“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində tədbir keçirilib
ARANTV.AZ xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 12-də Bakıda “AzLnTelecom” MMC-nin təşkilatçılığı ilə “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı tədbir keçirilib. Tədbirdə dövlət və biznes strukturları, təşkilatların, eləcə də, fərdi şəxslərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər barədə danışılıb. Həmçinin “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi xidməti, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun həlləri də nümayiş etdirilib. Bu həllərin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. “AzLnTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev isə jurnlalistlərə açıqlamasında bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Yevlaxda inşa etdiyi ehtiyat DATA-mərkəzi bu ilin iyulunda istifadəyə veriləcək.

