Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar
Hansı sahəni təmsil etməsindən asılı olmayaraq, bir Azərbaycan vətəndaşının qazandığı uğur, əldə etdiyi nəaliyyət bütöv xalqın uğuru sayılır, onun sevinci hər birimizi sevindirir. Elə son günlər, ardıcıl olaraq idman sahəsində əldə etdiyimiz nəaliyyətlər kimi
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Bir neçə gün əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz böyük qələbə ilə Vətənə qayıtmışlar. Belə ki, 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. İdman sahəsində əldə edilmiş nailiyyətləri hər zaman yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev Aprelin 8-də Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Cənab Prezident çıxışında bu tarixi uğuru yüksək qiymətləndirərək bildirmişdir: “Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”.
Əgər idmançılarımızın güc mənbəyindən biri müharibədə ləyaqətli qələbəmizdirsə digər əsas faktorlardan biri də Cənab Prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğı, onlarla mütəmadi görüşlər keçirməsidir ki, nəticə etibarı ilə, bu onları gələcək yarışlara daha da həvəsləndirir.
Biz əminik ki, bu gün medalları ilə birinciliyə imza atan idmançılarımız 5-6 noyabr tarixində Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunda və 2 il sonra Parisdə keçirilməsi nəzərdə tutulan Yay Olimpiya Oyunlarında, eləcə də digər mötəbər yarışlarda eyni güc və əzmlə yarışaraq rekordlarını yeniləyəcəklər.

