Cəbhədən Xəbər 

Ermənistanın mina terroru

ANAMA xəbərdarlıq edir: Mina gizli düşməndir. Təhlükəli ərazilərə daxil olmayın!

Ermənistanın mina xəritələrini ölkəmizə təhvil verməsi beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından  olduqca vacibdir

Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur.  Bu baxımdan işğaldan azad olunan torpaqlarımızda tikinti-quruculuq işləri ilə yanaşı, ərazilərin minalardan təmizlənmə prosesi davam etdirilir.

İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Həmçinin peyklərdən istifadə edilməsi burada həlledici məqamlardan biridir. Bildiyiniz kimi, peyk görüntüləri ölkəmizə əlavə imkanlar yaradır ki, biz bu imkanların müharibə vaxtı da şahidi olmuşuq. Belə ki, peyk görüntüləri ermənilər tərəfindən ərazilərimizə dəyən zərərin müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir. Habelə, minaların sıx olduğu sahələri də peyk vasitəsilə aşkar etmək mümkündür. Minatəmizləmə əməliyyatları üçün ölkəmizə xüsusi texnika da gətirilir. Bunlar arasında Türkiyənin “MEMATT” ( mexaniki minatəmizləmə təchizatı) zirehli minatəmizləmə aparatı proses zamanı insan tələfatını minimuma endirmək üçün ideal qurğulardan hesab edilir. Türkiyə Azərbaycan üçün peşəkar heyətlərin hazırlanması ilə yanaşı, özünün mina təmizləmə qruplarını, həm də öz avadanlıqları ilə işğaldan azad edilmiş ərazilərə göndərib. Azərbaycanın digər tərəfdaşı Pakistan da minaların təmizlənməsində köməyini təklif edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində mart ayı ərzində 203 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 14600 hektaradək ərazi minalardan təmizlənib. Ümumilikdə 6000 ədəddən artıq piyada əleyhinə, 2100 ədəddən artıq tank əleyhinə və 9300 ədəddən artıq partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Qeyd edək ki, aprelin 1-də Bakıda Azərbaycan Respubli­kası Hökuməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib.

Konfransda məlumat verilib ki, 2020-ci il noyabrın 10-dan bu günədək 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 10 mini tank əleyhinə mina, 19 mini piyada əleyhinə mina, 26 mini isə partlamamış hərbi sursatlar olub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox şəxs minaya düşərək həlak olub. Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etsə də, bunun dəqiqliyi 25 faiz təşkil edir.

Ermənistan Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Qarabağ ərazisini böyük mina sahəsinə çevirib. Maraqlıdır ki, işğalçı tərəf Qarabağı tarixi ərazisi hesab edib, ona iddialar irəli sürmüş, digər tərəfdən işğal dövründə bu ərazilərdə quruculuq işləri görməmiş, hətta iddia etdikləri torpaqları minalarla “zəhərləyib”. Ermənistan otuz il işğal altında saxladığı ərazilərdə çoxlu mina basdırıb və onların xəritəsini gizlədir. Minatəmizləmə ilə əlaqədar xarici ölkələrin təcrübələrinə baxsaq görərik ki, bu iş uzunmüddətlidir və Azərbaycan dövləti prosesin maksimum sürətlə və keyfiyyətlə aparılması üçün bütün imkanları səfərbər edir. İkinci Qarabağ savaşından sonra Qarabağdakı minaların xəritələri ilə bağlı rəsmi İrəvanın mövqeyi bir neçə dəfə dəyişib: əvvəlcə, bu cür xəritələrin olduğunu inkar etmiş Ermənistan hökuməti daha sonra bəzi rayonlara aid mina xəritələrini “üzə çıxartmışdı”. Lakin Azərbaycana təqdim olunmuş müvafiq xəritələrin dəqiqliyi özü də suallar doğurur. Görünən budur ki, Qarabağın təkcə siyasi və hərbi işğaldan deyil, həm də mina işğalından azad olunmasına mane olmağa çalışan qüvvələr var.

Azərbaycanla Ermənistan arasında müharibə qurtardıqdan sonra, yəni 2020-ci ilin noyabrında imzalanan kapitulyasiya aktının şərtlərinə görə, Ermənistan dərhal mina xəritələrini təqdim etməli idi. Ümumiyyətlə, beynəlxalq konvensiyalar və beynəlxalq hüququn tələbləri bunu zəruri edir. Çox təəssüf ki, Ermənistan bu xəritələrin verilməsini də Azərbaycana qarşı bir şantaj alətinə çevirdi. Ağdamın və Füzulinin verilən mina xəritələri reallığı əks etdirmədi. Yəni, bütövlükdə, bu xəritələrdə, demək olar ki, heç bir koordinat doğru deyil. Azərbaycanda bu gün elə ərazilər var ki, 1 kvadratmetrdə piyada əleyhinə 10 mina basdırılıb və bunlar birbaşa Ermənistanda istehsal olunan minalardır.

Bu ərazilərdə minalanmış sahələrin olması, sadəcə, Azərbaycan vətəndaşları üçün deyil, eyni zaman­da, bölgədə xidmət edən sülhməramlı qüvvələrə də təhlükədir. Əgər söhbət kommunikasiyaların açılmasından gedirsə, minalar gələcəkdə müəyyən ölçüdə Ermənistan vətəndaşları üçün də real təhdidə çevrilir.

Əslində, bu məsələyə beynəlxalq ictimaiyyət, ümumdünya təşkilatları, mina təhlükəsizliyi ilə mübarizə aparan insanlar biganə qalmamalı, regiona diqqət ayır­malıdırlar. Azərbaycanın bu gün işğaldan azad edilən torpaqlara geri qayıtmaları prosesində ən vacib məsələlərdən biri infrastruktur layihələrinin həyata keçirilməsi– yaşayış məntəqələrinin salınması, yolların, su xətlərinin çəkilməsidir. Bu həm də bölgədə iqtisadiyyatın, turizmin inkişafına təkan verən amillərdir.

Azərbaycan bu gün öz daxili imkanlarına sığınıb problemlərini həll etməyə çalışır, amma heç kəs unutmalı deyil ki, bu, təkcə Azərbaycanın problemi deyil, bu həm də  ümumbəşəri qorxunc reallıqdır və problemin həllinə hər kəsin qatılması vacibdir.

Xatırladaq ki, azad edilmiş torpaqları minalardan təmizləmək də olduqca bö­yük zəhmət tələb edən işdir. Çünki bu işlər həyati önəm daşıyır və təhlükəsizlik tam təmin edilmədən bu torpaqlarda təhlükəsiz həyat da bərpa edilə bilməz. Bu baxımdan da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edir ki, mina gizli düşməndir. Təhlükəli ərazilərə daxil olmayın! Minalanmış ərazilər ölüm tələsidir.

Daha çox xəbərlər