Ermənistan məhvə məhkumdur
Bu gün Cənubi Qafqazda günün prioritet siyasi mövzusu Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə hazırlıq prosesidir. Qeyd edək ki, bu ilin aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüvə iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşiyanla üçtərəfli görüş keçirildi. Həmin görüşün nəticəsi olaraq iki ölkənin münasibətlərində müsbət irəliləyişlər nəzərə çarpdı. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı ümidverici bəyanatı da göstərdi ki, beynəlxalq təşkilatlar da regionda sülhün daha tez bir zamanda bərqərar olunmasının tərəfdarıdırlar. Ermənistanın baş naziri Nikol Paşinyan isə açıq şəkildə bəyan etdi ki, Azərbaycan Prezidentinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifini qəbul etməyə hazırdırlar. Yəni, rəsmi İrəvan danışıqların Azərbaycanın maraqlarına uyğun formatda aparılmasının lehinədir. Bu səbəbdən də Brüssel görüşündə sülh sazişinin imzalanması prosesinə hazırlıq üçün iki ölkənin xarici işlər nazirliklərinə bu istiqamətdə işçi qruplarının yaradılması həvalə edildi.
Aprelin 25-də isə Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edərkən bildirdi ki, sülh müqaviləsinin hazırlanması istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyənləşib və Azərbaycan danışıqlara tam hazırdır. Lakin təəssüflə qeyd etməliyik ki, məhz belə bir vaxtda, yəni, sülh sazişinin imzalanması istiqamətindəki proseslərin müsbət məcrada davam etdiyi zamanda Ermənistan tərəfindən sərhəddə yenə təxribat törədilir. Belə ki, aprelin 23-də dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu dövlət sərhədini keçməyə cəhd göstərib. Dövlət Sərhəd Xidməti tərəfindən təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməsinin qarşısı alınıb və qrupun üzvü, hərbi qulluqçu Eduard Martirosyan saxlanılıb. Bu isə bir daha sübut edir ki, məğlub ölkə yaradılacaq komissiyalara və digər müvafiq işlərin aparılmasına qarşı çıxır. Necə ola bilər ki, bir ölkənin rəhbərliyi sülh sazişinin imzalanmasına razılıq verir, digər tərəfdən bunu əngəlləyəcək çirkin oyunlar oynayır? Bütün bunlar təbii ki, Ermənistanın özünü daha da çətin duruma salır. Çünki Azərbaycan qalib ölkə kimi işğaldan azad edilən torpaqlarımızda həm yenidənqurma işləri aparır, həm də yeni kommunikasiyaların yaradılması istiqamətində mühüm layihələr reallaşdırır. Xüsusən 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq öhdəliyini yerinə yetirir. Ermənistan isə hələ də bu sənəddə göstərilən öhdəliyi ilə bağlı ciddi addım atmayıb. Bu isə Nikol Paşinyanın siyasi iradəsizliyindən və revanşist qüvvələrdən qorxmasından qaynaqlanır.
Bu həftə Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuku qəbul edən Prezident İlham Əliyev bu məsələyə bir daha toxunaraq vurğuladı ki, Azərbaycan nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirməkdədir. Belə ki, dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsi tikilib və gələn il işlər tamamlanacaq. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər tam qrafikə uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb.
Bu gün Prezident İlham Əliyev konkret mövqe nümayiş etdirərək sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir. Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında bir daha mövqeyini dünyaya bəyan edən qalib Ali Baş Komandan dedi ki, hazırda iki ölkənin xarici işlər nazirləri işçi qrupları formalaşdırır və yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır. Vaxtın uzadılmasına tərəfdar olmayan Prezident xatırlatma edərək məhz məlum 5 prinsip əsasında sülh müqaviləsinin imzalanacağını diqqətə çatdırdı və Ermənistana mesaj ünvanladı: «Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq».

