Çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır, iştah gətirir, həzmi yaxşılaşdırır
Çiyələk vitamin və minerallarla zəngin olmaqla yanaşı, kalsium və kalium tərkiblidir. Meyvə mövsümünün bu bitki ilə açılması, meyvələrinin vegetasiya dövründə erkən yetişməsi, zəngin kimyəvi tərkibi və böyük pəhrizlik xüsusiyyəti bu bitkiyə geniş şöhrət qazandırıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında yaz aylarında yetişən çiyələyin faydalarından danışan Aqrar Universitetin Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov deyib.
O bildirib ki, çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır, yanğını söndürür, iştah gətirir, həzmi yaxşılaşdırır. Bundan başqa, böyrəklərin və tənəffüs yollarının fəaliyyətini də gücləndirir.
“Müalicə məqsədilə daha çox meşə çiyələyi istifadə olunur. Bu bitkinin bütün hissələri müalicəvi əhəmiyyət kəsb edir. Qan xərçəngi zamanı çiyələkdən dəmlənmiş çay çox faydalıdır. Bütöv bitki çiçəkləmə zamanı yığılır və qurudulduqdan sonra xırda doğranaraq termosda üzərinə 0,5 litr qaynar su tökülür. 2-3 saat müddətində dəmləndikdən sonra gündə 3 dəfə yarım stəkan içilir”, – deyə mütəxəssis vurğulayıb.
Hüseyn İdrisov çiyələk bitkisinin əsas tibbi müalicəyə əlavə kimi çox effektiv olduğunu deyib: “Damağın soyuqlaması və tonzilit zamanı çiyələyin quru yarpaqları suda qaynadılır, alınan məhlulla ağız boşluğunu və boğazı qarqara etmək xeyirlidir. Yarpaq dəmləməsi və avitaminoz zamanı, böyrəyin, qaraciyərin müalicəsində və soyuqlama zamanı faydalıdır. Həmçinin sidikqovucu xüsusiyyətə malikdir, qan təzyiqini aşağı salır, damarları genişləndirir, ürək əzələlərinin ritmini normallaşdırır. Kök dəmləməsi və həlimi mədə pozuntuları, böyrəyin və dalağın soyuqlaması, sidikdaşı xəstəliyi, daxili qanaxmalar və dəri səpişikləri zaman işlədilir”.

