Əsas səhifə 

Novruz bayramı yalnız onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir.

Novruz Azərbaycanın ən qədim ümumxalq bayramlarından biridir. Milli adət-ənənələrimizi özündə yaşadan bu bayramın tarixi çox qədimdir və müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatıb. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək: “Bu milli bayramın indi yüksək şəkildə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin bəhrələrindəndir”. 1993-cü ildən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. Hər il xalqımız bu bayramı böyük coşğu ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir bu bayramın insanlara, cəmiyyətə ötürdüyü çox mühüm mənəvi ismarıcları var: “Qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində bu gün biz ölkəmizdə milli həmrəyliyi, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində hər bir vətəndaşımız bir yumruq kimi birləşərək erməni faşizminə qalib gəldi, Qarabağı işğaldan azad etdi. Ölkədə yaranan siyasi dialoq və əməkdaşlıq öz mühüm töhfəsini verməkdədir. Sosial ədalət, tolerantlıq, bərabərlik kimi xüsusiyyətləri özündə əks etdirən Novruz bayramı milli dəyərlərlə yanaşı, həm də bəşəri dəyərləri də yaşadır: Evdə hazırlanan yemək və şirniyyatlardan qonşulara pay verilir, xüsusi ehtiyacı olanlara yardım edilir, sovqat göndərilir. Hamı çalışır ki, hər kəsin evində bayram süfrəsi açılsın.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib.Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Artıq işğaldan azad olan torpaqlarımızda bayram tonqalları yandırılır, burada böyük quruculuq işərinə başlanmışdır. İndi bizim hamımızın bir ümumxalq arzumuz vardır: Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin. Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!
Nazir Məhərrəmli,
Zəngilan rayon İcra Hakimiyyətinin əməkdaşı

Daha çox xəbərlər