Azərbaycan buğdanı daha ucuz ala biləcək
Dünya bazarında buğda bahalaşır; Rusiya məhsulunu sata bilmir
Rusiyanın Ukraynaya hücumundan sonra dünya bazarında buğdanın qiyməti sürətlə bahalaşır. Belə ki, buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti müharibə səbəbindən tədarükdə fasilələrin yaranacağı narahatlığı fonunda 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Çikaqo birjasında buğdanın may fyçerslərinin qiyməti Çikaqo birjasında 7,1 faiz artaraq bir buşelə görə 10,59 dollara çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, Rusiya və Ukrayna dünya taxıl və buğda bazarında birlikdə 30 faizə yaxın paya malikdir. 2021-ci ildə taxıl ixracı Ukraynaya 12,3 milyard dollar gəlir gətirib. Bunun 2,55 milyard dolları Çindən, 1,39 milyard dolları Misirdən, 920 milyon dolları Türkiyədən daxil olub. Ukraynanın ümumi taxıl ixracının 20,7 faizi Çinə reallaşıb. İkinci yerdə Misir, üçüncüdə Türkiyə gəlir. Bundan əlavə, İndoneziya, İspaniya, Niderland, İran, Pakistan, Liviya və Tunis də Ukraynadan iri həcmlərdə buğda alıblar.
2021-ci ilin iyunundan fevralın 2-dək Ukrayna əvvəlki dövrlə müqayisədə 31,6 faiz çox – 38,63 milyon taxıl ixrac edib. Bu zaman buğda ixracı 30,4 faiz artımla 17,08 milyon ton olub. Yaxın həftələrdə Ukraynada taxıl səpininə hazırlıq işləri başlanmalıdır. Hərbi əməliyyatlar davam edəcəyi təqdirdə ölkə ərazisinin böyük bir hissəsində bu, baş tutmayacaq. Hətta müharibə dayansa belə, kənd təsərrüfatı işlərini əvvəlki həcmdə həyata keçirmək mümkün olmayacaq. Bu isə 2022-2023-cü il mövsümündə Ukraynanın buğda ixracının kəskin azalmasına gətirib çıxara bilər.
Rusiyada əkin-səpin işləri vaxtında icra olunsa da, yaxın aylarda ölkəyə qarşı tətbiq olunan sanksiyalar yumşaldılmasa, buğdanın ixracını reallaşdırmaq mümkünsüz olacaq. Belə ki, dünyanın ən böyük yükdaşıma şirkətləri Rusiya məhsullarını daşımaqdan imtina ediblər. Üstəlik, bir çox ölkələr Rusiya gəmilərini öz sularına buraxmırlar.
Rusiya Taxıl İttifaqının departament rəhbəri Yelena Tyurina hesab edir ki, ölkə öz buğdasını rahatlıqla sata biləcək, çünki alıcıları sanksiya tətbiq etməyən ölkələrdir: Fars körfəzi, Cənub-Şərqi Asiya və Afrika: “Bizim buğdamızı Avropadan alanlar azdır. Yalnız İtaliya az miqdarda bərk buğda alır. Bizim əsas bazarlarımız Fars körfəzi, Cənub-Şərqi Asiya və Afrika ölkələridir. Çin bu yaxınlarda Rusiyanın bütün regionlarından buğda idxalına icazə verib. Əgər Avropa və ABŞ istiqamətinə sanksiyalar imkan verməsə, oraya yönələn həcmləri digər ərazilərə sata biləcəyik. Biz bir qayda olaraq, istehsal etdiyimiz buğdanın yarısını satırıq. Hesablamalarımıza görə, martın əvvəlinə ixrac üçün yönəldilə biləcək həcmlər 6,3-6,5 milyon tondur. Biz bu həcmləri rahatlıqla satacağıq”.
![]()
Y.Tyurina etiraf edib ki, hazırda Rusiya buğdasını alan yoxdur: “Dünya bazarında bir durğunluq var, qiymətlərin dəyişməsini gözləyirlər. Bizdə hazırda buğda satışına dair aktiv müqavilələr bağlanmır”.
Ümumilikdə 2021-ci il ərzində Rusiya 33,5 milyon ton, Avstraliya 26 milyon tondan yuxarı, ABŞ 24 milyon ton, Kanada 22 milyon ton, Ukrayna 20 milyon ton buğda ixrac edib.
