Gündəm 

“Qida təhlükəsizliyi haqqında” Qanun nələr vəd edir?

Xəbər verildiyi kimi, Azərbaycanda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilib. 9 fəsil, 40 maddədən ibarət olan qanun layihəsi Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Layihədə qeyd olunur ki, yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida maddələri və təbii mineral sular Azərbaycan ərazisində istehsal, emal edilməmişdən və dövriyyəyə buraxılmamışdan əvvəl onların xüsusiyyətləri nəzərə alınmaqla həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, habelə həmin məhsulların təhlükəsizliyini və minimum keyfiyyətini, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən tədqiqi aparılacaq. Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən məhsulların xüsusiyyətlərindən asılı olaraq qeydiyyata alınacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, qanunun qəbul olunması ölkədə insanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasında, zənginləşdirilmiş qida məhsullarının istehsalı və emalı zamanı təhlükəsizlik və minimum keyfiyyət tələbləri ilə bağlı norma və qaydalara əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

AQTA-nın Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev “Report”a bildirib ki, yeni qanunvericiliyə əsasən, ölkəyə idxal olunan məhsullar sənəd, eynilik və fiziki nəzarətə cəlb olunacaq. Fiziki nəzarətə yanlız yüksək risk qrupuna aid olan məhsullar, orta və aşağı risk qrupuna aid məhsullar isə sənəd və eynilik nəzarətinə cəlb ediləcək. Onun sözlərinə görə, qanun layihəsi qida zənciri boyu nəzarətin təmin edilməsinə, o cümlədən subyektlərin qeydiyyatı və təsdiqi sisteminə, məhsulların qeydiyyatı, izlənilmə ilə bağlı prosedurların təyin edilməsinə, yekunda istehlakçı tərəfindən təhlükəsiz qida məhsulunun əldə edilməsinə yönəlib.

“Qida təhlükəsizliyi haqqında” Qanunun təhlükəsiz qidalanmağımıza nə dərəcədə imkan verəcəyini gələcəkdə bilmək mümkün olacaq. Ancaq artıq onu demək mümkündür ki, hazırda dərman vasitələri ilə əlaqədar buna bənzər proses həyata keçirilir. Belə ki, 2006-cı ildə qüvvəyə minən “Dərman vasitələri haqqında” Qanuna görə, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, ölkə ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Qanunvericiliyə görə, dərman vasitələrinin dövlət qeydiyyatı  tibbi praktikada istifadə məqsədilə dərman vasitələrinin müvafiq sənədlər əsasında ekspertizası və aparılmış sınaqların nəticələrinə görə ölkə ərazisində sənaye üsulu ilə istehsalına, idxalına və tətbiqinə icazə verilməsini və müəyyən olunmuş qaydada uçota alınmasını nəzərdə tutan tədbirlər sistemidir.

“Dərman vasitələri haqqında” Qanuna görə, dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Azərbaycanda istehsal olunan və ölkəyə idxal edilən dərman vasitələri, həmçinin  qanunvericiliklə müəyyənləşdirilmiş qaydada  sertifikatlaşdırılır.  Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin sertifikatlaşdırılmasına yol verilmir.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda dərman vasitələrinin qeydiyyatı prosedurunun çətin və mürəkkəb olmasını bildirmişdi. Ümumilikdə isə sözügedən proses ötən müddətdə dərman vasitələrinin keyfiyyətinin aşağı olması ilə bağlı iddiaları azaltmasa da bu məhsulların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə gətirib çıxarıb.  Belə ki, dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi nəticə etibarilə bu sahədə rəqabətin azalmasına, qiymətlərin artmasına şərait yaratmışdı. Yekunda dövlət qeydiyyatına alınma və qiymətlərin tənzimlənməsi əczaçılıq şirkətləri üçün son illərdə dərman vasitələrindən daha çox bioloji fəallığa malik qida əlavələrinin idxalını cəlbedici edir. Elə buradan irəli gələrək həkimlərin reseptlərində yer alan bioloji fəallığa malik qida əlavələri isə dərman vasitələrini əvəz etmir, onların heç bir müalicəvi əhəmiyyəti yoxdur.

Daha çox xəbərlər