Tolerantlıq və multikultural dəyərlərin aliliyi Azərbaycan xalqının mədəniyyətinin göstəricisidir
Müsahibimiz Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevdir
– Milix müəllim, Şuşada Dünya Azərbaycanılılarının V Qurultayı keçirildi. Bu Qurultay tarixə Zəfər Qurultayı kimi daxil oldu. İstərdik ki, bu Zəfər Qurultayını dəyərləndirəsiniz…
– Deyirlər ki, hərdən yuxu kimi gördüyün dünya yuxuna girəndə həqiqət olur. Qarabağ azad olunana qədər nisgil kimi bütün xalqımızın ürəyində idi. Bu məsələnin həlli möhtərəm Prezidentimizin, həm də onun ətrafında olan Azərbaycan xalqının və ordumuzun qarşısında həlliçətin məsələ kimi dayanırdı. Ulu Öndər bir dəfə çıxışlarının birində qeyd etdi ki, “Azadlıq elə bir nemətdir ki, dünyanın qalan nemətləri onun yanında su qiymətinədir.” Məhz Azərbaycan xalqının azadlıq sevgisi işğal olunmuş torpaqlarımızın geri qaytarılmasında əsas meyar oldu. Hələ 2020-ci ilin sentyabrın 30-da, müharibə davam edərkən mənə telekanalların birindən cəbhə bölgəsinə getməyi və orada müsahibə almağı təklif etdilər. Böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Ağdam yolunda bombaların partladığının, müharibənin gedişatının canlı şahidi olduq. Bizi təhlükəsizlik üçün Horadizdə saxladılar. Mən o zaman gördüm ki, Azərbaycanın 100-200 minlik ordusu yox, 10 milyonluq ordusu var. Elə o vaxt məlum oldu ki, rəşadətli Ordumuz, Müzəffər Ali Baş Komandan və Azərbaycan xalqı əsl dəmir yumruğa çevrilib. Onda əmin oldum ki, Vətən qayıdır. Mən Sovetlər vaxtı da Şuşada çox olmuşam. Qələbəmizdən sonra da iki dəfə Şuşaya səfər etmişəm. Şuşaya gedən yollara, tunellərə, ümumiyyətlə, Qarabağda aparılan yenidənqurma işlərinə baxanda insanın könlündən rahat bir şəkildə bu sözlər keçir ki, Azərbaycan azaddır. Bu azadlıq ele-belə başa gəlməyib. Ulu Öndər deyirdi ki, azadlıq ağacı şəhidlərin qanı ilə sulanır. Məhz şəhidlərimizin qanı, qazilərimizin canı bahasına biz böyük Qələbəni yaşadıq. Düşmənlərimiz mənfurdurlar. Kömürə bənzədirəm mən onları. Kömür isti olanda yandırır, soyuq olanda isə hara düşür qaraldır. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin böyük mənəvi dəyəri var idi. Şuşa namus, qeyrət qalasıdır. Şuşa elə bir məkandır ki, Azərbaycan tarixi, mədəbiyyəti, musiqisi, poeziyası burada mükəmməl şəkildə formalaşıb. Bu mükəmməl şəhərin Dünya Azərbaycanlılarının V Qurultayına ev sahibliyi etməsi bu baxımdan da olduqca əhəmiyyətli idi. 50 milyonluq azərbaycanlını diasporda birləşdirmək asan məsələ deyil.
– Qeyd etdiniz ki, Şuşada həm Sovetlər dönəmində, həm də azad edildikdən sonra olmusunuz. Şuşanın əvvəlki və indiki halını müqayisə etdinizmi?
