Daha sağlam cəmiyyət naminə…
Müəllimlərimiz hələ ilk auditoriyaya qədəm basdığımız gün biz-tələbələrə “hər gün müşahidə etdiklərinizi qeydə alın” – deyə tapşırıq vermişdi. Bu tapşırığı həyatımızın gündəlik rutininə çevirmişdik. Gündəlik müşahidə etdiklərimizi dərs zamanı ya yazılı, ya da şifahi şəkildə müəllimlərimizə çatdırmaq bir növ vacib məsuliyyətlərimiz sırasına daxil olmuşdu. Jurnalistika müşahidə qabiliyyətindən doğur- fikrini əlimizdə rəhbər tutmuşduq.
Bəli, mən də Azərbaycanın digər bölgələrindən gələn tələbələr kimi Naxçıvana ayaq basdığım ilk gündən buranın saf təmiz havasına, küçələrinin təmizliyinə heyran qalmışdım. Hər tərəf gül-çiçəkdən sanki bəzəkli don geymişdi. Hər zaman müqayisə edirdim yaşadığım regionla. Əlbəttə ki, bu müqayisələr Naxçıvan üçün yersiz idi. Çünki hələ biz şirin yuxuda ikən şəhərin təmizliyinin qeydinə qalan xüsusi işçilər öz məsuliyyətini aydınca dərk edir və biz sağlam olaq deyə səliqə-sahmana ciddi fikir verirdilər.
Biz muxtar respublikanın təmiz şəhər olmasının nəticəsini hələ pandemiyanın ən qızğın vaxtlarında belə hiss etdik. Çünki bütün regionlar bu xəstəliklə mübarizə apardığı bir dövrdə belə Naxçıvanda bu xəstəlik çox cüzi statistika ilə qeydə alınırdı.
Gələk, müşahidələrimdən doğan və məni narahat edən məqama. Lakin yaşadıqca bu gözəllikləri sanki görməyənlər və yaxud qiymətləndirmək istəməyənləri də müşahidə etdikcə təəssüflənirdim. Gəlin, görək bu qədər zəhmət və əziyyətlə qurulan bu gözəlliklər, təmiz şəhər imicini qoruyub saxlaya bilirikmi? Mən də bir vətəndaş kimi bu mövzuya xüsusi həssaslıq göstərirəm. Bəzi üzdəniraq insanların təbiəti çirkləndirməyinə, ətrafı zibilliyə qərq etməyinə az qala təəccüb edirəm. İnsan nə üçün bu qurub-yaradılanlara biganə qala bilər. Axı, bütün bunlar bizim üçündür. İnsanların tullantıları bəzən zibil qabına deyil, ağac dibinə atmalarını başa düşməkdə çətinlik çəkirəm. Bu yaradılanları qorumaq və mühafizə etmək borcumuzdur. Çünki əziyyət hesabına qurulanlara sahib çıxmaq lazımdır.
Hələ ağacların altını özünə zibil qabı edən insanları başa düşə bilmirəm. Oksigen mənbəyi ağaclar bizə həyat bəxş edərkən, onlara bəslədiyimiz laqeydliyə nə ad vermək olar? Əslində, biz təbitəti, canlı hesab olunan ağacları qorumalıyıq. Həmişəyaşıl şam ağacları Naxçıvanın sərt kontinental iqliminə tab gətirsə də, insanların laqeydliyinə dözə bilmir.
Belə insanlar azyaşlılara da pis örnək olur. Uşaq gördüyünü götürər. Təssüf ki, belə insanlar uşaqlara, gələcək nəslin nümayəndələrinə də mənfi nümunə olurlar.
Üzümü ən çox da gənclərə tutub deyirəm. Əziz gənclər, biz balacalara nümunə olmalıyıq.
Təkcə yolu, ağacları çirkləndirməklə qalmayıb, təhsil ocağını da çirkləndirən tələbələrin sayı az deyil. Dərs keçdiyimiz auditoriyada belə, ziyalı yolunda addımlayan tələbələr çox təssüf ki, bu zərərli axına qoşulurlar. Bu düşüncəyə sahib insanları “ziyalı” adlandırmaq olmaz. Məncə, tullantıları zibil qabına deyil də, rahatca asfalta, ağac dibinə atan şəxslər cərimələnsin.
Naxçıvan Dövlət Universitetində 1500 əcnəbi tələbə təhsil alır. Mənim tanıdığım türk, iranlı tələbələr də var. Onlar da Naxçıvanın təmizliyindən, səliqəliliyindən hər zaman ağızdolusu danışırlar. Təbii ki, cəmiyyətə mənfi örnək olan şəxslər onların da diqqətindən yayınmır. Biz gərək bu gözəlliklərdən ilham alıb Naxçıvanımızı sevən əcnəbilərə də layiqli nümunə olaq! Çünki biz etməsək bunu bizim əvəzimizə başqaları etməyəcək. Biz öz Vətənimizi qorumasaq, təmiz saxlamasaq başqa ölkədən gələn vətəndaş bizim Vətən üçün nə edəcək? Bizdən gördüklərinimi? O zaman halımız yamandır…
Belə mənfi cəhətləri qələmə almaq səbəbim də budur ki, bəlkə bizi narahat edən məsələləri görüb dərs götürərlər. Ancaq birgə əl-ələ verərək bütün problemləri, məsələləri həll edə bilərik. Daha sağlam cəmiyyət naminə birləşək!!!
Püstə Əhmədova,
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