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) martın 2-də xüsusi bəyanatla çıxış edərək Ukraynadakı konfliktin Yaxın Şərq və Şimali Amerika ölkələrini aclığa məhkum edəcəyini açıqlayıb. Bu ölkələr buğda ehtiyaclarını əsasən Rusiya və Ukraynadan idxalla təmin edirlər. Rusiya və Ukrayna həmçinin dünya qarğıdalı ixracının 19 faizini, günəbaxan ixracının isə 80 faizini reallaşdırırlar. Təkcə 2021-ci ildə Ukrayna 33 milyon ton günəbaxan ixrac edib. Buna görə də ölkədə müharibənin davam etməsi dünya ərzaq bazarında çox böyük təbəddülatlara, qiymət bahalaşmasına gətirib çıxara bilər.
Rusiyada da bankların sanksiya altına düşməsi aqrar istehsalçıların kredit imkanlarını kəskin azaldıb. Hökumətin taxıl məhsulları, o cümlədən buğda ixracına tətbiq etdiyi əlavə ixrac rüsumu şirkətlər üçün ağır yükə çevrilib. Buna görə də Rusiya Taxılçılar İttifaqı prezidentə təcili müraciət ünvanlayaraq rüsumların ləğv edilməsini, indiyədək rüsumlardan toplanan vəsaitlərin aqrar istehsalçılara paylanmasını xahiş ediblər. Taxılçılar həmçinin ölkə daxilində baza sabitliyini qorumaq üçün ixraca kvotanın tətbiq olunmasını, aqrar istehsalçıların kredit faizlərini subsidiyalaşdırmaq üçün 15-20 milyard rubl ayrılmasını təklif edirlər. Maraqlıdır ki, fevralın 15-dən etibarən belə bir kvota artıq tətbiq olunur. Rusiya hökumətinin qərarına əsasən iyuna qədər ölkədən buğda ixracı 8 milyon tonu ötməməlidir. Lakin hazırda bu həcmin satışının mümkün olması belə şübhə doğurur. Taxılçılar İttifaqı bildirir ki, mövsümün sonunadək ən yaxşı halda 3 milyon tona qədər buğda ixrac etmək mümkün ola bilər.

İlin ilk ayında taxıl qiymətləri indeksi dekabrla müqayisədə cüzi – 0,1 faiz yüksəlmişdi. Bu zaman qarğıdalının qiyməti 3,8 faiz artdığı halda buğdanın qiyməti 3,1 faiz azalmışdı. Qlobal buğda qiymətlərinin azalması Avstraliya və Argentinada əlverişli hava şəraiti nəticəsində rekord həcmdə buğda əldə olunması ilə bağlı olmuşdu. Belə ki, Avstraliyada buğda yığımı noyabrda başlayıb. Bu ölkədə rekord həcmdə – 32,6 milyon ton məhsul yığılıb. Ölkənin iyul ayında başa çatacaq cari mövsümdə dünya bazarına 23 milyon ton buğda çıxarmaq imkanı olacaq ki, bu da son 10 ildəki orta göstəricidən 37 faiz yüksəkdir.
Avropa Birliyində də buğda istehsalının 9 faiz artmaqla 138 milyon tona çatacağı ehtimal olunur. Buğda istehsalında artım gözlənilən daha bir ölkə Böyük Britaniyadır.
Argentinada isə yanvarda başa çatan yığım mövsümü 28 faizdən çox artım və 21,8 milyon ton buğda əldə olunması ilə nəticələnib. Bunun 13,3 milyon tonunun ixrac edilməsi nəzərdə tutulur.
Digər ərazilərdə 2021-2022-ci il mövsümündə buğda istehsalının azalması gözlənilir. Məsələn, ABŞ-da bu mövsümdə buğda istehsalının 7 faiz azalmaqla 46 milyon ton təşkil edəcəyi gözlənilir. Kanadada isə əlverişsiz hava şərtləri nəticəsində buğda istehsalının əvvəlki illə müqayisədə 26 faiz azalmaqla 26 milyon tona düşəcəyi proqnozlaşdırılır.
