Gündəm 

Bölgədə etimad quruculuğu günümüzün əsas tələbidir

İşğalçı Ermənistana mesaj: Artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır

Günümüzün əsas müzakirə mövzusu bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tərəfi istər 44 günlük Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə qarşı tərəfə təkmil sülh təklifini edib. Müharibənin getdiyi dövrlərdə Ermənistanın razılığa gəlməməsinin sonda hansı dərsi alması ilə nəticələndiyi məlumdur. Tarixi Zəfərimizdən ötən iki ilə yaxındır ki, işğalçı dövlət yenə də tərəddüdləri ilə diqqətdən kənarda qalmır. Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifi beynəlxalq  hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistan hələ də tərəddüdləri ilə diqqətdədir. Baxmayaraq üzdə sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirirlər, reallıqda isə tamamilə fərqli yanaşma müşahidə olunur. Belə ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsini gündəmə gətirməklə bir daha 30 illik dövrə qayıtmaq istəklərini nümayiş etdirirlər. Amma unudurlar ki, bu gün onların qarşısında qalib Azərbaycan dayanıb. Şərtləri diktə edən Ermənistan deyil, Azərbaycandır. ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətsizliyi 44 günlük İkinci Qarabağ müharibəsinə gətirib çıxardı. 30 ildə işğalçını adı ilə çağırmaq istəməyən dünya  gücləri məsələnin sülh yolu ilə həllinə inam yaratmaqla öz maraqlarını həyata keçirmək üçün vaxt qazandılar. Vasitəçilik missiyalarının nədən ibarət olduğunu unudub  neytral mövqe nümayiş etdirmək əvəzinə Ermənistana dəstək missiyasını yerinə yetirən həmsədrlər quruma qarşı etimadsızlıq mühitini yaratdılar.

Eyni ab-hava postmünaqişə dövründə də yaşanır. Azərbaycan  ATƏT-in Minsk qrupundan Zəfərin yaratdığı reallıqların həyata keçirilməsi ilə bağlı konkret təkliflər gözləsə də hələ də bir  xəbər yoxdur. Dünyanın əksər gücləri  regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına, etimad quruculuğu prosesinə dəstək verməyə hazır olduqlarını  bildirirlər.

Tarixi  Zəfərimiz dünyanın xarici siyasətində də yeniliklərə yol açdı. Məlum olduğu kimi, aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə görüşü olacaq. Artıq Ermənistanın dalana dirəndiyi göz önündədir. Ermənistana iki ilə yaxın müddətdə sülh müqaviləsinin imzalanması ilə bağlı şans verilsə də görünür bundan bəhrələnmək fikrində deyil. Amma xatırladaq ki, dövlət başçısı İlham Əliyev belə bir bəyanatı səsləndirmişdir ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Düşünmək olar ki, işğalçı dövlət və ona havadarlıq edən dövlətlər bu bəyanatdan nəticə çıxarmaqla yanaşı, yaradılan imkanlardan düzgün bəhrələnməlidirlər.

Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın iki, eyni zamanda, çoxtərəfli çərçivədə əlaqələrinin  inkişafı göz qabağındadır. Avropa İttifaqının bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün səylərini artırması həqiqətləri qəbul etdiyini  ortaya qoyur. Azərbaycan hələ 30 ilik işğal dövründə bəyan edirdi ki, münaqişənin həllində bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməkdə maraqlıdır. Baxmayaraq ki, dövlətimizin bu mövqeyi işğalçı Ermənistan tərəfindən Azərbaycanın Minsk qrupunun vasitəçiliyindən imtinası kimi dəyərləndirildi.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizi dövlətlər, xalqlar arasında körpü rolunu oynamasını şərtləndirir. Bu baxımdan Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Azərbaycan  1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa qonşuluq siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm,  investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə qurum arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» özündə bütün məqamları ehtiva edir. Belə ki,  münasibətlərin inkişafına baxış fonunda perspektivlər müəyyənləşdirilərək onların icrası istiqamətində addımlar atılır.   Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.  Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına milyardlarla  dollar investisiya yatırılıb. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir.  Azərbaycan  Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, ölkəmiz Aİ ölkələrinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaradıb. Bu gün Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə  geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.  Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır.  Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini  prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək.»

Qeyd etdiyimiz kimi, ölkəmizlə  Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, hazırkı dövrdə  sülh müqaviəsinin imzalanmasında Avropa İttifaqının fəallığının artırılması,  Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, mövqelərini möhkəmləndirir.

Soçi görüşü, onun ardınca İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı və  Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti və   Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşünün təşkili bir daha  qalib Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu. Qeyd edək ki,  ötən il Şarl Mişel iyul ayında ölkəmizə səfəri zamanı qurumun  sülh müqaviləsinə dəstəyi ilə bağlı fikirlər səsləndirərək bunu Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində reallaşdırdı.   Şərq Tərəfdaşlığı  Proqramının VI Sammitində Azərbaycan üçün çox önəmli danışıqlar və müzakirələr aparıldı, nəticələr əldə edildi. Dövlət başçısı İlham Əliyev  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, həmçinin  NATO-nun Baş katibi Yens Stoltenberqla görüşlərdə əsas müzakirə mövzusu postmünaqişə dövrünün reallıqları, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruriliyi məsələsi olmuşdur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın sülh sazişi üzrə danışıqlara hazır olduğunu bildirmişdir. Bu səfər Azərbaycanın Brüssel zəfəri kimi dəyərləndirildi. Görüşlərdə səsləndirilən bəyanatlardan da Avropa İttifaqının və NATO-nun ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel  Ermənistan və Azərbaycan etdiyi çağırışlarda bir daha  münaqişənin  keçmişdə qaldığını və gələcəyə baxmağın vacibliyini təsdiqləyib. O, həmçinin  bəyanatında  10 noyabr 2020-ci il üçtərəfli razılaşmadan, 11 yanvar  2021-ci il Moskva  və 26 noyabr Soçi  görüşlərində imzalanan sənədlərdən  irəli gələn öhdəliklərin yerinə yetirilməsinı çağırış etmişdir və bu da, Azərbaycanın mövqeyinə böyük dəstək kimi dəyərləndirildi.

Ölkə Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, eyni zamanda, işğalçı dövlətə belə bir mesajdır ki, artıq keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildə yaşananlar Azərbaycan üçün faciə idi. Torpaqları işğal olunan, bir milyondan artıq vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycan idi. Ermənistan havadarlarının dəstəyi ilə danışıqlar prosesinə imitasiya naminə qatılaraq əlavə vaxt qazanmış, işğaldan azad edilmiş torpaqlarımızı sanki geri qaytarmayacaqları kimi  sərsəm fikri özlərində reallıq kimi qəbul etmişdilər. Onların bu ərazilərdə  qurduqları istehkamlar, Ermənistan silahlı qüvvələrinin  ən yüksək texnika ilə silahlanması və sair kimi  məqamlar da bunu təsdiq edirdi. Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu bu istehkamları yardı, Ermənistan silahlı qüvvələrini diz çökdürdü, iti qovan kimi torpaqlarımızdan qovdu. Artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu reallıqları diktə edən qalib Azərbaycandır.

Bu günədək  keçirilən  görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Bütün bunlar onu deməyə əsas verir ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Artıq dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar  Zəfərimizin yaratdığı reallıqları qəbul etməklə yanaşı, onların gerçəkliyə çevrilməsinə dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən  gündəliyimizdə duran mühüm məsələlərin müzakirəsi üçün yaxşı  fürsət olduğunu bildirib: «Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq… artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib. Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır.»

Daha çox xəbərlər