Manset 

Gücə güc qatan dostluq

Azərbaycan-Türkiyə müttəfiqliyi

Azərbaycanla qardaş Türkiyənin dostluq və müttəfiqliyi hər iki dövlətin ən çətin günlərində sınaqdan üzü ağ, alnı açıq çıxıb. Biz ən dar məqamlarda bir yumruq kimi birləşərək düşmən üzərinə daha qətiyyətlə getmişik. Son illərdə isə bu birlik daha da möhkəmlənərək hər iki dövlətin gücünə güc qatmışdır. Prezident İlham Əliyev bu dostluq və qardaşlıq münasibətlərinin inkişafı barədə deyib: «Bu gün dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir».

Beynəlxalq platformalarda, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək, bir-birinə dayaq duran iki qardaş ölkə – Azərbaycan və Türkiyə terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparırlar. Bütün bunlar iki ölkə arasındakı siyasi-diplomatik münasibətlərdən artıq, iki qardaş xalqın mənəvi bağlılığının göstəricisidir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın yanında olduğunu nümayiş etdirdi, son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək qardaşına dayaq oldu. Nə qədər beynəlxalq təzyiqlər olsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi. Türkiyənin siyasi və mənəvi dəstəyi bu qələbənin qazanılmasında çox böyük rol oynadı.

Ötən ilin 15 iyunu Azərbaycan- Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və mənəvi paytaxtımız hesab olunan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı.

Azərbaycanın Milli Məclisi 2022-ci ilin fevralın 1-də, Türkiyə Böyük Millət Məclisi isə fevralın 3-də «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini təsdiq edərək iki qardaş xalq arasında tarixi həmrəyliyin daha da möhkəmlənməsinə yeni imkanlar yaratdılar. Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarixən olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bununla bağlı Bəyannamədə göstərilir: «Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur».

Şuşa Bəyannaməsində diqqətçəkən digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Göründüyü kimi, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradacaq.

Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyənin qanunverici orqanları tərəfindən təsdiqlənməsi isə ortaq təhlükəsizliyimizin təmin olunması, başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırdı. Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olundu. Eyni zamanda, sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənmiş bu tarixi Bəyannamə Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsini də təmin edəcək. Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkənin qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri də mühüm əhəmiyyət kəsb edir.

Daha çox xəbərlər