Cəmiyyət 

Zəfərə gedən yol  

 

Astara rayon Heydər Əliyev Mərkəzində Burzubənd kənd tam orta məktəbinin birgə təşkilatçılığı sayəsində təşkil olunan sərgi və tarix dərsi Zəfərə gedən yol olan Aprel döyüşləri ilə bağlı olub. Tarix dərsinin başlanğıcında Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni oxundu və “Şanlı qələbənin əsas müjdəçisi” mövzusunda film nümayiş olundu.

 

Muzeyin direktoru Kübra Səmədova “Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərdən altı il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə ordumuzun qəhrəman əsgər, gizir və zabitləri təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər”- deyib dərsdə məruzə üçün sözü Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımovaya verdi. O, dedi:- Aprel döyüşlərində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də bir-neçə yaşayış məntəqəsi yağı düşməndən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Həm də bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə bildirib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

 

Ermənistan bu mesajdan da nəticə çıxarmadı və Aprel döyüşlərdəki məğlubiyyətdən özünə gəlməmiş növbəti təxribata əl atdı. Düşmən bu dəfə qarşısında Dəmir yumruğu gördü. 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki bu “Dəmir yumruq” isə düşmənin illər boyu yaratdığı mifi tamam dağıtdı. Beləliklə, xalqımız öz torpaqlarına sahib olmaqla bütün dünyada tanındı.

 

Astara rayon Burzubənd kənd tam orta məktəbinin tarix müəllimi Z. Ramazanov, təşkilatçi müəllim S. Abbasov, IX sinif şagirdləri Ə. Talıbzadə, Ə. Ağayeva, A. Fətəliyeva mövzu haqqında fikir bildirəndə onlara da 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə gedən yolun Apreldən keçdiyini söylədilər .

 

Sonda müəllim və şagirdlər Vətən müharibəsində haqq savaşımızda hünər göstərib şəhidlik zirvəsinə ucalan astaralı polkovnik-leytenant Nail Orucovun, kiçik çavuş Nurlan Rəhimovun ailəsi tərəfindən və Qazi Abbas İbrahimlinin rayon Heydər Əliyev Mərkəzinə təqdim olunmuş şəxsi əşyalarının sərgisinə baxdılar. Mərkəzin kiçik elmi işçisi Aygün Məmmədova isə sərgi haqqında məktəblilərə məlumat verdi.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

Daha çox xəbərlər