Gündəm 

Erməni təxribatına cavab

«Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik»

Martın 26-da qeyri-qanuni erməni silahlı dəstələrinin quldurları Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstəriblər. Görülən tədbirlər nəticəsində təxribatçı dəstənin silahlı üzvləri geri çəkilməyə məcbur edilib. Son günlərdə Qarabağda gizlənən erməni separatçılarının törətdikləri təxribatlar bir daha göstərir ki, sabitlikdən ilanın ala çatıdan zəhləsi getdiyi kimi qorxan, sülh sözündən dəhşətə gələn terrorçu ünsürlər qaşınmayan yerdən qan çıxarmaq ənənələrinə sadiqdirlər. Xankəndiyə çəkilən təbii qazın təchizatında yaranan fasiləni bəhanə gətirən, bu məsələdə də Azərbaycanı günahlandırmaqla yenidən aranı qarışdırmaq üçün hay-küy qaldırıb, şivən qoparan ermənilərin bu cəhdi də baş tutmadı. Əslində, separatçı ünsürlərin « artsaxqaz» adlandırdıqları qurumun günahı üzündən Qarabağın ermənilər yaşayan hissəsinə təbii qazın nəqlinin «Azəriqaz»a heç bir aidiyyəti yoxdur. İllərdən bəridir ki, Xankəndiyə yeganə qaz xətti Ermənistandan gəlir və təchizatçısı da «Qazprom»un törəmə şirkəti olan «Qazprom Ermənistan»dır. Buna baxmayaraq «Azəriqaz»ın xeyirxah əməkdaşlarının səyi nəticəsində baş vermiş ( bəlkə də bilərəkdən törədilmiş) qəza aradan qaldırılıb. Amma həqiqətə qara eynək arxasından baxmağa alışmış separatçılar Azərbaycanın ərazisi olan Xankəndinin infrastrukturunun bərpasının ölkəmizlə əlaqələndirilməsinə də milli keyfiyyətlərinə məxsus eqoistliyi, xisləti ilə yanaşırlar . Həmişə törətdikləri təxribatlar üçün layiqli cavablarını alan, 44 gün davam edən İkinci Qarabağ müharibəsində burunları ovulan ermənilər deyəsən aldıqları dərsdən nəticə çıxarmayıblar. Separatçı tör-töküntüləri təbdən çıxaran əsas məsələlərdən biri də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırmaları və dövlət başçımızın Azərbaycan xalqına təbrikində səsləndirdiyi sözlərdir. «Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik» söyləyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağımızı və Şərqi Zəngəzuru azad etməklə doğma torpaqlarımıza qayıtdıq: «Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır.»
Erməniləri təşvişə salan digər məqam isə Milli Ordumuzun daha da güclənməsi, hərbi qüdrəti, rəşadəti ilə XXI əsrin müharibə tarixinə imza atmasıdır. Azərbaycanın bölgədə yaratdığı reallıqların müəllifinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Silahlı Qüvvələrimizin olması faktının bütün dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi, eyni zamanda, ölkəmizin bölgədə söz sahibinə çevrilməsinin də təsdiqidir. Bu həqiqət isə erməniləri daha da vəhşiləşdirir, qana hərisliklərini artırır.
Dövlət başçımızın «Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq» sözlərindən vahimələnən erməni quldurları yaxşı bilirlər ki, onlar nə qədər cəhd etsələr də 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarını tərk etməyə məcburdurlar. İllərdən bəri zəbt etdikləri özgə torpaqlarında əbədi məskunlaşa bilməyəcəklər. Erməni separatçılarının təxribatlarının qarşısını həmişə olduğu kimi, yenə də layiqincə alan Azərbaycan hərbçilərinin Xankəndi, Ağdərə yoluna nəzarət imkanlarını gerçəkləşdirən , bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından strateji əhəmiyyətli Fərrux yüksəkliyinə nəzarət etmələri Milli Ordumuzun işğalçı üzərində növbəti qələbəsidir. Beləliklə, Azərbaycanın Əsgəranı, Xanabadı, Xocalını, Xankəndini müşahidə etmək imkanları artır. Bu uğurumuz da erməniləri təbdən çıxarır.

