Dövlətimizin siyasətində humanizm başlıca prinsiplərdəndir
Prezident İlham Əliyevin cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanışlığı da bunun bariz nümunəsidir
Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruması həyata keçirdiyi təkmil islahatlara əsaslanır. Hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir, yeni-yeni hədəflərə yol açır. Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin “Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu bizim strateji kursumuzun mahiyyətini təşkil edir və biz heç vaxt bu yoldan dönməyəcəyik” tezisinin davamı olaraq, Prezident İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq. İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz: “İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən.” Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, Konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində səmərəli müdafiə mexanizmləri formalaşdırılmışdır.
Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün ölkəmizin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Milli Fəaliyyət Planının təsdiq olunmasından ötən dövr ərzində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan dövlətinin siyasətində insan amilinə yüksək dəyər verilməsi təqdir olunan hal kimi önə çəkilir.
Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncamı da bu sahəyə diqqətin bariz nümunəsidir. Demokratik prinsipləri bugününün və gələcəyinin əsası kimi qəbul edən dövlətimizin 2001-ci ilin yanvarında dünyanın nüfuzlu təşkilatlarından olan, əsasən demokratik dəyərlərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması və əlaqələrin bu günə qədər yüksələn xətt üzrə inkişafı, eyni zamanda, ölkəmizin BMT-nin İnsan Haqları Bürosuna üzv seçilməsi bir daha təsdiqləyir ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən istifadə edilir. Azərbaycan inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu yeniliklərin qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapması zamanın tələbinə çevrilib. 2009-cu ildə keçirilən referendumda “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir. Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var. Dövlət başçısı bildirir: “Bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin.”
1995-ci ildən imzalanan əfv sərəncamları və amnistiya aktları da dövlətin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərdiyini təsdiqləyir. Humanizm prinsipi dövlətin siyasətində mühüm yer tutur. Əfv sərəncamlarına uyğun olaraq minlərlə məhbusun azadlığa buraxılması onların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına bir daha imkan yaradır. Bu kimi sərəncamlar, eyni zamanda, vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin insanpərvərlik ənənələrinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir.
“Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirlər davamlılığı ilə diqqət çəkir. Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” 2006-cı ildən uğurla həyata keçirilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətləri müəyyən etmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından sonra belə mükəmməl Fəaliyyət Proqramının təsdiq olunması bir daha Prezident İlham Əliyevin iqtisadi potensialın insan kapitalına çevrilməsi tövsiyəsinə uyğun həyata keçirilən islahatların davamlı olmasının göstəricisi idi. İnkişaf Konsepsiyasında təbii resurslardan səmərəli istifadə, sahibkarlığın gücləndirilməsi kimi vəzifələr əksini tapırsa, Milli Fəaliyyət Planında bu məqsədlərə çatmağın aparıcı qüvvəsi olan insan amilinə diqqət və qayğı, hüquqlarının müdafiəsi önə çəkilir, yeni prioritetlər müəyyənləşdirilir.
Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində yeni penitensiar müəssisələrin tikintisi də ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. Burada yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adabtasiyasına xidmət edəcəkdir. Bu günlərdə Prezident İlham Əliyevin cəmiyyətin həssas qrupu olan qadınlar və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa edilmiş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə yaxından tanışlığı da deyilənlərə bariz nümunədir.
Azərbaycan dövlətinin siyasi kursunda humanizm başlıca prinsiplərdən biridir. Prezident İlham Əliyevin bu vaxtadək imzaladığı 35 əfv aktı ilə 6 minədək məhkum bağışlanıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı isə 40 mindən çox insanı əhatə edib.
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür. Zəfər Günü münasibətilə elan edilmiş və bu ərəfədə icrası başa çatan amnistiya aktı isə dövlətimizin başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla daha böyük əhatə dairəsinə görə fərqlənib və 15 mindən çox şəxsə şamil edilib.
Həmçinin həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının genişləndirilməsi haqqında ayrıca qanun qəbul olunub, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayət qanunvericiliyinə 600-dək dəyişiklik edilib, bir çox əməllər dekriminallaşdırılıb və 2200-ə yaxın məhkum cəzadan azad olunub. Eyni zamanda, məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı daim diqqətdə saxlanılaraq onların sosial adaptasiyası ilə bağlı xüsusi qanun qəbul olunub. Vaxtından əvvəl şərti azadetmə institutu da səmərəli tətbiq olunaraq son iki ildə 3500-dən çox məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın. Dövlət başçısı İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı da hüquqi islahatların davamlılığını, təkmilləşmənin dövlət siyasətinin əsasında dayandığını, ən əsası insan amilinə verilən dəyərin bariz nümunəsi kimi dəyərləndirilmişdir. Bu mühüm addımı şərtləndirən amillər isə insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, idarəçilik sistemində təkmilləşmədir. Məlum olduğu kimi, 2016-cı ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin müəyyən hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, digər qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bu baxımdan hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması və səmərəli idarəetmənin təşkili bir zərurətə çevrildi. Sərəncamın əsas məqsədi məhz cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması idi. Sənəddən irəli gələn vəzifələrin uğurlu icrası qarşıya qoyulan məqsədlərin gerçəkləşməsinə stimuldur. Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin bütün dövrlər üçün aktuallığını saxlaması beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın inkişaf modeli hər zaman nümunəvi model kimi diqqətdədir. Bu ondan irəli gəlir ki, Azərbaycan iqtisadi strategiyasını müəyyənləşdirərkən qabaqcıl ölkələrin təcrübəsini nəzərdən keçirir, geniş təhlillər aparılır, atılacaq addımın perspektivləri açıqlanır.

