Cəfərli
VİDEO: Kərim Abbasov