Xatırladaq ki, 2018-ci ildə aparılan hərbi əməliyyat nəticəsində dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli ərazisinin, İrəvanı Ermənistanın cənubu və eləcə də Qarabağla birləşdirən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi magistral yolunun mühüm bir hissəsinə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordu bölmələrinin nəzarət etməsi mühüm hərbi üstünlüyümüz kimi tarixə yazıldı. O zaman da ermənilər öz «dəst-xətlərini» göstərdilər.

Təbii ki, Azərbaycanın əldə etdiyi uğurlara öz maraqları baxımından münasibət bildirən Ermənistan kimi işğalçını dəstəkləyən qərəzli qüvvələr son günlərdə ermənilərin törətdikləri təxribatlara da ikili standartlardan yanaşmaq fürsətini qaçırmadılar. Ermənistanın məsələ ilə bağlı təxribatlarına loyal münasibətini bildirən və separatçılara haqq qazandıran Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart 2022-ci il tarixli açıqlamalarına etiraz edən Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri məsələyə aydınlıq gətirdilər. Bildirildi ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında «Dağlıq Qarabağ»” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə hörmətsizlikdir”. Respublikamızın Müdafiə Nazirliyi bəyan etdi ki, Azərbaycanın Xocalı rayonunda «Furux» adlı kəndi də yoxdur. Qeyd edilən kəndin adı Fərruxdur. Rusiya Müdafiə Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın, eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin tələblərini unutmamalı və bu sənədə hörmətlə yanaşmalıdır. Belə ciddi yanlışlıqlarla siyasi manevrlər etmək qarşılıqlı əməkdaşlığa da xələl gətirən amildir.
Halbuki 22 fevral 2022-ci il tarixində Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə birgə imzaladıqları «Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamə”də qeyd olunub ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Məsələyə belə qərəzli yanaşma Rusiya – Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrinə, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə, sadiqlik prinsiplərinə də kölgə salır. Törətdikləri təxribata haqq qazandırmağa çalışan ermənilərdən fərqli olaraq Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb. Əksinə, həmin Bəyanata uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verilməsi qəbulolunmazdır. Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Erməni separatçıları nə qədər cəhd etsələr də nəticə və məntiq dəyişməzdir: Azərbaycan ərazisində «Dağlıq Qarabağ”» adlı inzibati ərazi vahidi yoxdur və bundan sonra da olmayacaqdır. Separatçılar unutmasınlar ki, Ermənistanın hər hansı avantürist hərəkəti tarixi Azərbaycan torpaqları olan Göyçə mahalının, İrəvanın geri qaytarılması məsələsini gündəliyə gətirə bilər. Bu məsələdə tarixi ədaləti bərpa etmək üçün hüquqi, siyasi və digər mexanizmlər, ədalət Azərbaycan maraqlarını əks etdirir. Prezident İlham Əliyevin dediyi kimi, Zəngəzur, Göyçə mahalı, İrəvan bizim tarixi torpaqlarımızdır. Bu torpaqları biz unutmuruq və ermənilərə də buna xatırlatmaqda fayda var”. Ermənistanın təxribatlarına məntiqli cavab Bakıdakı Hərbi Qənimətlər Parkında xəcalət çəkən Ermənistanın sınıq-salxaq dəmir parçalarıdır. Füzuli Beynəlxalq Hava Limanıdır, Zəfər yoludur, erməni vandallarının dağıtdıqları ərazilərdəki infrastrukturun bərpasıdır, çəkilən magistrallardır, yeni görkəminə qayıdan Şuşadır, 30 ildən sonra Novruz tonqalına ev sahibliyi edən Suqovuşandır, Türkiyə-Azərbaycan müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsidir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının yaradılmasıdır. Azərbaycanla İran arasında imzalanan yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumudur, Şərqi Zəngəzur-Naxçıvan ticarət dəhlizinin bərpasıdır… Ən nəhayət, Prezident İlham Əliyevin inam və əminliklə söylədiyi bu sözlərdir: «Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik.»

Daha çox xəbərlər