Şuşa: Zəfər, tərəqqi, qələbə simvolu
Azərbaycanın mədəniyyət paytaxtı, vaxtilə “Kiçik Paris”, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşa şəhəri bu gün özünün tarixi günlərini yaşayır. Dünən bu tarixi şəhərin Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantısına evsahibliyi etməsi bunun bariz nümunəsidir. Toplantı iştirakçıları “Xankəndi” adı verilmiş təyyarə ilə Qarabağın hava qapısına-Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Qonaqlar Zəfər yolu ilə Şuşaya yola düşüblər. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-Birləşmiş Millətlər Təşkilatı tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir. Tədbirdə BMT-nin ölkədəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbərləri iştirak ediblər.
Şuşa toplantısında münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçirilərək keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji” potensialından istifadə, humanitar mina fəaliyyəti və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmasının, eləcə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, postpandemiya reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlərin müzakirəsi mühüm əhəmiyyət kəsb edir.
Təbii ki, çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda Qarabağın bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur.
Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il Şuşanın işğaldan azad lunması gününü-noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin tarixin bayram günləri sırasına daxil edilməsi barədə Sərəncam imzaladı.
Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdikdən dərhal sonra azad edilmiş ərazilərin genişmiqyaslı bərpasına başladı. Hazırda Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir. Azad edilmiş ərazilərdə ən müasir infrastruktur yaradılır, hava limanları, elektrik stansiyaları inşa edilir. Yüz kilometrlərlə yollar, su, işıq, qaz və digər kommunikasiya xətləri çəkilir. Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada bərpa işləri uğurla davam etdirilir. Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.
Bu il Şuşanın 270 illiyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Həmin tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq.