– Biz dini xadimləri ilk dəfə Şuşaya gedərkən birinci məscidlərə baxdıq. Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərinin heç olmasa divarları yerində idi, ancaq Ağdamadakı mənzərə dəhşətli idi. Azadlığın sərin küləyini hiss etdim Şuşada. Sovetlər dönəmində Qarabağ laboratoriya idi sanki. Nə yeni qanun çıxırdı orada tətbiq olunurdu. Amma indi isə Şuşa həmin Şuşa deyil. Dahi Üzeyirin, Bülbülün heykəlləri yerindədir, Natəvanın nəfəsi gəlir indi Şuşadan. Ona görə də Şuşa qısa bir zamanda dünyada insanların qəlbini isidən, gözoxşayan şəhərə çevriləcəkdir. Mən orada belə bir təkliflə çıxış etdim ki, Şuşadakı küçələrin birinə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı verilsin. O, özü də I Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidlik özü həyatın davamıdır. Əgər həyatın davamıdırsa qoy o, elə həyatını Şuşada davam etsin. 2018-2019-cu illərdə 40-50 min yəhudinin Azərbaycana gəlişini gördük. Təklif etdim ki, Şuşada da bir sinaqoq tikək. Yollar açıldıqdan sonra oraya minlərlə tursitin gələcəyinə inanıram. Bütün bunlar bir daha Azərabaycandakı tolerantlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Bu yaxınlarda A. Aqarunovun doğum gününü qeyd etdik. Tədbirimiz möhtəşəm alındı. Bunun üçün bizə hərtərəfli şərait yaradılmışdı. Belə bir hadisə ancaq Azərabycanda baş verə bilərdi. Çünki burada olan müxtəlif dini dəyərlərə yüksək hörmət, multikulturalizm, dözümlülük başqa bir ölkədə inanmıram ki, bu dərəcədə yüksək səviyyədə ola bilər. Tolerantlıq, multikulturalizm yeni ifadə olsalar da, əməlləri Azərbaycan xalqının qəlbində əsrlərdir ki, yaşayır. Ulu Öndər detirdi ki, tolernatlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Azərbaycan xalqının mədəniyyəti bizə imkan verir ki, biz yəhudilər də, 40-a yaxın digər azsaylı xalqlar da bu ölkədə özümüzü tamhüquqlu vətəndaş kimi hiss edək və öz inanclarımıza sərbəst şəkildə ibadət edək. Bir süfrənin başında nemətimiz bərabər, hüququmuz bərabər, hörmətimiz bərabər. Hər məclisdə sözümüz, söhbətmiz bərabər. Ana yurda borcumuz,xidmətimiz bərabər. Bərabərlik olan yerdə qardaşlıq var,sülh, əmin-amanlıq, xoşbəxtlik var, şad günlərə sevinmək,bəd günlərdə bir-birinə dayaq olmaq var.
– Milix müəllim, Şuşadakı Zəfər Qurultayında ölkə başçısının çıxışında mühüm məqamlar yer aldı. Prezident İlham Əliyevin nitqində sizin diqqətinizi hansı məqamlar daha çox çəkdi?
– Diqqətimi ən çox çəkən Azərbaycanda hökm sürən və dünyada analoqu olmayan multikultural dəyərlər oldu. Möhtərəm Prezidentimiz keçən həftə bütün dini icmalara maddi yardım göstərdi. Bu, heç bir yerdə yoxdur. Mən bir dəfə İsraildə olanda çıxışlarımın birində qeyd etdim ki, bizdə- Azərbaycanda dövlət başçısı gözəl bir sinaqoq bizə hədiyyə edib. Həmin sinaqoqun fəaliyyəti üçün ildə bir dəfə bizə maddi yardım da göstərilir. Bu, elə bir maddi yardımdır ki, il ərzində icmanın həyat fəaliyyətini yüksək səviyyədə saxlamaq mümkündür. Çıxışımdan sonra İsrailin indiki Prezidenti, o zaman Knessetin (parlament) sədri Reuven Rivlin mənə yaxınlaşdı və gülərək dedi ki, siz bunu bizimkilərin yanında deməyin: “Bizdə belə bir şey yoxdur.” Mən bir daha anladım ki, Azərbaycanda olan tolerantlığın, multikulturalizmin analoqu yoxdur dünyada. Xalqın 96 faizi İslama qulluq edir, ancaq yəhudilərə də sinaqoq tikilib hədiyyə edilir. Bu, çox böyük mədəniyyət göstərcisidir. Mən möhtərəm Prezidentimizlə görüşlərin birində qeyd etdim ki, bütün icmaların dini mədəni mərkəzləri var, amma bizimki yoxdur. Dərhal Ölkə Başçısı lazımi tədbirlərin görülməsi üçün işlərin başlanmasına göstəriş verdi. Elə sinaqoqun yanında torpaq sahəsi verildi. İndi siz təsəvvür edin ki, Azərbaycanda Yəhudi Dini Mədəni mərkəzi də bu yaxınlarda fəaliyyətə başlayacaq. Bu, bir daha sübut edir ki, Azərbaycanda bütün azsaylı xalqlara eyni dərəcədə, eyni diqqət yetirilir. Bunu xüsusi vurğulamaq istərdim ki, biz uzun illərdir Azərbaycanda yaşamağımızla nə milli-mənəvi dəyərlərimizi, nə də əsrlərlə qoruduğumuz adət-ənənələrimizi itirmişik, əksinə, onları daha da yüksək səviyyədə qoruyub saxlamağı bacarmışıq. Budur Azərbaycan!