Rəsmi məlumatlara əsasən, Azərbaycanda ildə ərzaq üçün 2.4 milyon ton, yem üçün 500 min ton, toxum üçün 140 min ton buğda istifadə olunur. Ümumilikdə, ölkədə buğdaya cəmi tələbat 3.2-3.3 milyon ton təşkil edir. Ölkə bunun təxminən 1,9 milyon tonunu özü istehsal edir. Belə ki, Azərbaycanda ildə 600 min hektar civarında sahədə buğda əkilir, bir hektardan məhsuldarlıq 31 sentnerdir. Beləliklə, tələbatı qarşılamaq üçün ölkəyə ildə 1.3 milyon ton civarında buğda idxal olunur.
Ötən il Azərbaycanda 1 milyon 885 min ton buğda istehsal edilib. Azərbaycanın buğdanın çoxunu Rusiyadan aldığını nəzərə alsaq, bu ölkədən ixracın məhdudlaşmasının bizə də təsirinin olduğunu söyləyə bilərik. Belə ki, Rusiyanın rəsmi statistikasına əsasən 2021-ci ilin 1 iyulundan 2022-ci ilin 24 fevralına qədər bu ölkənin buğda ixracı əvvəlki dövrlə müqayisədə 30 faiz azalmaqla 22,5 milyon ton təşki edib. Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinə ixrac bura aid deyil.
Azərbaycanın Gömrük statistikasından aydın olur ki, 2021-ci il ərzində ölkəyə 331 milyon 946.01 min dollar dəyərində 1 milyon 148 min 100.77 ton buğda idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 217 min ton azdır. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 min 100.13 ton təşkil etmişdi.
2022-ci ilin yanvarında isə Azərbaycana xaricdən 32 milyon 475.34 min dollar dəyərində 93 min 704.53 ton buğda gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən də çox deməkdir. Belə ki, 2021-ci ilin yanvarında buğda idxalımız 5 milyon 900.59 min dollar dəyərlə 23 min 203.54 ton olmuşdu.
Qeyd edək ki, Azərbaycanda buğda əkinlərinin azalması müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, indiyədək ölkədə 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib ki, bunun da 602,1 min hektarı (59,3 faizi) buğda, 413,6 min hektarı (40,7 faizi) arpa və 0,2 min hektarı (0,02 faizi) çovdardır. 2021-ci ilin məhsulu üçünsə 981,4 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilmişdi: bunun 608,5 min hektarı (62,0 faizi) buğda, 372,6 min hektarı (37,9 faizi) arpa və 0,3 min hektarı (0,1 faizi) çovdar olmuşdu. Göründüyü kimi, buğda əkinləri 6,4 min hektar azalıb, əvəzində arpa əkinləri 40 min hektar artırılıb.
Xatırladaq ki, dünya bazarında buğdanın qiymətinin kəskin bahalaşması nəticəsində yanvarın əvvəlindən etibarən Azərbaycanda un və çörəyin qiymətində artım baş verib. Dövlət son 5 ildən yuxarı müddətdə buğda idxalı, un və çörəyin satışını ƏDV-dən azad etməklə, həmçinin 2021-ci ildən etibarən un istehsalçılarına subsidiya, buğda idxalçılarına güzəştli kreditlər ayırmaqla daxili bazarda un və çörəyin qiymətini sabit saxlamağa nail olub. Lakin 2021-ci ilin avqustundan etibarən buğdanın dünya bazar qiyməti kəskin bahalaşdığına görə dövlətin tətbiq etdiyi güzəşt və subsidiyalar un və çörəyin qiymətini sabit saxlamaq üçün yetərli olmadığına görə artıma gedilib.
Ukraynadakı müharibə dünya bazarında buğdanın qiymətini artıracaq. Analitik mərkəzlər bu il buğdanın 30 faizə yaxın bahalaşacağını proqnozlaşdırırlar. Bu prosesin Azərbaycanda buğda və unun qiymətinə mənfi təsirinin olacağı gözlənilən deyil: buğda idxalımızda 90 faizə yaxın paya malik olan Rusiya məhsulunu satmaqda ciddi çətinliklərlə üzləşməkdədir. Bu şəraitdə Azərbaycanın şimal qonşudan buğdanı qiymət artımı olmadan almaq imkanları genişlənir…

