31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən erməni vandalizminin təzahürüdür
Tariximizin qanlı səhifələrindən biri də Mart Soyqırımı hadisələridir. Bu qanlı hadisələr ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vandalizmin daha bir nümunəsidir.
104 il bundan öncə, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Bu hadisələrin qurbanlarının xatirəsini anır və gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün bu yaddaşın qorunub saxlanılmasını vacib hesab edirik.
Erməni millətçiləri tarixin demək olar ki, müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Hər vəchlə tarixi saxtalaşdırmağa çalışan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazisində yerləşən Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq yerlə yeksan olunub, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Bu hadisələrin təşkilatçıları onun mahiyyətinin açılmasına, düzgün hüquqi-siyasi qiymət verilməsinə maneələr törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, bununla da özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.
Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.
Məsələnin ən dəhşətli tərəfi bu idi ki, yaşadığımız faciələrə düzgün siyasi qiymət verilmir, həqiqətlər təhrif olunur, xalqımıza qarşı törədilmiş soyqırımlar tarixin açılmamaış səhifələrinə çevrilir və ört- basdır edilirdi.
Xalqımızın yaşadığı bütün faciələr kimi, 1918-ci ilin mart hadisəsi də öz düzgün hüquqi- siyasi qiymətini Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra aldı. Belə ki, 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “31 Mart Azərbaycanlıların soyqırımı Günü” kimi qeyd olunması üçün xüsusi fərmanı bu hadisəyə verilmiş ən düzgün hüquqi-siyasi qiymət oldu. Bu Fərman daxilə hesablanmış sənəd deyil. Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, biz ermənilərdən fərqli olaraq, soyqırımı ilə xaricdən özümüzə maliyyə yardımı almaq deyil, həqiqəti dünyaya çatdırmağa çalışırıq.
Faciələrlə dolu olan tariximizə artıq şanlı Zəfər yazıldı. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz bizlərə əsrlərlə həsrətində olduğumuz Qələbə sevincini yaşatdı. Bu Qələbə, bu Zəfər Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir. Faciələrimizi unutmadığımız kimi, Zəfərimizə sevinmək də hər birimizin mənəvi haqqımızdır.
Allahdan günahsız faciə qurbanlarına və bütün şəhidlərimizə rəhmət diləyirik.

İlqar Seyidov -Məşrif kənd tam orta məktəbin direktoru.

