Cəmiyyət 

Həkim-fizioterapevt: Fiziki passivlik bəzi vaxtlarda dərmandan daha güclü təsir göstərir

Yaşadığımız XXI əsrdə dünya əhalisinin əksəriyyəti vaxtının çox böyük hissəsini uzun müddət kompüter arxasında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Müasir texnologiyalar və ofis iş şəraiti müasirlərimizi hipodinamik həyat tərzinə meyilləndirir. Bəzi hesablamalara görə, günün təxminən 9 saatı oturaq vəziyyətdə keçir. Oturaq rejiminin onurğa sütununun sağlamlığına, əzələ skelet strukturlarına və digər sistemlərə mənfi təsiri haqqında sübut olunmuş araşdırmalar var. Təbii ki, belə həyat tərzi bir sıra xəstəliklərin yaranması üçün münbit şərait yaradır.

ARANTV.AZ xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova deyib: “Fiziki passivlik müasir dövrdə səhiyyənin ən böyük problemləri sırasındadır, ürək-damar, diabet və xərçəng xəstəliklərinin gedişatını ağırlaşdırır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya ümumi ölüm risk faktorları arasında dördüncü yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, 15 yaşından yuxarı dünya əhalisinin 31,1 faizi fiziki passivdir. 13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil – yeniyetmələrin 80 faizi gündəlik minimal 60 dəqiqəlik aktiv həyat keçirmək rejiminə riayət etmirlər. Fiziki passivlik barədə danışanda oturaq rejimi də xüsusi vurğulamaq lazımdır. Qeyd etmək lazımdır ki, fiziki aktivlik dedikdə həftənin beş günü ərzində gündə ən azı 30 dəqiqə orta intensivlikdə idman hərəkətlərinin edilməsi nəzərdə tutulur. Uşaqlar və yeniyetmələr üçün gündə 1 saat hərəkət etmək məsləhət görülür”.

Fiziki aktivliyin sağlamlıq üçün müsbət əhəmiyyəti barədə danışan həkim-fizioterapevt deyib: “Fiziki aktivlik çəki nəzarəti, sümüklərin və əzələlərin möhkəm olması üçün çox vacibdir. Tədqiqatlara əsasən, bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi vaxtlar isə daha güclü təsir göstərir. Aktivlik orqanizmdə qlükozanı və insulin balansını tənzimləyir, ürəyin koronar damarlarında qan axarını artırır, trombların yaranması riskini azaldır, qan təzyiqini tənzimləyir, depressiya, stres və gərginliyi azaldır və ümumi əhvalı yaxşılaşdırır”.

Müsahibimiz son illərdə yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlərin də fiziki passivliyə səbəb olduğunu qeyd edib. Lakin bir halda ki, həmin məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılıb, mümkün qədər fəal və dinamik həyat yaşamağa çalışmaq lazımdır.

Daha çox xəbərlər