“Azərbaycan Prezidentinin sülh sazişinin bağlanması üçün irəli sürdüyü təkliflər hər iki xalqın istəklərini əks etdirir”
“Postmünaqişə dövründə dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər… Eyni zamanda Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir”.
Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Prezident İlham Əliyev son aylarda Ermənistanla aparılan danışıqları, sülh sazişinin bağlanması ilə bağlı məsələləri, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən üçtərəfli görüşləri dəyərləndirərək bir daha reallığı, əsl həqiqəti bəyan etdi.
Prezident birmənalı olaraq ictimaiyyətin diqqətinə çatdırdı ki, məğlub ölkə qalib Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur. Çünki Ermənistanın düşdüyü acınacaqlı durumdan, daxili xaosdan qurtuluş yolu yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir.
Müşavirədə bir daha sülh danışıqlarına, üçtərəfli görüşlərə toxunaraq həqiqətləri açıqlayan Prezident dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, indi əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və bu sahədə öz töhfəsini verə bilən istənilən təşkilat qəbulediləndir. Bu baxımdan Avropa İttifaqının sərgilədiyi mövqe təqdir edilməlidir. Çünki müharibədən sonra bu təşkilatla münasibətlər, təmaslar daha intensiv xarakter alıb. Prezidentin söylədiyi kimi, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib.
İndi Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər müzakirə edilib. Müzakirələr, əsasən, Azərbaycan Prezidentinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifləri əsasında aparılır. Prezident bu məsələyə konkret toxunaraq bir daha təsdiqlədi ki, Ermənistan qalib ölkə ilə hesablaşır: “Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da, yəni aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir”.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında keçirilən üçtərəfli görüşü dəyərləndirən Prezident vurğuladı ki, aparılan danışıqlarla bağlı yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz edib və hazırda münaqişə olmadığı üçün dialoqlarda “münaqişə” sözü də mövcud deyil.
Görüşdə, tərəflər həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qruplarının yaradılması barədə razılığa gəliblər. Prezident isə bu qruplara ciddi tapşırıq və tövsiyələrini verdi: “Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”.
Nicat Şirinov:

