Cəmiyyət 

“Uzun illərdir belə bayram keçirməmişdim…” – Foto

Qardaş Türkiyə və Cənubi Azərbaycanımızdan olan dəyərli dostlarla, tanınmış yazar və jurnalist Məryəm Aybikə Sinan, təşkilat rəhbəri, Azərbaycan sevdalı Fatma Sönməz və Qarabağ həqiqətlərini dünyada təbliğ edən Norveçdə yaşayan həmyerlimiz Şervin Nəcəfpurla Cocuq Mərcanlıdayıq, Cəbrayılda. Dövlət Televiziyası müvafiq qurumlarla birlikdə Novruz bayramını məhz Cocuq Mərcanlıda təşkil etdi və canlı yayımladı. Bu, dosta da, düşmənə də önəmli mesaj idi. Dünyanın hər yerində yaşayan azərbaycanlılar da bu canlı yayımla Novruzu Cocuq Mərcanlıda qarşıladılar.

ARANTV.AZ xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva yazıb. O qeyd edib ki, dayanmadan yağan yağışa baxmayaraq, sadəcə, Cocuq Mərcanlıda 26 ildən sonra öz evində bayramı qeyd edən kənd sakinləri deyil, Cəbrayılın müxtəlif kəndlərindən köçkün düşmüş bir çox insanlar, ölkəmizin fərqli bölgələrindən gəlmiş sadə insanlarımız, ziyalılarımız, sənət adamlarımız bayramı Cocuq Mərcanlıda birgə qarşıladı, yağış bir neçə saat dayanmasa da, heç bir yerə getmədilər, bayramı sevinclə, birlikdə qeyd etdik:

“Aprel zəfərindən bir neçə gün öncə Novruz bayramında bu kəndin çıxacağında yaşayan Oqtay bəyin ailəsini qardaş Türkiyədən gəlmiş ziyalılarla, jurnalistlərlə ziyarət edəndə bizə tonqal yandırmışdı. Amma bayram sevincimiz yox idi. Çünki işğalçı Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlıya baxanda ürəyimiz göynəyirdi və o zaman “inşallah bu bayram tonqalını Cocuq Mərcanlının bütün sakinləri ilə birlikdə yenidən abadlaşacaq bu kəndimizdə və bütün işğaldan azad edəcəyimiz torpaqlarımızda yandıraq və bayramı qeyd edək” demişdik. Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız Aprel zəfəri, yəni Lələtəpə də daxil olmaqla, torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsindən sonra qısa zamanda Cocuq Mərcanlı yenidən daha da gözəl şəkildə yenidən quruldu və bu kənddən olan köçkünlərimiz öz evlərinə qayıda bildi. Ali Baş Komadanımıza, qəhrəman şəhidlərimizə və qazilərimizə təşəkkürlər!”

Q.Paşayeva vurğulayıb ki, uzun illərdir belə bayram yaşamayıb:

“Çox duyğulu anlar yaşadım. Qəhrəman şəhidlərimiz nur içində yatsın. İnşallah, inanıram ki, o gün uzaqda deyil. Dünən Cocuq Mərcanlıda bayram tonqalı ətrafında dediyimiz kimi, gələn Novruzu Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda qeyd edəcəyik. Buna inanırıq və bunun üçün hamımız birlik olub, daha çox çalışmalıyıq”.

Millət vəkili sonda Novruz bayramını məhz Cocuq Mərcanlıdan canlı yayımla qeyd etmək təşəbbüsü və yüksək səviyyədə təşkilatçılıq üçün AzTV-yə təşəkkür edib.

Daha çox xəbərlər