Biz artıq azad olan doğma torpaqlarımızda Novruz bayramını qeyd edirik
NOVRUZUN ƏSRARƏNGİZ GƏLİŞİ…
İllərin, qərinələrin sınağı təsdiqlədi ki, təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf edir. Xalqımız bu mübarək məqamı- Novruz bayramını həmişə başqa əhval-ruhiyyə, bayram ovqatı ilə qarşılayıb. Xeyirlə şərin mübarizəsi üzərində qurulmuş bu qədim el bayramının kökü çox əskilərə – eramızdan əvvəl 505-ci illərə dayanır. Ömər Xəyyam «Novruznamə» adlı əsərində astronomik tədqiqatlara əsasən göstərir ki, Novruzun yaranması Günəş təqvimi ilə bağlıdır və ilin dəyişməsi deməkdir.
XVII əsrdə yaşamış fransız səyyahı Jan Şarden Şərq ölkələrini səyahətə çıxıbmış. O, Gəncədə, Naxçıvanda, Tiflisdə, İrəvanda, Təbrizdə, İsfahanda olarkən Novruz bayramının iştirakçısı olur və tarixi «Səyahətnamə»sində yazır ki, Səfəvilər yazın gəlişini aşırı təmtəraqlı qarşılayır, süfrələrinə löyün-löyün təamlar, ləbləbilər, qızıl suyuna boyanmış yumurtalar düzürlər. Çünki həmin gün gecə ilə gündüz bərabərləşir. Fransız səyyah bir də ondan heyrətlənib ki, həmin günü şahla cütcü, rəncbər eyni şəkildə qeyd edir. Hamısının süfrəsində eyni təamlar olur. Kosayla keçəlin oyunlarından bəhs edən səyyah, bu oyunda xeyirin şər üzərində zəfərinə sevinən türklərin inancını da yüksək qiymətləndirərək, onları torpağa və təbiətə bağlı xalq olduğunu xüsusi vurğulayıb. Buna misal kimi səməni göyərtməkdən bəhs edib: “Səməni onların qutsalıdır, buğdanı evdə göyərtsələr də, təbiətə, oyan artıq, səni gözlədik, özlədik, deyə xitab etməsidir”.
Əziz oxucular, mövzuya biraz tarixdən baxışım səbəbsiz deyil. Novruz bütün dinlərdən öncə yaranmış və sırf türk xalqlarının məişətinə, ailə dəyərlərinə, sosial həyatına və təbiətlə bağlılığına, torpağın oyanışına, dirilişinə, insanların bir-birlərinə sevgiylə, qayğıyla yanaşmasına xidmət edən bayramdır. Azərbaycan xalqının məişətində, mədəniyyətində və mənəviyyatında Novruzun dəyəri və rolu təkrarsızdır. Böyüklərə hörmət, imkansızlara yardım, qonşuya qayğı, küsülüləri barışdırmaq, paylaşmaq və bayramlaşmaq kimi yüksək insani keyfiyyətlər minillərdir xalqımızın milli şüurunda inkişaf edərək, yüksək mənəvi ucalığına səbəb olub. Novruzqabağı evini-eşiyini təmizliyib, xalısını, gəvəsini, palazını yuyub arıtmaq da xalqımıza məxsus ən üstün mənəvi dəyərlərindən biridir. Bəlkə də belə bir ritual dünyanın heç bir xalqına məxsus deyildir.
Mətbuatımızın cəfakeşi Həsən bəy Zərdabi vaxtilə “Quyruq doğdu, çillə çıxdı” adlı məqaləsində yazırdı: «Təəccüblüdür ki, heç bir yerdə oxumamış kəndlimiz filan ayın neçəsi olduğunu, hətta ayların adını belə bilməyir, amma təsbehini çevirib Novruzdan tutub hesab çəkərək, quyruq doğmağa neçə gün qaldığını, çillənin nə zaman çıxacağını bilir. Bundan belə məlum olur ki, bu hesab çox doğru və asan hesabdır…”
Bu faktla göstərir ki, Novruz kor-koranə qəbul edilməyib, elmi şəkildə təsdiqini tapıb. Xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır bu müqəddəs bayram. Böyük çillə, kiçik çillə və boz ayı xüsusi ayin və mərasimlərlə, tonqal qalamaqla keçirən türk elatı ilaxır çərşənbəni qovurğa qovuraraq, bir-birlərinə bayram payı aparar, qonaq gedərək, sabah erkəndən su kənarına gedib su çiləyərək qarşılayıb. Bu gözəl ənənələr minillərdir ki, nəsildən-nəslə keçərək milli bayramımız kimi qeyd edilir.
Kitabi Dədə-Qorqudda da Novruz bayaramının işarətləri çoxdur. Ulu dədəmiz hər yaz bayramında xalqına: “Ağaclarınız çiçəkləsin, sularınız axsın, alaca gözlü ocaqlarınız çatır-çatır yansın, evləriniz işıqlansın, quzularınız otlasın, uşaqlarınız oynaşsın” deyə, dualar edərmiş. Hər Novruz xalqımız təbiətə, torpağa, əkib-becərməyə, yaratmağa və yaşatmağa daha möhkəm bağlanır. İki ildir ki, düşmən tapdağından azad olmuş yurdlarımızda Novruz havası yaşanır, tonqallar çatılır, torpağın buğunun ətri ətrafa yayılır. Bizi qarşıda o yurd yerlərini cənnətə çevirmək kimi müqəddəs işlər gözləyir. Ölkəmizin başçısından tutmuş ən sıravi vətəndaşımıza qədər biz də bu müqəddəs vəzifəmizi yerinə yetirməyə hazırıq.
Böyük şairimiz Səməd Vurğunun bir şeri baharın gəlişini necə gözəl ifadə edir:
Göylərə baş çəkir Göyəzən dağı,
Axşam açıq olur ayın qabağı,
Bizim gəlinlərin bayram qabağı,
Fəsəli yaymağı yadıma düşdü.
Xalqı birləşdirən bayram şənliklərinin füsunkarlığına baxın. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini gözəl, yamyaşıl səməni bəzəyir, Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Bu ilaxır çərşənbə günündə ulu öndərin hələ 1998-ci ildə dediyi:- “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Fikirlərini dönə-dönə təkrar edirəm. İnamın, gələcəyə baxışın qətiliyi, dəyişməzliyi insanda qürur hissi doğurur. Bir daha bu azərbaycanlı dahinin millətimizin payına düşdüyünə sevinirəm.
İndi biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırmasının canlı şahidi olduğumuzdan özümüzü dünyanın ən bəxtəvəri hesab edirik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Qoy Novruzun suları gurhagur axsın, torpaqda sünbüllər göyərsin, qız-gəlinlərimiz ocaq başında yuxa açsın, fəsəli bişirsin, torpağımıza, daşımıza təzə nəfəs gəlsin. Hər şey dəyişsin, təzələnsin.Təbiətdəki zümrüdlük insan ömrünün rənginə yeni çalarlar gətirsin. Bayramınız mübarək olsun.
Əminə YUSİFQIZI,
Əməkdar jurnalist, YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

