Cəmiyyət 

Bayram günlərində bölgələrdə istirahət neçəyə başa gələcək? – Qiymətlər

Bu il Novruz bayramı ilə əlaqədar 9 gün iş olmayacaq. Bu isə o deməkdir ki, istirahət üçün müəyyən plan qurmaq olar. Tətildə yəqin ki, xarici ölkələrə üz tutanlar da olacaq, əzizlərini ziyarət etmək üçün bölgələrə gedənlər də, sadəcə, istirahət üçün hotelləri, yaxud qonaq evlərini seçənlər də.

Bəs görəsən, baharın ilk günlərini səfalı guşələrdə keçirmək neçəyə başa gəlir? Suala cavab almaq üçün kiçik araşdırma apardıq.

Məlum oldu ki, Qubada kirayə evlərin qiyməti otaqların sayına görə dəyişir: 2 otaqlı evlər 70-100 AZN-ə, 3 otaqlı fərdi evlər isə 70, 100 AZN-ə təklif olunur. Lüks şəraitli evlər üçün hətta 250 AZN tələb edənlər var. “Quba Palace Hotel”də 20-21 mart tarixlərində iki nəfərlik otaq 280 AZN-dir. Bu qiymətə səhər və nahar yeməyi daxildir. Göl mənzərəli deluxe otaq səhər və nahar yeməyi birlikdə 300 AZN-dir.

Lənkəranda kirayə evlərin qiyməti 25 AZN-dən başlayır. Yaxşı və lüks şəraitli evlərin qiyməti 80-120 AZN və daha baha qiymətə təklif olunur. “Lankaran Springs Wellness Resort” hoteldə 31 marta qədər boş yer yoxdur. 31 mart-1 aprel tarixində 1 gecəlik qiymət 155 AZN-dir.

“Shahdag Hotel Spa” hoteldə bir gecəlik iki nəfər üçün plaza mənzərəli deluxe king otağın qiyməti 162 AZN, dağ mənzərəli deluxe king otağın qiyməti isə 189 AZN-dir. Bu qiymətə səhər yeməyi və vergilər daxildir.

Azərbaycanda daxili turizmin imkanları genişdir: gözəl mənzərələr, iqlim şəraiti, tarixi məkanlar və s. Ekspertlər hesab edir ki, mövcud şəraiti doğru dəyərləndirməklə və dünya təcrübəsini öyrənib tətbiq etməklə turizm sektorunu daha da inkişaf etdirmək mümkündür.

Azərbaycanın palçıq vulkanları müalicə turizminin imkanlarını  genişləndirəcək

Əhməd Qurbanov

“Azərbaycan Turizm Assosiasiyası” (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda daxili turizm yaxşı inkişaf edib: “Pandemiya dövründə daxili turizm daha da inkişaf etdi. Sərhədlər bağlı olduğu üçün xarici ölkələrə gedə bilməyənlər bölgələrdə istirahətə üstünlük verdilər. Quba-Qusar dəhlizi paytaxta yaxın olduğu üçün turistlərə rahatdır. İnsanlar yola artıq zaman sərf etmək istəmirlər. Qax-Zaqatala bölgəsinin təbiəti çox gözəldir, lakin yol uzun olduğuna görə bəzən daha yaxın marşrutlar seçilir. Turistlərin daha çox səyahət etdiyi bölgələrdə əsas üstünlüklər otellərin, qonar evlərinin sayının çox olması, eyni zamanda infrastrukturun qaneedici olmasıdır”.

Ə.Qurbanov turistlərin əksər hallarda qiymətlərdən şikayət etdiyini vurğuladı: “Hotellərin sayını çoxaltmaq lazımdır. Eyni zamanda 4-5 ulduzlu otellərlə yanaşı, 3,2,1 ulduzlu otellərin sayını artırmaq lazımdır. Rəqabətə davam gətirməyən sahibkarlar qiymətləri endirməyə məcbur olacaqlar. Belə olduqda turistlər büdcəyə uyğun otel seçməkdə çətinlik çəkməyəcəklər. Hazırda kirayə evləri, qonaq evləri ailələr üçün daha sərfəlidir, nəinki otellər. Təbii ki, şəraitindən asılı olaraq bəzi evlərin qiymətləri otellərin qiymətindən daha bahadır”.

Azərbaycan Turizm Assosiasiyası turizm agentliklərinə turpaketlərə yeni istiqamətləri, yeni məkanları əlavə etməyi tövsiyə edir. Ə.Qurbanov bildirdi ki, turistləri artıq eyni bölgəyə, eyni məkana getmək qane etmir: “İnsanlar tətil günlərini həm istirahət edərək, həm də əylənərək keçirmək istəyirlər. Hazırda Novruz bayramı ərəfəsində aktiv istirahət növləri daxil edilmiş tur paketlər üstünlük təşkil edir”.

Azərbaycan Turizm Assosiasiyasının sədri əlavə etdi ki, əlavə imkanları da dəyərləndirmək sektorun inkişafına töhfə verə bilər: “Dəmir yolu infrastrukturu olan bölgələrdə qatar turizmini inkişaf etdirmək olar. Bundan əlavə, əlverişli ərazilərdə yerləşdirilən çadırlarda istirahəti də populyarlaşdırmaq olar:hazır çadır kirayələnir, ətrafında da müvafiq infrasturktur qurulmuş olur. Dünya təcrübəsində bu növ istirahət çox populyardır çünki həm büdcəyə sərfəlidir, həm də daha maraqlı turizm növüdür. Azərbaycan Turizm Assosiasiyasının bununla bağlı layihəsi var, yaxın zamanda təsdiq etdirmək istəyirik”.

Gülnar Mustafayeva yeni vəzifəyə təyin olundu

 Gülnar Mustafayeva

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun  müdiri Gülnar Mustafayeva “Yeni Müsavat”a bildirdi ki, tətil günlərində bölgələrə səfər edən turistlərin sayında artım olacağı gözlənilir: “Hər il olduğu kimi, bu il də qeyri-iş günlərinin sayının çox olmasına görə əlbəttə ki, daxili turizmdə canlanma müşahidə olunacaq. Şimal, şimal-qərb, cənub və qərb istiqamətlərinə səyahət edənlərin çox olacağı gözlənilir. Sadaladıqlarım əsas turizm dəhlizləridir. Turistlərin sayına gəlincə, quru sərhədlərin bağlı olması ilə əlaqədar pandemiyadan öncəki kimi aktivliyin olacağını gözləmirik. Demək olar ki, əcnəbi turistlər də, yerli turistlər də eyni bölgələrə səyahət edirlər. Özəlliklə, Quba-Qusar, Şəki-Zaqatala, Qəbələ-İsmayıllı, Lənkəran, Gəncə-Göygöl istiqamətində səyahət edənlərin sayında artım olacağı ehtimal olunur”.

G.Mustafayeva həmçinin, Novruz günlərində yalnız bölgələrə deyil, bölgələrdən paytaxta səyahət edənlərin də sayında aktivlik gözlənildiyini qeyd etdi.

Daha çox xəbərlər