Qazi: Şanlı tarixin bir parçası olmaqdan qürur duyuram
Vətən müharibəsi bizim üçün bir sınaq meydanı, öz gücümüzü göstərmək, tarixi ədaləti bərpa etmək və nəyə qadir olduğumuzu dünyaya nümayiş etdirmək üçün bir imkan idi. Hər birimiz məsuliyyətimizi dərk edir, nə olur-olsun, canımız bahasına olsa belə girdiyimiz döyüşdən qalib ayrılmağı qarşımıza məqsəd qoymuşduq. Ona görə də heç bir çətinlik, texnika, mərmi bizi qorxutmadı, qarşımızı kəsə bilmədi. Ac-susuz qalsaq da, qazandığımız qələbələr, içimizdəki nifrət bizə güc verdi. Yaralansaq da, yaramızı sarıyıb savaşa atıldıq, döyüş yoldaşlarımızın gözlərimizin önündə şəhid olması bizi yolumuzdan döndərmədi. Şəhidimizi, yaralımızı çiynimizdə daşıya-daşıya, intiqam hissindən aldığımız güc-qüvvətlə irəlilədik. Mənfur düşmənin 30 il ərzində qurduğu bütün istehkamlar qarşımızda sadəcə 44 gün tab gətirdi. Dünya 44 gün ərzində bir xalqın oyanışını, ordu-xalq birliyinin sel kimi qarşısına çıxanı necə yuyub apardığını, qurulan bəndləri necə dağıtdığını izlədi. Vətən müharibəsində şəhidlərimizin ruhunun da bizimlə olduğunu, qəhrəmanlarımızın bizi irəliyə getməyə səslədiklərini də hiss etdik. 2020-ci ilin payızında sevinci, kədəri, çətinliyi, təhlükəsi ilə həyatımızın ən şərəfli, ən yaddaqalan 44 gününü yaşadıq. Uca Rəbbimizin köməyi ilə xeyir şər üzərində qələbə çaldı, Yaradan xalqımızı illərdir çəkdiyi əziyyətin qarşılığında Zəfərlə mükafatlandırdı.
ARANTV.AZ xəbər verir ki, bunu Vətən müharibəsi iştirakçısı Sabir İmranov deyib.
Müharibənin ilk günündən döyüşlərə atılan Sabir tank əleyhinə tağımda manqa komandiri olub. O, 44 günü belə xatırlayır: “Düşmənin dəfələrlə təxribat törətməsi, hərbi qulluqçularımızın, mülki vətəndaşların şəhid olması səbrimizi daşırırdı. Biz bu günə hazır idik. Dövlətimiz bu problemi nə qədər sülh yolu ilə həll etməyə çalışsa da, erməni vandalları humanist addımlarımıza təxribatlarla cavab verir, hər dəfə də ağır itkiyə məruz qalaraq geri oturdulurdu. 2020-ci ilin iyul təxribatları, general-mayor Polad Həşimovun şəhid olması nəinki hərbi qulluqçuları, ümumilikdə xalqımızı ayağa qaldırmışdı. Könüllü olaraq döyüşmək istəyənlər saysız-hesabsız idi. Əslində müharibə başlayanda biz hərtərəfli hazır idik. Bizim üçün heç nə qəfil olmadı. İllərdir keçdiyimiz təlimlər, öyrəndiklərimiz, bir yandan da baş verən son təxribatlar xalq olaraq bizi ayıq-sayıq etmişdi. Hər kəs düşmənə layiqli cavab veriləcək o vacib məqamı gözləyirdi. Həmin həlledici məqam sentyabrın 27-də yetişdi. Düşmən təxribatına cavab olaraq əks-hücum əməliyyatına keçmək barədə əmr alanda çox sevindik. Qarşıda bizi nələrin gözlədiyini bilirdik. Geri dönməyə, ağır xəsarət ala da bilərdik. Bu barədə düşünmürdük, döyüşlərə ruh yüksəkliyi ilə yollanır, yorğun anlarımızda marşlarla güclənirdik. Hər anımız, hər dəqiqəmiz qiymətli idi. Çünki bir neçə dəqiqə əvvəl söhbət etdiyimiz, əlimizdəki son tikəni, içdiyimiz bir qurtum suyu bölüşdüyümüz silahdaşlarımız gözlərimizin qarşısında şəhid olurdu. Təbii ki, bu, bizim üçün çox ağır mənzərə idi. Vaxt tapıb ailə üzvlərimizlə əlaqə saxlayanda belə onları təsəlli edir, çox vaxt hansı çətinliklərdən keçdiyimizi bildirmirdik. Anlayırdıq ki, bu, son telefon danışığımız da ola bilər. Bəzən isə onları hər şeyə hazırlayır, tapşırıqlarımızı verir, bir-birilərinə həyan olmalarını vəsiyyət edirdik. Elə olurdu ki, günlərlə ac-susuz, yuxusuz qalırdıq, bəzən tükənirdik, şəhidlərimiz üçün göz yaşı tökürdük. Lakin addım-addım irəliləmək, alovlanan intiqam hissi bizə güc verir, Zəfərin ətri bizi özünə tərəf çəkirdi. Davamız haqlı olduğundan uca Yaradan da gücümüzə güc qatırdı. Bəzən o qədər susayırdıq ki, yağış yağıb gölməçə əmələ gətirəndə sevinir, palçıqlı sudan doyunca içirdik. Nə qədər taqətsiz, yorğun olsaq da, şəhidlərimizi, yaralılarımızı savaş meydanında buraxmırdıq. Şəhidlərimizi çiynimizə alıb daşıyanda sanki onların da gücü bizə keçirdi, döyüşə-döyüşə onları çıxarırdıq. 44 gün bizim üçün əsl həyat məktəbi oldu. Biz həmin məktəbdən ən yüksək qiymətlərlə məzun olduq. Mənim üçün ən kövrək məqamlardan biri xalqımızın arxamızda olduğunu hiss etmək idi. Hər kəs əlindən gələni edirdi, düşmənlərin mülki vətəndaşları hədəf alması belə onları qorxutmurdu, əksinə irəliləməyimizi istəyirdilər. Biz həqiqətən bir selə dönmüşdük, sanki payızın yağışı bizi elə dağıdıcı etdi ki, qarşımızda nə düşmən dayana bildi, nə də onların havadarları. Qarşımıza çıxanı darmadağın edib Şuşaya çatdıq. Vətən müharibəsinin sonunda şanlı Zəfərin ətri illərdir bizi həsrətlə gözləyən torpaqlarımızda duyuldu. Nə o günləri, nə də çiyin-çiyinə savaşdığım döyüş yoldaşlarımı, üçrəngli bayrağa bürünüb Vətən torpağına qarışan şəhidlərimizi heç zaman unutmayacağam. Şanlı tarixin bir parçası olmaqdan qürur duyuram”.
Qeyd edək ki, İmranov Sabir Xudayat oğlu 1997-ci il fevralın 2-də Samux rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Sabir xidməti başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb. O, Gəncədə yerləşən “N” saylı hərbi hissədə hərbi polis kimi müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Vətən müharibəsindən əvvəl könüllü olaraq Mingəçevirdə yerləşən “N” saylı hərbi hissəyə təyinat alaraq təlimlərə qoşulub. Sentyabrın 27-dən tank əleyhinə tağımda manqa komandiri kimi döyüşlərə başlayan Sabir İmranov Tərtər rayonunun Talış kəndi, ardınca Suqovuşan qəsəbəsi uğrunda, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı şücaəti ilə seçilən Sabir düşmənin beş canlı qüvvəsini də məhv edə bilib. Dövlətimizin başçısının sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

